Müxalifət Fuad Ələsgərovun cavabını verdi

Həsən Kərimov: «Azərbaycanın imicinin korlanması müxalifətin yox, iqtidarın günahıdır»

Tofiq Yaqublu: «Bu ölkəni dünyada biabır edən onun başında duranlar və məmurlarıdır»

“Müxalifətin davranışları evə gəlmiş qonaqların qarşısında ailə münaqişəsi yaratmağa bənzəyir”. Bunu, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan müxalifətinin “Eurovision” ərəfəsi fəaliyyətinə və kütləvi aksiyalar keçirməsinə münasibət bildirərkən deyib. F.Ələsgərov bildirib ki, bəzi radikal müxalifət qüvvələri xaricdən idarə olunan təhlükəli antiAzərbaycan oyunlarının iştirakçısına çevriliblər. Onun fikrincə, müxalifətin məqsədi təxribatlar törədib “Eurovision”u boykot etmək, ev sahibi kimi Azərbaycanın nüfuzuna xələl gətirməkdir. PA rəsmisi müxalifətin aksiyalarına da münasibət bildirərək deyib ki, “Eurovision” məqamında polisi razılaşdırılmamış mitinqlərə cəlb etmək əlavə gərginlik yaratmaqdır.

“Korrupsiyaya görə ad çıxarıblarsa, müxalifətin nə günahı var?

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Prezident Administrasiyası rəsmisinin belə açıqlamalar verməsinin ancaq təəssüf doğurduğunu deyir: “Hüququn aliliyinə riayət etməli olan bir şəxsin hüquqa münasibəti bir daha məlum oldu. Azərbaycanın bu vəziyyətə düşməsi, beynəlxalq aləmdə imicinin korlanması müxalifətin yox, iqtidarın günahıdır.
Azərbaycanda hüquq və azadlıqların pozulması ölkəni beynəlxalq aləmdə biabır edir. Azərbaycan korrupsiyanın yüksək səviyyəsinə görə dünyada ad çıxarıb. Bunda Azərbaycan müxalifətinin nə günahı var? Ictimai Palata olaraq hakimiyyətə dəfələrlə təkliflər vermişik ki, bir masa ətrafında oturub ölkənin problemlərinin həlli yollarını müzakirə edək. Çox təəssüf ki, dialoqa gəlmədilər, üstəlik aşağılayıcı fikirlər söylədilər. Ona görə Fuad Ələsgərov zəhmət çəkib bizi yox, öz iqtidarını günahlandırsın. Müxalifətin “Eurovision” ərəfəsi kütləvi aksiyalar keçirib  əlavə gərginlik yaratmasına gəlincə, bu fikir də absurddur. Biz konstitusion hüquqlarımızdan istifadə edirik. Azərbaycana qarşı təzyiqlərin artması dünyada avtoritar, diktator rejimlərə qarşı baxışın dəyişməsi və sərtləşməsi ilə bağlıdır. Ona görə bizi boş yerə hansısa qüvvələrlə eyniləşdirməyə çalışmasınlar”.  

“Az qanunsuzluq etsinlər, bu reaksiyalara da ehtiyac qalmasın”

Müsavat başqanının müavini Tofiq Yaqublu Fuad Ələsgərovun sırf bu iqtidarın təfəkküründən çıxış etdiyini deyir: “Baxmayaraq ki, Fuad Ələsgərov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir, o da məhz bu iqtidarın təfəkküründən çıxış edir. Birincisi, biz bu avtoritar, korrupsioner, saxta rejimə qarşı həmişə mübarizə aparmışıq. Mübarizənin də bir dönəmi gəlib ”Eurovision” ərəfəsinə düşübsə, bizim nə günahımız var? Keçən il biz mitinqlərə çıxanda “Eurovision” var idi? Axı bizim prinsiplərimizdə, mübarizəmizdə heç nə dəyişməyib.
Biz korrupsiyaya, insan haqlarının tapdanmasına, seçki saxtakarlığına qarşı mübarizəmizi davam etdiririk. Bu gün Azərbaycanın adı hər tərəfdə pis mənada çəkilirsə, bunun günahını niyə müxalifətdə görürlər? O nə deməkdir ki, biz  xaricin sifarişi ilə antiAzərbaycan siyasəti yürüdürük?
Bu ölkəni dünyada biabır edən onun başında duranlar və məmurlarıdır. Az korrupsiya ilə məşğul olsunlar, az qanunsuzluq etsinlər, bu reaksiyalara da ehtiyac qalmasın. Bəli, indi həssas məqam yaranıb və bunlara elə gəlir ki, hər bir əks mövqe “Eurovision” ərəfəsi gərginlik və xoşagəlməz hallar yarada bilər. Amma hər şey onların əlindədir. Vicdan məhbuslarını azad etsinlər, qanunsuz əməllərini dayandırsınlar ki, kütləvi aksiyalara da ehtiyac qalmasın”.