Özü də bilmədən…
“Azərbaycan-Serbiya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir. Təəssüf ki, ticari əlaqələrimiz hələ də yüksələn xətlə inkişaf etmir”. Bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bu dünən Bakıda keçirilən Azərbaycan-Serbiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticari əlaqələri o qədər yüksək deyil və bunu iki ölkə arasında ticari rəqəmlərdən görmək olar.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin həcmi 2 milyon 772 min ABŞ dolları olub.
Bu xəbəri təsadüfən yazmadıq. Çox yox, bir qədər əvvəl Azərbaycan aralarında “iqtisadi əlaqələr aşağı səviyyədə” olduğu bir dövlətə nə az, nə çox, 308 milyon avro kredit verib. Qarşılıqlı ticarət dövriyyəsi 2 milyon dollar olan bu dövlətə. Bax, əsl absurd buna deyərlər.
Xatırladaq ki, aprelin 6-da Milli Məclis Azərbaycan və Serbiya hökumətləri arasında kredit sazişinə baxıb. Saziş Serbiyada avtomobil magistralının tikintisinin maliyyələşdirilməsi üçün borc verən qismində çıxış edən Azərbaycan hökuməti ilə borc alan qismində çıxış edən Serbiya hökuməti arasında bağlanıb. 2012-ci il fevralın 1-də imzalanmış sazişə əsasən, Azərbaycan Serbiyada magistral yolun layihələndirilməsində, maliyyələşdirilməsində iştirak edəcək. Baş podratçı da Azərbaycan şirkəti olacaq.
Saziş 25 il müddətinə nəzərdə tutulub, maliyyə məbləği 308 milyon avrodur. Kredit illik faiz dərəcəsi 4 faiz olmaqla verilir.
Bir məqamı da vurğulayaq. Bu fakt əslində Azərbaycanda korrupsiyanın hansı həddə olmasının rəsmi təsdiqidir. Bu informasiya Azərbaycanda körpü-tunel layihələrinin maya dəyərinin ifrat həddə şişirdildiyi barədə iddiaları bir daha təsdiqləyir. 300 milyon avroya 60 körpü və 5 tunel tikiləcək. Orta hesabla bir körpüyə 4,6 milyon avro xərclənmiş olur. Bu isə Azərbaycandakı analoji layihələrdən dəfələrlə aşağıdır. Məsələn, Zaqatalada Talaçay üzərində cəmi 172 metr uzunluğu olan körpünün tikintisinə 8,8 milyon manat xərclənib. Şəkinin Şin çayı üzərindəki körpüyə isəÿ 2006-2010-cu illərdə üst-üstə 22 milyon manat xərclənib. Bu pula Serbiyada 5 körpü tikmək olar.


