“Eurovision”a hazırlıq Azərbaycanda ciddi problemlər yaratdı”

Avstriya qəzetində hakimiyyəti tənqid edən daha bir yazı

“Azərbaycanda hakimiyyəti tənqid edənlər ya ermənipərəstlikdə, ya da xaricdən maliyyə almaqda günahlandırılır”

Avropa mediasında Azərbaycan hakimiyyəti haqda tənqidi məqalələrin dərci davam edir. Belə məqalələrdən növbətisi Avstriyanın məşhur “Der Standart” qəzetində yayımlanıb. Məqalədə “Eurovision” musiqi yarışmasına hazırlıq işləriylə yanaşı ölkəmizin ictimai-siyasi həyatından, insan haqları, demokratiya və söz azadlığı sahəsindəki problemlərdən bəhs olunur. “Der Standart” yazır ki, “Eurovision” Azərbaycanda insan haqları və demokratiyayla bağlı problemlərə diqqətlərin yönəldilməsi baxımından müxaliflər üçün bir şansdır.

“İlham Əliyev rejimini tənqid edən ictimai fəallar
“Sing for Democracy” adlı kampaniya yaradaraq ölkədəki problemləri qabartmağı planlaşdırır. Bu kampaniyaya qoşulanlar Azərbaycanda insan haqları, söz azadlığı və vətəndaş hüquqları uğrunda mübarizə aparanlardır. Onların sözlərinə görə, ölkədə 70-ə yaxın siyasi məhbus var və həmin siyasi məhbuslar qeyd şərtsiz azad olunmalıdır”, – deyə məqalədə vurğulanır.

Avstriya qəzeti daha sonra bildirir ki, “Eurovision” musiqi yarışmasına hazırlıq Azərbaycanda ciddi problemlər yaratdı. Yarışmanın keçiriləcəyi konsert zalının tikildiyi əraziyə yaxın evlər söküldü. Sakinlərə söküntü qarşılığında kompensasiya ödənilsə də onlar ödənilən məbləğin azlığından narazıdır. Çünki hər kvadratmetr üçün ödənilən 1500 avro bazar qiymətləriylə uyğunlaşmır. Paytaxtın mərkəzində və Xəzər dənizi sahilindəki evlər adətən baha olur.

Mayın 16-də Bakıda insan haqlarıyla bağlı tədbirdə iştirak edən gürcüstanlı jurnalist Marion Kipiani “Der Standart”a açıqlamasında deyib ki, Azərbaycanda qeyri-professional hakimiyyət mövcuddur. “Human Rights Foundation” təşkilatının təmsilçisi Florian İrmlinqer da bildirib ki, Azərbaycanda hakimiyyəti tənqid edənlər ya ermənipərəstlikdə, ya da xaricdən maliyyə almaqda günahlandırılır. “Human Rights Watch” təşkilatının Azərbaycan, Gürcüstan və Azərbaycan üzrə məsul şəxsi Gerogi Qoqiya isə qəzetə deyib ki, Azərbaycanda jurnalistlərin döyülməsi və həbsi adi hal alıb.

azadliq.az