Laçının şahin oğlu Sultan bəy

Ermənilərin amansız qənimi

Xalq arasında Sultan bəy kimi tanınan Sultan bəy Sultanov Azərbaycan xalqının qəhrəman oğullarından biri, erməni zülmünə qarşı mübarizə aparmış xalq qəhrəmanıdır.
Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olub.
Ibtidai təhsil aldıqdan sonra Gəncə gimnaziyasında orta təhsilini tamamlayıb, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Ancaq naməlum səbəblərə görə məktəbi bitirməyib və doğma kəndinə qayıdıb. Sultan bəy doğma yurdunda heyvandarlıqla və meşəçiliklə məşğul olub, yağ-pendir zavodu tikdirib.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.
Sultan bəyin sonrakı qəhrəmanlıqları 1918-ci il  hadisələrinə təsadüf edir. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, Irana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
Yazıçı-publisist Ənvər Çingizoğlu yazır: “Sultan bəyin qəhrəmanlığının ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, beləliklə də bu torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər.
Şimali Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa girərək oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik, demək olar, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında “Qanlı dərə” adlandırıldı”.
“Dağlardan uca könlüm, olubdur qəm qalağı…”
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı.
Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində “Gorgahat”ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirib, yarğanda gizlənərmiş. Bir gün onunla qarşılaşarkən onu tanımayan və sonradan tanıyıb üzrxahlıq edən həmkəndlisinə aşağıdakı bayatını söyləyir:
Mən aşiqəm yarqana,
Yar sözünü yar qana.
Dünyaya sığmaz başım,
Sığınıbdır yarğana.
Ermənilərin hiylələri ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan Inqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy Iran şahına üz tutur. Şah Iranda Rusiyanın erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq, Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və Iskəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.
Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, “Qarapalçıq” adlanan dağın zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır:
Mən aşiq qəm qalağı,
Dağların qəm qalağı.
Dağlardan uca könlüm,
Olubdur qəm qalağı.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
Sovet imperiyasının göndərdiyi xüsusi casuslar Iranda at oynadıb meydan sulayır, tez-tez qətllər törədirdilər. Göndərilmiş xüsusi casuslar Sultan bəyin qardaşı Iskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən Iran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türkiyə dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur
Bəhs etdiyimiz kimi, Sultan bəyin milli qəhrəman kimi ad qazanması 1905-1906-cı illər erməni-müsəlman hadisələrindən başlayır. Azərbaycan türklərinə qarşı qırğınlar törədən ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq etdiyi zamanda, Sultan bəy düşmənin geri oturdulmasında xüsusi rol oynayıb.
1919-cu ilin fevral ayında Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələr Laçının Zabux dərəsində erməni generalı, müsəlmanların qatı düşməni Andronikin daşnak ordusunu darmadağın edib. Bununla da Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq, Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst edib.
Onun rəhbərliyi iləÿQaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilib və onlardan 600 nəfəri əsir alınıb, Irana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında məhv edilib, Zəngəzurda onlarla kənd erməni quldur dəstələrindən təmizlənib.
Türkiyəyə son yolçuluq
Sultan bəy və onun qardaşı – Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağ deyil,ÿBasarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olub. Sultan bəy sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayıb. Əvvəlcə Iranda olub, 1923-cü ildə Türkiyəyə gedib. 1955-ci ildə Türkiyədə Qars vilayətinin Köçqoy kəndində dünyasını dəyişib. Sultan bəy mühacirətdə olarkən ailəsi müsibətlərlə qarşılaşıb, 1937-ci ildə həyat yoldaşı, üç oğlu və bir qızı Qazaxıstana sürgün edilib. Onlar 1956-cı ilədək sürgün həyatı yaşayıblar.
Nəvəsi Elbrus Muradov: “Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və qardaş Türkiyəyə gedən hər tanışımdan soraqlamağı xahiş etdim. Gələnlərdən soruşdum. Gördüm deyən olmadı. Nəhayət, internet araçılığı ilə axtarışlarımı davam etdirdim. Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb, telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik ki, 15 may 2006-cı ildə Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola çıxdıq. Maşınla bir neçə saat yol qət etdik. Yolboyu həyacanlıydım. Görəsən, doğurdanmı babamın qəbri ordadır, yoxsa başqa variantlar kimi bu da özünü doğrultmayacaq?! Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Nəhayət, Koçqoy kəndinə yetişdik. Molla çağırıldı. Kənd əhalisinin seçmə ağsaqqalları ilə qəbiristanlığa getdik. Qəbiristanlıqda sadə bir qəbri göstərib ”Sultan bəyin məzarıdır” söylədilər. Tutuldum. Inanmamağa əsasım yox idi. Amma qəlbimdə şübhələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar. Qəribədir ki, Koçqoy kəndində yaşayan adamların çoxu bizim soyun insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım. Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxladım ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdırlar”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir