Polis etirazçılara zor işlətdi; onlarla insan həbs olundu; alman jurnalist sillələndi; saxlanılanlar Qobustana aparıldı
Ictimai Palata (IP) vicdan məhbuslarına azadlıq, sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı ötən gün şəhərin ayrı-ayrı ünvanlarında izdihamlı etiraz aksiyası keçirdi.
Iki istiqamətdən yürüş…
IP-in aparıcı qüvvələri olan AXCP və Müsavat partiyalarının fəalları iki ünvandan etiraza başlamalı idilər. Plana görə, AXCP “Xaqani” Ticarət Mərkəzinin qarşısından, Müsavat isə metronun “Içərişəhər” stansiyası önündən Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) binasına doğru hərəkət etməli idilər.
Saat 13:00-a təyin olunan aksiya vaxtında başladı. Hər dəfə olduğu kimi bu dəfə də polis və mülki geyimlilər şəhərin müxtəlif yerlərində yoldan keçənləri nəzərdən keçirirdilər. Üzdən tandıqları mitinqçilərin hərəkət tryaktoriyasına diqqət yetirib, öndə duranlara məlumat verirdilər.
Öncə Müsavatın aksiyasında baş verənlərə diqqət yetirək.
“Içərişəhər” metrostansiyası qarşısından başlayan aksiyanın qarşısını polis qısa zamanda aldı. Mitinqçilər mülki geyimlilərin və polislərin yaratdığı kardonu keçə bilmədilər. “Azadlıq”, “Istefa” şüarların səsləndirdiklərinə görə Müsavatçı gənclərədən 6 nəfər saxlanıldı, digər aksiya iştirakçıları isə metrostansiyaya doğru sıxışdırılaraq ərazidən uzaqlaşdırıldılar.
“Tarqovı”da isə Müsavatla eyni vaxtda başlanan etiraz aksiyası daha izdihamlı alındı. Xeyli sayda polisin qarşısından sıçrayan AXCP üzvləri Nizami Gəncəvinin heykəli önünə doğru hərəkət etməyə başladı. Çoxlu sayda xarici jurnalistlərin toplaşdığı ünvanda polis öncə təmkinli davrandı.
Polis öncə xahiş, sonra həbs edir
“Azadlıq!”, “Istefa!”, “Korrupsiyaya yox!” şüarları səsləndirən etirazçılar Nizami küçəsində bir neçə dəfə dövrə vurdular. Bundan sonra aksiyaçılar Sabir bağı istiqamətində yürüş etdilər. Cəbhəçilər BŞIH-in qarşısına toplaşıb qətnaməni oxumağı planlaşdırırdı. Ancaq polis buna amne oldu və toqquşma yarandı. Tez bir zamanda iki avtobus polis əraziyə cəlb edildi. Əllərində vicdan məhbuslarının şəkilləri olan plakatları cıran “asayiş keşikçiləri” 30-dan çox aksiyaçını avtobusa mindirərək naməlum istiqamətə apardı.
“Azərbaycan” kinoteatrının qarşısında aksiyanın növbəti dalğası başladı. Polis qüvvələri aksiyanı dağıtmaq üçün güc tətbiq etsə də mərkəzi şüarlar bürüdü.
Qadınlara qarşı zorakılıq
Bakı Şəhər baş Polis idarəsinin rəisinin müavini Səhlab Bağırovun əraziyə gəlməsi polisləri daha da “qüvvətləndirdi”. Bağırovun “qadınlarla, yaşlılarla işiniz olmasın, qalanlarını isə ərazidən uzaqlaşdırın” əmri mülki geyimliləri sanki cuşa gətirdi. 20-dən çox aksiya iştirakçının xarici jurnalistlərə müsahibə verməsi polisləri qıcıqlandırdı. Nizami adına Ədəbiyyat Muzeyi ilə Konstitusiya Məhkəməsinin binaları arasında toplaşan mitinqçilərə meqafonla “dağılışın, dağılışın!” əmri heç bir işə yaramadı. Əksinə müxalifətçilər “Istefa”, “Azadlıq” səsləndirə-səsləndirə Milli Parka tərəf istiqamət aldı. Bu zaman Çevik Polis Alayının əməkdaşları əraziyə gətirildi. Əl-ələ tutan polis kardon yaratmağa çalışsa da, bunun heç bir nəticəsi olmadı. Kardonu yaran cəbhəçi gənclər və qadınlar şüarlarını səsləndirməyə davam etdilər.
