Polis aksiya iştirakçısını döyüb xəstəxanalıq etdi

Döyülən xanıma həkimlər də kömək etmək istəmədi

Ictimai Palatanın dünən Bakının mərkəzində keçirdiyi aksiya növbəti dəfə Azərbaycan polisinin zorakılığı, qəddarlığıyla yadda qaldı. Aksiya iştirakçılarına qarşı zorakılığa yol verənlər təkcə polis formasında olanlar deyildi. Həmçinin mülki geyimlilərdən ibarət “komanda” aksiyaya qatılanlarla çox qəddarcasına rəftar etdi. Qadınlara, yaşlılara fikir vermədən, hamıya qarşı zor tətbiq olundu.
Zorakılığa məruz qalaraq, ciddi xəsarət alanlardan biri də AXCP fəalı Natəvan Səlimzadə oldu. Onun səsləndirdiyi “Azadlıq!”, “Istefa!”, “Demokratiya istəyirik!” şüarları polisi qıcıqlandırdı. Bu xanımın aksiyanı lentə alan xarici jurnalistlərə açıqlama verməsini həzm etməyən polislər onu sürüyə-sürüyə polis maşınına tərəf apardılar. Yalnız cəbhəçilərin və jurnalistlərin müdaxiləsi nəticəsində Natəvan Səlimzadəni polislərin əlindən almaq mümkün oldu.
Məruz qaldığı zorakılıq nəticəsində bir neçə dəfə huşunu itirən Natəvan Səlimzadəni Təcili Tibbi Yardım maşınıyla evə apardılar. Vəziyyəti getdikcə pisləşdiyindən onu evində saxlamağın mümkünsüzlüyünü görən əqidədaşları Natəvanı Kliniki Tibbi Mərkəzə (keçmiş “Semaşko”) çatdırıblar. Lakin tibbi heyət biləndə ki, bu xanım etiraz aksiyasında döyülərək belə vəziyyətə salınıb, xəstəyə etinasız yanaşıblar. Natavən Səlimzadənin özünü dəhlizdə saxlayıblar, həkim isə öz otağında onun diaqnozunu “müəyyənləşdirərək”, rəy yazıb.

“Evinə gedə bilər, zədələri ciddi deyil. Ağrıları möhkəm olsa da, ev şəraitində 10 gün müalicə almağı məsləhətlidir”, – deyə həkim bildirib.
AXCP fəalı yeriyə bilmədiyini, ayağı və böyrəyinin ağrıdığını həkimin nəzərinə çatdırsa da, bunun heç bir təsiri olmayıb. “Biz bu cür xəstəni burada saxlaya bilmərik”, – deyə ona cavab veriblər.
Natəvan Səlimzadənin sözlərinə görə, onu xəstəxanaya gətirən zaman həkimlərdən biri cibindən mobil telefonunu götürərək söndürüb: “Həkimlərdən biri cibimə girib telefonumu söndürdü. Çünki həmin vaxt mənə çoxlu zənglər gəlirdi, vəziyyətimi soruşurdular. Həkimlər isə mənə etinasız yanaşır, mitinqdə niyə iştirak etdiyimi soruşurdular”.
AXCP fəalı başına gələnlərlə əlaqədar xəstəxanaya polis dəvət edilməsini istəyib: “Istəyirdim ki, başıma gələnlərlə bağlı izahat verim. Xəstəxanada dedilər ki, 9-cu polis bölməsinə müraciət ediblər, yəni, polislər məlumatlandırılıb. Üstündən bir saat keçsə də, heç kim mənimlə maraqlanmadı”.

Ramin DEKO