Liderlər aksiyaya yüksək qiymət verdi

“Bir daha məlum oldu ki, Azərbaycanda təşkilatlanmış və fədəkar insanların dəstəklədiyi müxalifət birliyi var”

Mayın 21-də İctimai Palata şəhərin mərkəzində daha bir etiraz aksiyasına imza atıb. Yeri jurnalistlərlə yanaşı, xarici mətbuat nümayəndələrinin də izlədiyi və ciddi maraq göstərdiyi aksiya kifayət qədər çoşqulu keçib. Mitinqin yekunlarını necə dəyərləndirdiklərini AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərdən öyrəndik:

Əli Kərimli: «Bu mübarizə Azərbaycanda hüquq və azadlıqlar bərqərar oluna qədər davam edəcək»

Etiraz aksiyasının yüksək səviyyədə keçdiyini deyən Ə.Kərimli xatırladıb ki, İctimai Palata şəhərin mərkəzinə iddia etmədən, uyğun bir məkanda mitinq keçirməklə bağlı meriyaya müraciət etmişdi. Amma BŞİH buna razılıq vermədi və demokratik qüvvələr aksiyanı şəhərin mərkəzində keçirməyə məcbur oldular.
«Artıq elə bir vəziyyət yaranıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz, Konstitusiyaya zidd qadağaları sərbəst toplaşmaq azadlığının qarşısını ala bilmir. İctimai Palatanın fəaları həm şəhərin ucqarlarında da olsa, kütləvi aksiyalar keçirməyə razı olduqlarını göstərirlər, həm də şəhərin mərkəzində öz kütləvi azadlıqlarını ifadə edirlər. Növbəti dəfə məlum oldu ki, Avropanın mədəniyyət paytaxtlarından biri olmağa iddia edən, siyasi tolerantlığından danışan Azərbaycan hökuməti vətəndaşların dinc etirazına imkan vermir. Eyni zamanda məlum oldu ki, Azərbaycanda ciddi, təşkilatlanmış və fədəkar insanların dəstəklədiyi müxalifət birliyi var. Bu mübarizə müntəzəm olacaq, Azərbaycanda hüquq və azadlıqların, demokratiyanın bərqərar olunmasına qədər davam edəcək».
 
İsa Qəmbər: «Bu aksiya ilə İctimai Palata mübarizənin davam edəcəyi mesajını verdi»

Aksiyaya yüzlərlə insanın qatıldığını deyən İ.Qəmbər vurğuladı ki, yenə də polis qəddarlığa yol verib: «Şəhərin müxtəlif məkanlarında eyni vaxtda İctimai Palata  tərəfdarlarının aksiyası keçirildi. Hakimiyyət növbəti kobudluğunu, qanun pozuntusunu nümayiş etdirərək, onlarla insanı həbs etdi. Daha sonra xanımları aazad etsələr də, digər aksiya iştirakçılarını avtobuslara dolduraraq Qobustana aparıb, orada sərbəst buraxıblar. Bu, növbəti qanun pozuntusudur və biz buna etiraz edirik».
Bütün bu olayların Bakıda olan yüzlərlə xarici media nümayəndələrinin gözləri önündə baş verməsinə diqqət çəkən İ.Qəmbər əlavə etdi ki, yol verdiyi qanun pozuntuları ilə Azərbaycan hakimiyyəti növbəti dəfə özünü ifşa edib. «Bu aksiya ilə İctimai Palata və demokratik qüvvələr azadlıq uğrunda mübarizənin davam edəcəyi mesajını vermiş oldular», deyə İ.Qəmbər vurğuladı.

Xəyal