Almaniya Bundestaqının deputatı da aksiyaçılara baş çəkib
Vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə mayın 15-dən Müsavat Partiyasının qərargahında başlayan aclıq aksiyası davam edir. Bu gün aksiyanın 6-cı günüdür. Aclığa Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də qoşulub. Bundan başqa, AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər Isgəndərli və partiya fəalı Nüşabə Qafarlı mayın 18-i axşam saatlarından aksiyaya qoşulublar. Dünən isə AXCP-nin Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli, partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq”ın yazarı Natiq Ədilov, AXCP üzvü Rəfael Həsənov, Müsavat partiyasından Rüxsarə Mehdiyeva və Arifə Hüseynli aclıq aksiyasına qoşulublar. Hazırda aclıq edənlərin sayı 13 nəfərdir.
Qeyd edək ki, Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Vəfa Cümşüdlü altıncı, Ictimai Palata üzvü Yeganə Əmiraslanova və Xanım Mirzəyeva beşinci gündür aclıq edir.
Vicdan məhbusu Tural Abbaslının anası aclıq aksiyasını dayandırmağa məcbur olub.
Təcili Yardım və Ombudsman maraqlanmır
“Dünən Təcili yardım çağırdılar. Vəziyyəti ağır olduğu üçün aclığı dayandırmağı tələb etdilər”, – deyə Vəfa Cümşüdlü qeyd etdi.
Aclıq aksiyası başlanan gündən Ombudsman Aparatına müraciət olunsa da hələ səs-soraq yoxdur. Aclıq keçirənlər bildirirlər ki, bütün dünyanın onlarla maraqlandığı bir vaxtda insan haqları ilə məşğul olmağı öz üzərinə götürən bir təşkilat heç nə eləmir: “Bizimlə maraqlanmırlar. Nə Elmira Süleymanova, nə də aparatın hansısa bir nümayəndəsi bizə baş çəkib tələblərimizi dinləyir. Dünyanın ən ünlü KIV-ləri daim bizi diqqət mərkəzində saxlayır. Ancaq bizim Ombudsman susmaqla kifayətlənir. Bu bir daha göstərir ki, insan haqlarıyla məşğul olan bu təşkilat hakimiyyətin nəzarəti altındadır”.
Aclıq edənlər onu da bildirdilər ki, Təcili Yardım Stansiyasına müraciət etməyəndə onlarla maraqlanmırlar: “Hər dəfə zəng olunmalıdır ki, gəlib bizi yoxlasınlar”.
Aclıq aksiyasına beynəlxalq diqqət
Aclıq aksiyası keçirənlər beynəlxalq aləmin diqqət mərkəzindədir. Belə ki, Türkiyənin, Almaniyanın, Fransanın, Hollandiyanın və başqa Avropa ölkələrinin tirajlı media orqanlarının əməkdaşları aclıq edənlərə baş çəkib, problemlərlə maraqlanırlar.
Dünən aclıq edənlərə Almaniya Bundestaqının deputatı, Bundestaqın insan haqları komissiyasının üzvü Frank Heynrix baş çəkənlərin sırasında olub. Deputat aclıq aksiyasının keçirilməsinin tələbləri ilə maraqlanıb. F.Heynrix aksiya iştirakçılarının tələblərini dinlədikdən sonra bu məsələni diqqətdə saxlayacağını iştirakçıların nəzərinə çatdırdı.
Ziyalılar aksiya iştirakçılarını ziyarət etdi
Bundan başqa, Ziyalılar Forumunun üzvləri – politoloq Eldar Namazov, tarixçi alim Cəmil Həsənli və akademik Rafiq Əliyev aclıq edənlərə baş çəkdilər. Ziyalılar aksiya iştirakçılarından aclığı dayandırmağı xahiş etdilər.
