Zaqatalada 6 ballıq növbəti zəlzələ oldu

Mayın 18-də yerli vaxtla saat 19:46:33-də Zaqataladan 15 km cənubda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunduğu barədə məluamat verib.

APA-nın Şəki-Zaqatala bürsonun məlumatına görə, baş vermiş zəlzələ nəticəsində Zaqatala və Qax rayonunda yenidən dağıntılar qeydə alınıb. Hər iki rayonun icra hakimiyyətlərindən verilən məlumata görə, əvvəlki zəlzələdə qəzalı vəziyyətə düşmüş tikililərin böyük əksəriyyəti uçub.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bir neçə nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Gələnlərin əksəriyyəti stress keçirmiş insanlardır.

Fövqəladə Hallar Nazirliyi bir nəfərin yüngül xəsarət aldığı barədə məlumat verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, zəlzələ baş verən zaman Zaqatala-Muxax yolu ilə hərəkət edən, 21 yaşlı Fərid Hacıömərov idarə etdiyi avtomobili həyəcandan yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya bildirib ki, hazırda komissiya baş vermiş sonuncu təkan nəticəsində meydana gələn fəsadları araşdırır. O, dağıntılar barədə hesablamalardan sonra məlumat veriləcəyini qeyd edib.