Lənət boyunduruğu

Uğurlarımız özümüzü də heyrətləndirir. Mən də bir vaxt insanlara nikbinlik aşılamağın yolları və üsulları haqda çox düşünürdüm. Hətta bu proqrama o vaxt ad da qoymuşdum: “Sosial reabilitasiya proqramı”. Bununla bağlı öz qeydlərimi bir müxalifət liderinə də vermişdim. Indi bunu nədən xatırladım? Insanlara müsbət emosiyalar aşılamaq lazımdır. Mən, məsələn, heç bir vaxt satiranın “tərbiyə” gücünə, yaradıcı potensialına inanmamışam, hərçənd ki, mən də başqaları kimi bu janrı sevirəm. Lakin müsbət emosiya da bayağı və zəhlətökən olmamalıdır. Insanları inandıraraq nikbin etmək lazımdır. Daim o fikri aşılamaq lazımdır ki, başqaları bu işi bacarıbsa, sən də bacararsan. Bu yolla insanda özünə inam yaranır. Indi nə edirlər? Yalan danışırlar. Nəticəsi də əksinə olur, çünki yalan insanları dilxor edir, onlarda ikrah yaradır. Məni bu yalanlar daha çox bezdirir, çünki ölkənin real mənzərəsi qismən mənə və mənim kimi jurnalistlərə aydındır. Amma o biri insanları da sadəlövh hesab etmək lazım deyil, onlar da bilir və düşünürlər. Indi bütün tərəflərdə bu tendensiyanı hiss edirəm, hamı süni siyasi texnologiyaya meyl göstərir. Bu, artıq yalanın milliləşməsidir. Məntiq sadədir. Əgər onlar yalan danışmaqla düz 19 il idarə edə bilirlərsə, biz nədən yalan danışmayaq? Mən bu yanaşma tərzində kobud səhv görürəm. Əvvəla, onların hakimiyyətinin yalnız o yalan üzərində qurulması fikri yanlışdır, çünki bu hakimiyyət ictimai rəy üzərində deyil, zor üstündə bərqərar olub. Yalandan köməkçi vasitə kimi istifadə edir və düşünürlər ki, bunu da etmək lazımdır ki, insanlarda sual yaranmasın. O ki qaldı yalanın təqlid edilməsinə, bunun effektinə inanmıram. Güman edirəm ki, insanlara həqiqət deyilməlidir, çünki o acı olanda belə daha çox təsir edir, nəinki şirin yalan. Ümumi fikir belədir ki, bütün avtoritar rejimlər yalan üzərində qurulub. Bu fikrə də bir qədər düzəliş verərdim: onların hamısı yalandan istifadə edir. Amma əsas dayaq zordur, gücdür. Sovetlərin süqutu ərəfəsində yeni yalanlar istehsal etməyə cəhd etdilər. Deyirdilər ki, o vaxt mövcud olan quruluş Stalinin deformasiyalarının nəticəsidir, əgər ölkə Stalinin yox, məsələn, Buxarinin dediklərini etsəydi başqa mənzərə alınardı.
Amma bu yalanlar işləmədi, çünki artıq kökə yox idi və kökə olmadığı üçün hökm və hakimiyyət yox idi. Nahaq yerə demirlər ki, varlı hökmdarın hökmü çox çəkər. Bunu ona görə deyirəm ki, tək yalanla idarə etmək olmur və arabir başqa şeylər də fikirləşmək lazımdır. Bu mənada bizim hakimiyyət də istisna deyil, çünki neft kökə problemini qismən həll edir, zopa problemi isə yoxdur, onu daim inkişaf etdirir və daim aktuallaşdırırlar. Bunu yazanda rusların bir ifadəsi yadıma düşdü: kökə və zopa metodu. Qəddar rejimlər, o cümlədən də avtoritar sistemlər o vaxt çökməyə başlayır ki, bu iki amildən birinin böhranı başlayır. Böhran başlayanda yalan daha çox aktuallaşır, ona da kökə-zopa-yalan triadası deyirlər. Bu triadasız totalitar və yaxud da avtoritar rejim mövcud ola bilməz.
Putinin geosiyasi körpüsü
Rus ictimai-siyasi təsəvvüründə həmişə missionerlik ideyası olub. Bu yazıda bu ölkənin slavyanofilləri və qərbçiləri haqda yazmayacam. Əvvəllər bu haqda çox yazırdım. Burada sadəcə onu qeyd etmək istəyirəm ki, Rusiya öz missiyası ilə artıq bir neçə əsrdir hamını boğaza yığıb. Bunların Avrasiya Ittifaqı ideyası da yeni deyil. Hər şeyi bir tərəfə, belə təsəvvür yaranır ki, bu dəfə qardaşlarımız Avropa ilə Asiya arasında bir körpü rolunu oynamağa və bizi də buna inandırmağa cəhd edirlər. Lakin Şərqi Avropa ölkəsi adı verilən Ukraynaya və Azərbaycana körpü lazımdırmı? Avropa özü öz körpüsünü elə Rusiyanın köməyi olmadan qurur də… Burada Rusiyaya nə ehtiyac var? Bu sualları biz özümüz-özümüzə düz 21 ildir ki, veririk. Hələ də cavabını nə ala, nə də tapa bilməmişik. Burada bir lətifə yadıma düşdü. O lətifənin məntiqini bura şamil etsək, cavabı tapa bilərik. Beləliklə, Avrasiya Itiifaqı nədir və ona kimin ehtiyacı var? Bu nə Avropadır, nə də Asiya, bir lənət boyunduruğudur və Rusiya ha çalışır ki, onu bizim boynumuza keçirsin…