Sülalə rejimi ilə cümhuriyyətin fərqi

Türkiyəyə üçgünlük səfərin acılı-şirinli təəssüratları

Keçən həftənin 3 gününü Türkiyədə keçirdim. Bu qısa səfərdən bir neçə qısa qeyd etməyi vacib sayıram.

Qara dənizin hasarları niyə yoxdur?

Türkiyədə Qara dəniz boyunca 1000 km-dək yol getdim. Soruşun, Qara dəniz sahilində bizdəki kimi daş hasarlar gördünmü? Görmədim. Xəzər dənizi kənarında maşallah, elə hasarlar ucaldılıb ki, ən böyük avtobusdan onun suları görükmür. Qara dəniz türk iş adamlarının və məmur heyətinin bacarıqsızlığı ucbatından hələ ki, hasar lütfündən məhrumdur.

Yaxşı ki, Ilham Əliyev Türkiyədə rəhbər deyil

1000 km-lik yolda sayını itirdiyim qədər yeraltı keçid saydım. Onları hər gördüyümdə Ilham Əliyev nə bəxtəvər adamdır deyə, düşündüm. Çünki təsəvvür edin, o Azərbaycana yox, Türkiyəyə rəhbərlik etsəydi, vərdişindən dolayı, günü bu keçidlərin açılışında iştirak etməklə hədər olardı.
Yeri gəlmişkən, Türkiyə baş naziri R.T.Ərdoğan da təməlqoyma, açılış marasimlərində olur. Amma fərqə diqqət edin; Ilham müəllim şəninə 2 km yolun açılış lentini kəsməyi sığışdırırkən, ötən həftə Rizedə 14 km 700 metrlik tunelin (bu, Avropada uzunluğuna görə 2-ci olmalıdır) təməlqoyma mərasiminə gələn R.T.Ərdoğan elə bir çıxış etdi ki… “mən, adətən, belə mərasimlərə qatılmıram-filan”. Allah eşqinə, insan da bu qədər soyuqqanlı olarmı, analoqsuz tunel tikəsən, amma onun lentini kəsmək üçün getməyəsən?

Vəhşi kapitalizm

Sovet dərsliklərində bizə vəhşi kapitalizmdən çox şeylər öyrətmişdilər. Budəfəki səfərdə mən nəhayət, onu gördüm və çox əsəbiləşdim. Türklərin yolüstü kafelərində siz telefonunuzu, kompüterinizi elektrik şəbəkəsinə qoşmaq üçün pul ödəməlisiniz. Bunun qiyməti 1 TL-dir( 50 qəpik). Tamam, dişimi dişimə sıxıb 1 Tl-dən keçdim. 20 dəqiqədən sonra elektrik kəsildi. Izah: 1 TL-yə ancaq 20 dəqiqə zaman verilir, abi.
O satıcı qardaşa dedim ki, bu qədər fürsətcillik etdiyinizdəndir ki, dörd bir tərəfiniz dənizdir, amma təbiət sizə nefti-qazı qıymayıb.

Əliyevlərin çiçəklərini sönmüş gördüm

Maksimum ən müxtəlif təbəqəni təmsil edən insanlarla Azərbaycanın siyasi sistemi barədə söhbət etdim. Azərbaycan hakimiyyətinə neqativ münasibət açıq hiss olunur. Bunun iki səbəbini duydum. Birinci səbəbin yaradıcısı R.T.Ərdoğandır. Ərdoğanın antiIsrail siyasəti fonunda Ilham Əliyevin Israilə könül, neft-qaz verməsi, silah alması türkləri xeyli qırıb.
Ikinci vacib məqam Azərbaycandakı sülalə rejiminə görədir. Bizə elə-belə gəlsə də Osmanlı səltənətini yıxıb cümhuriyyət quran türk cəmiyyəti Ilham Əliyevin hakimiyyəti atasından miras kimi almasına hörmət bəsləmir.

Insana xidmət edən gözəllik

Etiraf edirəm; nə Ankarada, nə Istanbulda Bakıdakı kimi şık, parlaq parklar, meydanlar gördüm. Ancaq hacıbalanın mərmərli parklarının heç biri o köhnə parkların verdiyi lüksü verə bilmir. Səbəb bizim parkların insana yox, ancaq görüntüyə hesablanmasındadır. Dostuma dedim ki, bizim parklar estetik əməliyyatlardan hisslərini, emosiyalarını itirən gözəl kimidir; gözəldir, amma duyğusuzdur, insafən dostum da mənlə razılaşdı.

Atatürk və ordu

Uzun illərdir Türkiyədə gizli-gizli danışılan iki mövzu var: ordu və Atatürk mövzusunda avtoritarizm.
Yanılmıramsa, bu narahatlıq artıq ortadan qalxır. Iki nümunə yazacam. “Topqapı” sarayının girişində əli silahlı gözətçi iki əsgər vardı. Əsgərin insanlarla rahat-rahat danışması diqqətimi çəkdi. Yaxınlaşıb soruşdum: sizdə gözətçinin başqaları ilə danışma hüquqü varmı?
Qabaq bu hüquq onlarda da olmayıb. Əsgər deyir ki, insanların arasında əli silahlı əsgərin vahimə yaratmaması üçün bu addım atılıb. Çox doğru saydım bunu.
Gülhanə parkında “Hürriyət” qəzetinin Atatürk üçün ucaltdığı bir abidə var. Onunla foto çəkdirmək istəyəndə iki məktəbli uşaq Atatürkün dizləri üstünə dırmaşdılar. Bununla da yetməyib, Atatürk niyə belə qəzəbli baxır deyib, heykəlin “kefini açmaq” üçün yanaqlarını da çimdiklədilər. Bir anlıq düşündüm ki, iraq olsun, eyni mənzərə heydər Əliyevin abidələri ilə bağlı təkrarlansa, o uşaqların qarnına bizdə neçə güllə sıxarlar?