Vicdan məhbusu karserə salınıb

Vicdan məhbusu Rüfət Hacıbəyli saxlandığı 5 saylı həbsxanada karserə salınıb. Ictimai Palatanın üzvü Gülağa Aslanlı bu xəbəri “Turan”a R.Hacıbəylinin qardaşı Cavid Hacıbəyliyə isnadən verib.
Onun sözlərinə görə, mayın 19-da R.Hacıbəyli ilə görüşə gedən C.Hacıbəyliyə həbsxana rəhbərliyi qardaşının 15 sutkalıq karserə salındığını söyləyib. Həbsxana rəhbərliyi cəzaya səbəb kimi R.Hacıbəylinin qanunsuz tələblər irəli sürməsini göstərib. Həbsxana rəhbərliyinin “qanunsuz tələblər” anlayışının arxasında R.Hacıbəylinin aclıq akasiyası keçirmək istəməsinin olduğu göstərilib. Vicdan məhbusları haqsız həbslərinə etiraz və azad olunmaları tələbilə mayın 15-dən saxlandıqları həbsxanalarda aclıq aksiyalarına başlayıblar.
Onlara dəstək məqsədilə Ictimai Palata üzvləri də həmin vaxtdan aclıq aksiyası keçirir. Aclıq aksiyasına başlamaq qərarı verildikdən bu yana vicdan məhbuslarına saxlandıqları həbsxanalarda təzyiqlər başlanıb.