Alman mediası Əliyevdən əl çəkmir

“İlham Əliyev ölkəni avtoritar qaydalarla idarə edir”

Almaniya mediasında Azərbaycan hakimiyyətini hədəf alan növbəti məqalələr yayımlanıb. “Deutche Welle” qəzetində yayımlanan məqalədə ölkəmizin ictimai-siyasi tarixindən, Dağlıq Qarabağ problemindən qısa xatırlatmalar yer alıb. Məqalədə Azərbaycanın “Eurovision” yarışmasına hazırlığı, paytaxtımızıda aparılan tikinti-söküntü işləri və s. faktlardan istifadə olunub. “Deutche Welle” yarışma fonunda ölkəmizdəki insan haqları və demokratik duruma, iqtisadi-sosial vəziyyətə də toxunub.

“Səbəb korrupsiyanın geniş yayılmasıdır”

“Regionun ən varlı keçmiş sovet ölkəsi “Eurovision” musiqi yarışmasına ev sahiblyi edir. Azərbaycan demokratik ölkə deyil. Hökumətin xərclədiyi milyonlar hesabına möhtəşəm şou hazırlamaq olar. Ancaq yaxşı yaşayış və ədalət qurmaq olmaz”, – deyə qəzet yazır. “Deutche Welle” də Avropanın ən nüfuzlu musiqi yarışmasının neftlə zəngin ölkənin tanıdılması üçün yaxşı PR kampaniya əhəmiyyəti daşıdığını vurğulayıb. Məqalədə ölkəmizin zəngin olmasına baxmayaraq vətəndaşların çox kasıb yaşadığı deyilir: “Azərbaycan neftlə zəngin ölkələrdən biri olsa da, insanlar çox kasıb yaşayır. Səbəb isə qeyri-demokratik sistem və korrupsiyanın geniş yayılmasıdır”.
“Deutche Welle”-yə danışan İngiltərənin nüfuzlu “The Economist” jurnalının eksperti deyib ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan demokratiyanın indeksinə görə 167 ölkə arasında 140-cı yerdə dayanır. Azərbaycan avtoritar rejim tərəfindən idarə olunan ölkələr qrupuna daxildir.
Alman qəzeti daha sonra Azərbaycanı artıq 20 ilə yaxındır Əliyev ailəsinin idarə etməsindən yazır: “1993-2003-cü illər arasında ölkəyə sovet “KQB”-nin keçmiş rəhbəri Heydər Əliyev rəhbərlik edib. O, xəstələndikdən sonra hakimiyyətə onun oğlu İlham Əliyev gəldi. Buna görə də tənqidçilər Azərbaycanı “irsi avtoritarizm”də günahlandırır. 50 yaşlı İlham Əliyev atası kimi ölkəni avtoritar qaydalarla idarə edir. Jurnalist və müxalif fəallar həbs olunurlar. İnsan haqları uğrunda mübarizə aparanlar musiqi yarışmasından istifadə etməklə diqqətlərin ölkədəki demokratik çatışmazlıqlara yönəldilməsinə çalışır”.

“Hakimiyyət illüziya yaratmaq istəyir”

Ölkəmiz haqda digər məqaləni “Der Spiegel”in müxbiri Ştefan Niqqemayer öz bloqunda yayımlayıb. “Der Spiegel” əməkdaşı məqaləsində “Eurovision” fonunda ölkəmizdə baş verən son hadisələrə diqqət ayırıb. Müəllif yazır ki, Pekindəki Olimpiya oyunları kimi “Eurovision” musiqi yarışması da Azərbaycandakı rejim üçün reklam əhəmiyyəti daşıyır. Hakimiyyət elə illüziya yaratmaq istəyir ki, guya diktatorlar kimi insanları həbs etmir, ölkədə repressiv rejim hökm sürmür.
Niqqemayer yarışmanın təşkilatçısı Avropa Yayım Şurasını Azərbaycan hakimiyyətinin antidemokratik addımlarına göz yummaqda, ölkədəki problemlərə diqqət yetirməməkdə günahlandırıb:“Elə təssürat yaranıb ki, “Eurovision” kimi nüfuzlu yarışma Azərbaycan hökumətinə xidmət edir. Əgər Avropa Yayım Şürası yarışmanın siyasiləşməsinin əleyhinə çıxış edirsə, demək Azərbaycan hakimiyyətinin maraqlarına uyğun mövqe sərgiləyir. Hökumət sistematik şəkildə insanların siyasi həyatdan uzaqlaşmasında maraqlıdır. Bununla razılaşmayan insanlar isə siyasi baxışlarına görə təqdib olunurlar”.