Zərifə Əliyeva küçəsində isə aksiyaçılarla polis arasında qarşıdurma baş verdi. Bu zaman polis 5 nəfəri həbs etdi.
Aksiyaçılardan biri – Natəvan Səlimzadə daha çox qəddarlıqla üzləşdi. Belə ki, onu sürüyə-sürüyə polis maşınına doğru aparan polislərin qarşısını etirazçılar kəsdi. Bir neçə dəfə bayılan Natəvan Səlimzadəni Təcili Tibbi Yardım Stansiyasının maşınına mindirib xəstəxanaya apardılar.
Etirazlar bununla bitmədi. Dayanmadan şüar səsləndirən aksiya iştirakçılarının bir neçəsi “Light your fire” (Öz atəşini yandır) şüarı yazılmış taksiyə zorla mindirilərək aparıldı.
Alman jurnalistə hücum
Aksiya bitməmiş daha biabırçı məqam alman jurnalistə qarşı oldu. Belə ki, jurnalistlərin birindən IP-in mətbuat mərkəzinin vizit kartını alıb oxuyan jurnalist bu zaman mülki geyimlinin təzyiqi ilə üzləşdi. Mülki geyimli onun əlindən kağızı almaq üçün xəsarət yetirdi və vizit kartını cırdı. Jurnalistlərin təpkisindən geri çəkilən polis həmin mülki geyimlini “həbs etmək” əmri verdi. Həmin şəxsi bir neçə polis tutaraq başqa bir istiqamətə apardılar.
Bu arada başqa jurnalistlərə qarşı da təzyiqlər oldu. RATI-nin əməkdaşları Etimad Budaqov və Mirrəhim Həsənov polis zorakılğına məruz qaldı. Müvazinətini itirən Həsənovun əlindəki kamera yerə düşdü.
Bir saatdan çox davam edən aksiya AXCP sədrinin müşaviri Asif Yusifli və partiyanın fəalı Ramiz Kamalın mitinqlə bağlı açıqlaması və qətnamənin oxunması ilə bitdi.
Aksiyada həbs olunan gənclər daha çox polis idarəsində zorakılıqla üzləşdilər. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Komitənin fəalları Xalid Qarayev, Nihad Cəbrayılov, Elvin Baycan, Səxavət Mehtiyev və Toğrul Ibrahim polisin amansız rəftarı ilə üzləşdilər. Bu şəxslər, xüsusən də Əbülfəz Qurbanlı Səbail Polis Idarəsində amansızlıqla döyüldü. Əbülfəz Qurbanlı Qobustana aparılarkən də avtobusda döyülüb.
Aksiyada saxlanılan qadınlar Səbael Polis Idarəsindən sərbəst buraxılsa da, kişiləri avtobuslarla Qobustan rayonu ərazisinə apardılar. Məqsəd onların oradan sərbəst buraxaraq uzaq məsafədən nəqliyyatsız mərkəzə qayıtmaq çətinliyi ilə üz-üzə qoymaq idi. Bakı polisi artıq neçənci dəfədir ki, etriaz aksiyası keçirən müxalifətçilərə qarşı bu metoddan istifadə edir.
Ictimai Palatanın 21 may aksiyası zamanı həbs olunan şəxslər:
1. Gözəl Bayramlı – AXCP sədrinin müavini
2. Nurəddin Məmmədli – AXCP sədrinin müavini
3. Şəkər Isgəndərli – AXCP Yevlax şöbəsinin sədri
4. Rafiq Daşdəmirov – AXCP-nin təşkilat şöbəsinin müdiri
5. Xalid Qarayev – AXCP təşkilat şöbəsinin müdir müavini
6. Əbülfəz Qurbanlı – AXCP GK sədri
7. Elçin Dəmirov – AXCP Binəqədi şöbəsinin fəalı
8. Hüseyn Fərhadov – AXCP fəalı
9. Səxavət Mehtiyev – AXCP fəalı
10. Nuru Nuruzadə – AXCP fəalı
11. Nihad Hüseynov – AXCP fəalı
12. Dəyanət Babyev – AXCP GK
12. Vüsal Bayramov – AXCP GK
14. Sərvər Ibrahimov – AXCP GK
15. Sərraf Turan – AXCP GK
16. Elvin Baycan – AXCP GK
17. Dadaş Sadıqlı – AXCP GK
18. Abdulla Mahmudov – AXCP fəalı
19. Fərhad Abbasov – AXCP fəalı
20. Elşən Ağayev – AXCP fəalı
21. Sadiq Hüseynov – AXCP fəalı
22. Lalə Cəbrayılova – AXCP Qadınlar Şurası
23. Mərdanə Hüseynova – AXCP Qadınlar Şurası
24. Afina Əliyeva – AXCP Qadınlar Şurası
