Fuad Qəhrəmanlı: «Qarşıdakı dönəmdə Moskva Azərbaycana təzyiqlər göstərə bilər»
«MDB-nin sammitində Əliyevə münasibət bunun anonsu idi»
Moskvada keçirilən MDB-nin qeyri-formal sammiti bir sıra diqqət çəkən məqamlarla yadda qaldı. Belə ki, Rusiya prezidenti Putin tədbir çərçivəsində digər ölkələrin prezidentləri ilə görüşsə də, Azərbaycan prezidenti ilə təkbətək görüşü olmayıb. Baxmayaraq ki, Medvedevin prezidentliyi dövründə bu tip tədbirlərdə Əliyevin Rusiya prezidenti ilə görüşü baş tuturdu. Bundan əlavə, Azərbaycan və Ermənistan prezidentləri ilə birgə görüş də təşkil olunurdu. Lakin bu dəfə Putin belə bir təşəbbüslə çıxış etmədi. Bu nəyi görsənişi ola bilər?
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının fikrincə, belə bir görüşün təşkil olunmaması Rusiyanın Azərbaycana önəm verməməsinin göstəricisidir. Putin Azərbaycanla bağlı məsələlər dəyərləndirilməyə ehtiyac duymayıb. Bununla da rəsmi Bakıya mesaj vermiş olur ki, Azərbaycanın onun üçün xüsusi önəmi yoxdur.
Putinlə Əliyev arasında müəyyən soyuqluğun hiss olunduğunu deyən F.Qəhrəmanlı bunun dövlətlərarası münasibətlərdə də ifadə olunacağını qeyd etdi. Eyni zamanda Azərbaycanın Qərblə birgə həyata keçirdiyi bir sıra layihələr, həmçinin Qəbələ RLS ilə bağlı razılığın əldə olunmaması Rusiya tərəfindən birmənalı qarşılanmır. Bu da qarşıdakı dönəmdə Moskvanın Azərbaycana təzyiqlər göstərməsi ilə nəticələnə bilər. Əslində MDB-nin qeyri-formal sammitində Azərbaycana məhz bunun anonsu verilib.
F.Qəhrəmanlının sözlərinə görə, bundan sonra Rusiyanın Azərbaycandan daha ciddi güzəştlər tələb edəcəyi ehtimal olunur. Rusiya MDB dövlətlərinin Moskvadan asılılığını da artırmağa cəhd edəcək. Bundan sonra Azərbaycanın oynayacağı rol ciddi əhəmiyyət daşıyır.
Fizzə