Sağlamlığınla tanış ol, millət və ya

Rejimin mahiyyətini açan faktlar
Anormal səhiyyə sistemi barədə acı düşüncələr
(Üçüncü-sonuncu yazı)

Dövlətin rəsmi qurumu olan Statistika Komitəsinin internet səhifəsinə daxil olmaqla rejimin millətin sağlamlığı keşiyində dayanmasının necəliyinə qiymət vermək olar. Azərbaycanda statistik rəqəmlərin bütün sahələrdə saxtakarlığa məruz qalması danılmazdır. Hətta saxtakarlıqdan sonrakı rəqəmlər belə YAP rejiminin gerçək mahiyyətinə güzgü tutmaq gücündədir. Statistika Komitəsinin quru, ancaq danışmaq iqtidarında olan rəqəmlərinə nəzər saldıqca adamı dəhşət götürür. Bu rejim millətin sağlamlığına elə ağır zərbələr vurur ki… Yazmaq belə ağırdır.
Əsas faktlara müraciət edək:
1. Azərbaycanda pensiya və müavinət alan əlillərin sayı – 2000-ci ildə ikiyüz əlli min yeddi yüz on iki (250712) nəfərdən, 2011-ci ildə dörd yüz səksən səkkiz min beş yüz əlli bir (488551) nəfərə çatıb. 2010-cu ildə 18 yaşadək iyirmi bir min yeddi yüz otuz doqquz (21739) uşaq, 2011-ci ildə əlli yeddi min doqquz yüz qırx bir (57941) uşaq şikəstliyə görə müavinət alır. Son on ildə əlillərin sayı təxminən iki dəfə, şikəst uşaqların sayı isə iki dəfə yarım artıb. Sadəcə, bu iki rəqəm YAP iqtidarının sosial siyasətinin nə yerdə olduğunu təsdiqləməyə yetərli sayıla bilər.
2.Əhalinin şəkərli diabetlə xəstələnməsi – 2000-ci ildə müalicə-profilaktika müəssisələrində qırx iki min dörd yüz qırx doqquz (42449) xəstə qeydiyyatda idi, 2011-ci ildə şəkərli diabet xəstələrinin sayı yüz iyirmi bir min doxsan beş (121095) nəfərə çatıb. Yəni bu xəstəlik son on ildə üç dəfə artıb. Və bu xəstəliyin yaranmasında sosial faktorların nə qədər önəm daşıdığını yadınızda saxlayın.
3.Narkomanların sayı – 2000-ci ildə Azərbaycanda on dörd min on (14010) narkoman qeydiyyatda dayanırdı. 2010-cu ildə iyirmi dörd min səkkiz yüz yetmiş beş (24875) narkoman qeydiyyatdadır. Qeydiyyata düşməyən, müxtəlif yollarla, gizlin müalicə olunanların sayı barədə düşünün.
4.Əhalinin psixi xəstəliklərlə xəstələnməsi – 2000-ci ildə Azərbaycanın səhiyyə ocaqlarında doxsan yeddi min iki yüz yetmiş doqquz (97279) psixi xəstə qeydiyyatda dayanırdı. 2010-cu ildə psixi xəstələrin sayı yüz iyirmi doqquz min beş yüzə (129500) çatıb. Psixi xəstəliklərin etiologiyasında sosial mühitin, anormal səhiyyə sisteminin, cəmiyyətin başının üzərində dolaşan depressiya kabusunun çox ciddi rol oynadığını yadınıza salıram.
5.Doğuşlar və abortlar – 2000-ci ildə ölü doğulanlar da daxil olmaqla doğuşların sayı doxsan beş min iki yüz (95200), abortların sayı on yeddi min beş yüz (17500),     2010-cu ildə müvafiq olaraq yüz qırx yeddi min beş yüz (147500) və iyirmi altı min səkkiz yüz (26800) olub. Hər min qadına düşən abortların sayı 7,7-dən, 9,9-a çatıb. Qeydiyyatı aparılmayan abortları, gizlin gerçəkləşdirilən abortları, qız uşaqlarının abortlarını və birinci hamiləliyin pozulması abortlarını bura əlavə edib millətin genefondu barədə fikirləşin.
6.Rəsmi qeydə alınmamış nikahda olan qadınların doğduğu uşaqların sayı – 2000-ci ildə altı min iki yüz səksən iki (6282) uşaq rəsmi nikah olmadan dünyaya gəlibsə, 2010-cu ildə iyirmi beş min üç yüz səksən beş (25385) uşaq rəsmi nikah olmadan doğulub. Bu fakta – nikahdankənar doğulan uşaqların sayının dörd dəfədən artıq çoxalmasına təkcə sağlamlıq prizmasından deyil, mənəvi aspektdən də dəyər vermək lazımdır…
Indi oxuduqlarını saf-çürük et, dəyərli oxucu. Gözünün önünə təm-təraqlı lentkəsmələri, hay-küylü ziyafətləri, gərəksiz festivalları, müsabiqələri, dövləti idarə edənlərə məxsus villaları, yekə-yekə obyektləri, milyonluq maşınları və nəhayət ayı 90, günü 3 manata yaşamağa məhkum qocaları, kimsəsizləri, yetim uşaqları, acından ağlayan körpələri gətir. Və bir də milləti deqradasiyaya məruz qoyan, manqurtlaşdıran YAP iqtidarı barədə düşün. Yaxşı-yaxşı düşün…