25. Kəmalə Bənənyarlı – AXCP Qadınlar Şurası
26. Toğrul Ibrahim – AXCP fəalı
27. Nihad Hacızadə – AXCP fəalı
28. Nihad Cəbrayılov – AXCP fəalı
29. Şahin Mirzəyev – Müsavat Partiyasının üzvü
30. Rauf Məmmədli – Müsavat Partiyasının üzvü
31. Elçin Cərullayev – Müsavat Partiyasının üzvü
32. Ramil Baxış – Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini
33. Nigar Yaqublu – Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini
34. Amid Süleymanov – Müsavat Partiyasının üzvü
35. Ayxan Hacıbəyli – Müsavat Partiyasının üzvü
36. Tural Hacıbəyli – Müsavat Partiyasının üzvü
37. Elnur Əsgərov – Müsavat Partiyasının üzvü
38. Kərim Ağarza – Müsavat Partiyasının üzvü
39. Şakir Abdulla – Müsavat Partiyasının üzvü
40. Pərviz İsmayılov – Bitərəf
41. Şəhla Hacıyeva – ADP üzvü
42. Fuad Seyidov – ADP üzvü
43. Osman Əhmədov – ADP üzvü
Liderlər aksiyanı yüksək qiymətləndirdi
Aksiyanın yekunlarını necə dəyərləndirdiklərini AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərdən öyrəndik:
Əli Kərimli: «Bu mübarizə Azərbaycanda hüquq və azadlıqlar bərqərar oluna qədər davam edəcək»
Etiraz aksiyasının yüksək səviyyədə keçdiyini deyən Ə.Kərimli xatırladıb ki, İctimai Palata şəhərin mərkəzinə iddia etmədən, uyğun bir məkanda mitinq keçirməklə bağlı meriyaya müraciət etmişdi. Amma BŞİH buna razılıq vermədi və demokratik qüvvələr aksiyanı şəhərin mərkəzində keçirməyə məcbur oldular.
«Artıq elə bir vəziyyət yaranıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz, Konstitusiyaya zidd qadağaları sərbəst toplaşmaq azadlığının qarşısını ala bilmir. İctimai Palatanın fəaları həm şəhərin ucqarlarında da olsa, kütləvi aksiyalar keçirməyə razı olduqlarını göstərirlər, həm də şəhərin mərkəzində öz kütləvi azadlıqlarını ifadə edirlər. Növbəti dəfə məlum oldu ki, Avropanın mədəniyyət paytaxtlarından biri olmağa iddia edən, siyasi tolerantlığından danışan Azərbaycan hökuməti vətəndaşların dinc etirazına imkan vermir. Eyni zamanda məlum oldu ki, Azərbaycanda ciddi, təşkilatlanmış və fədəkar insanların dəstəklədiyi müxalifət birliyi var. Bu mübarizə müntəzəm olacaq, Azərbaycanda hüquq və azadlıqların, demokratiyanın bərqərar olunmasına qədər davam edəcək».
İsa Qəmbər: «Bu aksiya ilə İctimai Palata mübarizənin davam edəcəyi mesajını verdi»
Aksiyaya yüzlərlə insanın qatıldığını deyən İ.Qəmbər vurğuladı ki, yenə də polis qəddarlığa yol verib: «Şəhərin müxtəlif məkanlarında eyni vaxtda İctimai Palata tərəfdarlarının aksiyası keçirildi. Hakimiyyət növbəti kobudluğunu, qanun pozuntusunu nümayiş etdirərək, onlarla insanı həbs etdi. Daha sonra xanımları aazad etsələr də, digər aksiya iştirakçılarını avtobuslara dolduraraq Qobustana aparıb, orada sərbəst buraxıblar. Bu, növbəti qanun pozuntusudur və biz buna etiraz edirik».
Bütün bu olayların Bakıda olan yüzlərlə xarici media nümayəndələrinin gözləri önündə baş verməsinə diqqət çəkən İ.Qəmbər əlavə etdi ki, yol verdiyi qanun pozuntuları ilə Azərbaycan hakimiyyəti növbəti dəfə özünü ifşa edib. «Bu aksiya ilə İctimai Palata və demokratik qüvvələr azadlıq uğrunda mübarizənin davam edəcəyi mesajını vermiş oldular», deyə İ.Qəmbər vurğuladı.
Ramin DEKO