beyubov

Bəylər Əyyubov daha bir nazirliyi ələ keçirir

İstefa ərizəsi hazır olduğu deyilən Yavər Camalovun yerinə generalın adamı gətirilir

Müdafiə sənayesi naziri Yavər Camalovun istefa ərizəsi hazırdır. Bu barədə “Azadlıq”a daxili olan məlumatlarda deyilir ki, yaxın vaxtlarda ölkə başçısı Ilham Əliyev Yavər Camalovun istefa ərizəsini qəbul edərək işdən çıxarılması barədə sərəncam imzalayacaq. Məlumatlarda deyilir ki, Yavər Camalov səhhətindəki problemlərə görə işdən çıxmaq istəyir. Yeri gəlmişkən, bir müddət əvvəl məlumat yayılmışdı ki, nazir istəyini şifahi şəkildə Ilham Əliyevin diqqətinə çatdırıb.  
Artıq müdafiə sənayesi naziri postuna irəli sürülmüş namizədlərdən birinin adı da bəlli olub. Bu posta “Azairtechservice” şirkətinin rəhbəri Fuad Seyidəliyevin namizəd olduğu deyilir. “Azairtechservice” şirkəti Gəncə Aviatəmir və Sumqayıt Aviatəmir zavodlarını idarə edir. Bu şirkət həm də ikinci Müdafiə Sənayesi Nazirliyi adlandırılır.
“Azadlıq”a verilən bilgiyə görə, Fuad Seyidəliyevin Yavər Camalovun postuna namizəd olması təsadüfi deyil. Iddia olunur ki, o, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxsdir. Onun namizədliyini də məhz generalın irəli sürdüyü bildirilir. Yeri gəlmişkən, Yavər Camalovla Bəylər Əyyubovun komandasına daxil olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin münasibətləri daim gərgin olub. Rövnəq Abdullayev ARDNŞ prezidenti olandan sonra Yavər Camalovu “Azneft”in direktoru vəzifəsindən azad edib. Problemin kökü Yavər Camalovun neft sahəsini Rövnəq Abdullayevdən daha yaxşı bilməsi və onunla hesablaşmaması olub. Bəzi ehtimallara görə, Yavər Camalovun işdən çıxmaq barədə düşünməsinin bir səbəbi də Bəylər Əyyubovun bu məsələdə təkid etməsidir.

Informasiya şöbəsi