R.Əliyev deyib ki, aclıq aksiyası keçirmək Allahın insana bəxş etdiklərinə qəsd etmək deməkdir. C.Həsənli isə qeyd edib ki, aclıq aksiyası sivil mübarizə formasının mümkün olmadığı avtoritar rejimli ölkələrə xas aksiyadır.
Öz növbəsində aclıq edənlər ziyalılara bildirdilər ki, tələbləri yerinə yetirilməyincə geri çəkilən deyillər.
AXCP rəhbərliyi aclıq edənlərin yanında
Başda partiya sədri Əli Kərimli olmaqla, AXCP rəhbərliyi də aclıq aksiyasının iştirakçılarına baş çəkib. Əli Kərimli və partiyadaşları əvvəlcə aclıq edən xanımlarla görüşüb.
AXCP sədri burada çıxış edərək deyib ki, demokratik düşərgəni təmsil edən xanımlar meydanlarda olduğu kimi, aclıq aksiyasında da öndədirlər və bu, qürurverici məqamdır: “Milli Azadlıq Hərəkatının ilk dövrləri adamın yadına düşür. Milli Azadlıq Hərəkatının ilk dövrlərində də Azərbaycan xanımları öndə olub. O zaman bizim SSRI-də ilk məxməri inqilab eləməyimizdə xanımlarımızın böyük rolu oldu. Bu bir daha onu göstərir ki, bu mübarizənin məğlub olmağa haqqı və şansı yoxdur. Əgər xanımlar həmrəy, mərdi-mərdanə bu mübarizənin önündə gedirlərsə, deməli, bu mübarizə mütləq qələbə ilə bitəcək”. Əli Kərimli inamını ifadə edib ki, vicdan məhbusları yaxın vaxtlarda həbsdən azad olunar, aparılan mübarizə də böyüyər və rejim dəyişikliyinə gətirib çıxarar. “Bizim birinci taktiki vəzifəmiz dostlarımızı azad etməkdi. Ancaq bununla təbii ki, kifayətlənmək fikrimiz yoxdur. Əsas məqsədimiz Azərbaycanı azad etməkdi”, – deyə AXCP sədri bildirib.
Əli Kərimli xanımları səhhətləri ilə əlaqədar aclığı dayandırmağa çağırıb: “Kimin səhhətində problem varsa, xahiş edirəm, aclığı dayandırsın. Bu, 100 metrlik qaçış deyil, bu mübarizə marafonudu, ona görə də gərək səhhətinizi qoruyasınız. Həkimlərin rəyi nədirsə, çalışın ona tabe olun”.
AXCP rəhbərliyi daha sonra aclıq aksiyasının kişi iştirakçılarına baş çəkib. Partiya sədri burada da aparılan mübarizənin qələbəylə bitəcəyinə inamını ifadə edib, bu mübarizədə aclıq kimi bir aksiya ilə fədakarlıq göstərənlərə minnətdarlığını çatdırıb.
Əli Kərimli qeyd edib ki, əslində hakimiyyət vicdan məhbuslarını həbsdə saxlamaqla ciddi yanlışlığa yol verir: “Çox ağılsız hərəkət edib dünyanın diqqətini bu problemə cəlb etdilər. Bu, hakimiyyətin çox böyük səhvi oldu. Siyasi məhbusları girov götürdülər, dünyanın diqqətini özlərinə yönəltdilər. Halbuki bunlar olmaya bilərdi. Bunlar Azərbaycanı düşünən olsaydılar, bizim əqidə dostlarımızı tez azad etsəydilər, bu qədər gözlər ölkəmizə dikilməzdi. Bunlar özlərini dövlət hesab edirlər, ancaq Azərbaycan dövlətini quran insanlar bu gün aclıq edirlər”.
AXCP sədri deyib ki, hakimiyyət Azərbaycan insanını özgürlük tələb etdiyinə görə şərlə, böhtanla girov götürüb. Belə vəziyyəti yaradanlar bundan utanmalı, xəcalət çəkməlidirlər.
Ramin DEKO