Məşhur şirkətin iş icraçısı yandırıldı

azvirt-mmc«Azvirt»in səlahiyyətlisi Akim Əfəndiyevin amansız qətlində müəmmalar

Daxili Işlər Nazirliyi mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində törədilmiş qətllə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Akim Əfəndiyev özünə məxsus bağ evində qətlə yetirilib, sonra isə evə od vurulub.  Qətl barədə məlumat olmamışdan əvvəl evdə yanğın barədə məlumat daxil olub. Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra Akim Əfəndiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb.
Şamaxı Rayon Prokurorluğundan isə Milli.Az-a bildirilib ki, Akim Əfəndiyev hadisədən əvvəl dostları ilə bağ evinə dincəlməyə gəlib. Onlar yeyib-içəndən sonra hadisə baş verib. Hazırda mərhumun dostları barədə məlumat yoxdur. Qətlin də həmin şəxslərdən biri tərəfindən törədilməsi ehtimal olunur. Qətli törədənlər izi itirmək üçün evə od vurublar.
Mərhum sağlığında “Azvirt” MMC-də iş icraçısı işləyib.
“Azadlıq”a daxil olan məlumatlara görə, “Azvirt” MMC-nin rəhbəri Kamil adlı şəxsdir. Onun mərhum atası Əli Musayeviç məşhur yol işçisi olub. Məlumatlara görə, “Azvirt” hakimiyyətə bağlı şirkətdir. MMC-nin xüsusilə nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olduğu deyilir. Maraqlıdır ki, “Azvirt”in rəsmi saytında MMC barədə xeyli məlumat olsa da, rəhbərlik haqqında bir cümlə belə yoxdur.    
“Azvirt” MMC 1995-ci ildə yaradılıb. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarınin tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir.

“Azvirt” aşağıdakı layihələrdə yer alıb:

Belqrad – Cuzni Cadran magistral yolunun tikintisi
Buxarest dairəvi yolunun yenidənqurulması,
Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəzarət Qülləsinin tikintisi,  mövcud Aerovağzal Terminalının yenidənqurulması.
Bakı – Ələt – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2-4 km hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri    
Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının tikintisi
Qəbələ – Ağdaş avtomobil yolunun (0 – 22 km) tikintisi
Bilgəh – Novxanı – Sumqayıt avtomobil yolunun yenidənqurulması
Qəbələ Beynəlxalq Hava Limanının tikintisi
Heydər Əliyev Beynəlxalq Hava Limanı – Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması
2007-2008    Bakı şəhəri, Əzizbəyov dairəsi – H.Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və Təkmilləşdirilməsi
“Azalhelikopter” Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması
Zaqatala Hava limanının tikintisi
Lənkəran Beynəlxalq Hava Limanının tikintisi
Gəncə Beynəlxalq Hava Limanının yenidənqurulması
Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi
Bakı Aeroportunda ağır tipli (400 ton və yuxarı olan) təyyarələr üçün perronun və sükan yollarının tikintisi
Heydər Əliyev Beynəlxalq Aeroportunda Kompleks yenidənqurma işləri
“Azal – Oil” müəssisəsi üçün yolların təmiri
Bakı Aeroportunda yeni yönəldici yolun tikintisi və mühəndis – kommunikasiya xətlərinin köçürülməsi
Bakı Aeroportunda yük terminalı istiqamətində yolun tikintisi
“Azalhelikopter” Aviaşirkətinin yeni aerovağzal ərazisinin yenidənqurulması
“Azalhelikopter” Aviaşirkətinə giriş yolunun əsaslı təmiri
Səngəçal terminalı ərazisində daxili yolların tikintisi
Bakı Aeroportunda perronun əsaslı təmiri
Bakı Aeroportuna giriş yolunun tikintisi
Bakı şəhər küçə və yolların təmiri

“Azvirt” sadalanan iri layihələrdə yer alması da göstərir ki, MMC-nin yüksək səviyyədə himayədarları var. Azərbaycanda heç bir şirkət hakimiyyətdə yüksək səviyyədə himayə olunmadığı halda iri infrastruktur layihələrdə iştirak edə bilmir.

***

Beləliklə bəlli olur ki, Akif Əfəndiyev sıradan bir şirkətin səlahiyyətli şəxsi olmayıb. Bu baxımdan onun qətli də sıradan bir cinayət hesab edilməməlidir. Hüquq-mühafizə orqanlarının hələ ki, qətlin motivi barədə heç nə deməmələri bu hadisə ilə bağlı müəmmaları artırır. Mövzunu davam etdirəcəyik.

Informasiya şöbəsi