Bəxtiyar Sadıqov baş redaktoru olduğu “Azərbaycan” qəzetinin son sayında “Milli satqınlar” adlı müəllif yazısı ilə çıxış edib. B.Sadıqov bildirib ki, hər dövlətin içində “Beşinci kolon”, yəni satqınlığı qəbul edənlərdən ibarət qurumlar var. Müəllif ümumiləşdirmə aparmaqla kifayətlənməyərək konkret adlar və hədəflər də göstərib: “Vaxtilə müxalifət qəzetlərində işləyən bir sıra jurnalistlər xaricə gedərək sığınacaq və pul müqabilində müstəqil Azərbaycanın əleyhinə işləyirlər. Ailəsi ilə birlikdə özgə qapılarında qalıb bir qarın çörək üçün vətəni satanlardan biri də ”Azadlıq” qəzetinin “qiyabi redaktoru” Qənimət Zahiddir. Qəzetdə yazmaqla ürəyi soyumadığından indi Almaniyada televiziya vasitəsilə əleyhimizə işləyir. Yaxınlarda bir neçə jurnalist və hüquq müdafiəçisi Cenevrədə toplantıya qatılaraq xaricdəki qrant verən ağaları qarşısında ölkəmizdə mətbuat və söz azadlığının, demokratiyanın olmadığını “sübut etməyə” çalışırdılar”.
B.Sadıqov Zəfər Quliyevin də ünvanına ittihamlar səsləndirib: “Biz yazanda ki ”Regnum” ermənilərindir, onlara işləyirsiniz, qulaqardına vururdunuz! Budur, muzdlu mirzələrinizdən biri olan Zəfər Quliyev “Regnum”da siyasi şərhçi vəzifəsindən çıxdığını bəyan edib. Səbəb kimi agentliyin ermənilərin əlinə keçdiyini göstərir. Yalandır, agentlik əvvəldən ermənilərə məxsus idi! Sadəcə, Ermənistanın vəziyyəti son parlament seçkilərindən sonra daha da ağırlaşdığından “Regnum”a əvvəlki qədər maliyyə ayıra bilməyəcəyini bəyan edib. “Əməkhaqqı” azaldığı üçün işdən çıxır!”.
“Mən onun yanında və yuxarısında dayananların ailəsinin harada olduğu barədə heç nə yazmamışam”
Bəxtiyar Sadıqovun yazdıqlarına cavabında Q.Zahid əvvəlcə baş redaktoru ailə məsələsini qabartmasına münasibət bildirdi: “Mən onun yanında və yuxarısında dayananların ailəsinin harada olduğu barədə heç nə yazmamışam və heç nə deməmişəm”. “Beşinci kalon” itthamlarına gəlincə, Q.Zahid bunları dedi: “Azərbaycanda beşinci kalonun babası Lenin sayılır. Bəxtiyar Sadıqov düz deyir. Mən 1969-cu ildən başlayaraq Azərbaycanda Leninizmin praktik tətbiqi ilə bağlı olan yüksək vəzifələr tutmuşam, sonra da eyni təcrübə üzrə Azərbaycan xalqını idarə etməkdəyəm. Görünür, Bəxtiyar ”Beşinci kalon”un babası barədə danışarkən onun yerli bir nömrəli icraçısının Heydər Əliyev olduğunu vurğulamaqla Ramiz Mehdiyevdən qidalanaraq Ilham Əliyevə əzəli-əbədi nifrətini bildirmək istəyib”.
“Bəxtiyar Sadıqovun fikirləri məndə ancaq gülüş doğurur”
Siyasi şərhçi Zəfər Quliyev isə B.Sadıqovun iddialarını gülünc adlandırıb: “Bu çox gülünc açıqlamadır. Birincisi, gedib maraqlansın ki, ”Regnum”un qonorar siyasəti necədir. Bu siyasət regiondan asılı olmayaraq eynidir, dəyişməzdir. Orada işlədiyim il yarım ərzində dəfələrlə soruşmuşdum ki, ümumi qonorar siyasətində müəllifə və ya hansısa eksklüzivə görə fərqli yanaşmalar varmı. Həmişə də deyiblər ki, qonorar siyasəti dəyişməz olaraq qalır. Ona görə bu cür iddialar çox gülməlidir. Mən “Regnum”a bir şərtlə getmişdim ki, heç bir senzura, mövzu seçimində müdaxilə olmayacaq. Il yarım ərzində mən istədiyimi yazırdım. Lakin sonradan məlum səbəbə görə açıq bəyanatla çıxdım. Bu proses tam şəffaf olub və qonorarla heç bir bağlılığı olmayıb. Indi Bəxtiyar Sadıqovun belə fikirlər səsləndirməsi məndə ancaq gülüş doğurur”.
“Kimin kimə ağa və ya qul olması açıq görünürdü”
Bəxtiyar Sadıqovun işarə vurduğu Cenevrə səfərinə gəlincə, həmin tədbirin iştirakçılarından biri “Demokratiya naminə oxu” kampaniyasının təşkilatçılarından olan Rəsul Cəfərovdur. R.Cəfərov deyir ki, həmin tədbirdə kimin kimə işləməsi, yaxud kimin kimə ağa və ya qul olması açıq görünürdü: “Müzakirələrdən sonra təşkil edilən mətbuat konfransı da göstərdi ki, bu tədbir Azərbaycan hakimiyyətinin müsbət imicinin formalaşmasına hesablanmışdı. Bu cür köşə yazıları ilə bizə hücuma keçmələri narahatçılığın göstəricisidir. Hesab etmirəm ki, bu cür yazılarla vəziyyətin dəyişməsinə nail olacaqlar. Hamı, elə Bəxtiyar Sadıqov da yaxşı bilir ki, Azərbaycanda insan haqlarının, söz azadlığının, demokratiyanın vəziyyəti necədir. Belə yazılarla özlərini aldatmaqdan başqa heç nəyə nail ola bilməzlər. Ona görə bu cür yazılara heç xüsusi diqqət yetirmək lazım deyil”.