İctimai Palatanın vicdan məhbuslarına azadlıq tələbilə keçirdiyi aclıq aksiyasına beynəlxalq medianın diqqəti artmaqdadır.
Mayın 21-də Fransanın “France 2” kanalının əməkdaşı İrina Qolovkova və Almaniyanın “Frankfurter Allgemaine Zeitung” qəzetinin əməkdaşı Maykl Lüdviq aksiya iştirakçılarını ziyarət edib, onların fikir və mövqelərini öyrəniblər.
Aksiya iştirakçıları əcnəbi jurnalistlərə irəli sürdükləri tələblər haqda məlumat verib və onların suallarını cavablandırıb.
***
İctimai Palata fəallarının siyasi məhbuslara azadlıq, demokratiya, azad seçki, korrupsiyaya son verilməsi tələbləri ilə Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi aclıq aksiyasına daha iki nəfər qoşulub. Məlumatı “Media forum” saytına İctimai Palatanın katibi, Müsavat başqanının müavini Gülağa Aslanlı verib.
Aclığa qoşulanlar həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı, Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək İctimai Birliyinin sədri Oqtay İsgəndərli və Müsavat Partiyasının fəalı Mübariz Hüseynlidir.
AXCP fəalı Şəkər İsgəndərlinin vəziyyəti yaxı olmadığına görə təcili tibbi yardım çağırılıb, ona iynə vurublar: “Həkimlər dedilər ki, aksiyanı davam etdirməsi təhlükəli ola bilər. Ona görə də aksiyanı dayandırdı. AXCP fəalları Təzəxan Mirələmli, Natiq Güləhmədoğulu da aclığa son veriblər. Hazırda doqquz nəfər aclığı davam etdirir. Səhhətləri ağır olsa da, aksiyanı davam etdirməkdə qərarlıdırlar”.
***
Müsavat Partiyasının qərargahında vicdan məhbuslarına azadlıq tələbi ilə aclıq aksiyası keçirənlərdən üçü aksiyasını dayandırıb. Bunlar Şəkər İsgəndərli, Natiq Ədilov və Təzəxan Mirələmlidir.
Şəkər İsgəndərli aksiyanı həkim məsləhəti ilə dayandırıb. Çünki aksiyanı davam etdirsə səhhətində problem yarana bilərmiş.
Natiq Ədilovla Təzəxan Mirələmli isə İctimai Palatanın bu gün keçirilən etiraz aksiyasında iştirak məqsədilə aksiyaya fasilə veriblər.
***
Vicdan məhbuslarına azadlıq tələbi ilə aclıq aksiyasının keçirildiyi Müsavat Partiyası qərargahına suyun nəqli bərpa olunub. Aksiya iştirakçısı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovdan aldığımız xəbərə görə, su axşam saat 21 radələrindən veriməyə başlanıb.
Aksiyanın özünə gəlincə, hazırda aclıq edənlərin sayı 8 nəfərdir. Onlardan 4-ü xanım, 4-i isə kişidir. Yeddinci gününə keçən aksiya iştirakçıları bunlardır:
Şəkər İsgəndərli – AXCP Yevlax şöbəsinin sədri, İctimai Palatanın üzvü;
Nüşabə Qafarlı – AXCP fəalı;
Rüxsarə Mehdiyeva – Müsavat fəalı;
Yeganə Əmiraslanova – İctimai Palatanın üzvü;
Pənah Hüseyn – İctimai Palatanın Koordinasiya Şurasının üzvü;
Natiq Ədilov – AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı;
Təzəxan Mirələmli – AXCP Cəlilabad şöbəsinin sədri;
Rəfael Həsənov – AXCP fəalı.
***
Hakimiyyət Müsavat partiyasının qərargahında siyasi məhbusların azadlığı naminə aclıq edən İctimai Palatanın üzvlərinə qarşı qəribə təzyiq vasitəsi seçib. Belə ki, partiya qərargahına gələn kran suyu kəsilib. Bununla da su ehtiyaclarını ödəmək istəyən aksiya iştirakçılarına əlavə çətinlik yaranıb. AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilovun verdiyi məlumata görə, onlar suyun verilməsini axşam saat yeddiyəcən gözləyiblər. Amma su yenə də verilməyib.
Xalq arasında insanları su ilə sınağa çəkmək “yezid əməli” kimi bilinir. Ümid edirik ki, hadisə “texniki səhv” kimi son olar.
azadliq.info