Prezident Administrasiyasının sözçüsü Əli Həsənovun “anspress.com”dakı müsahibəsini oxudum. Ümumi ab-havadan gəldiyim son qənaət bu oldu ki, Əli müəllim xeyli sınıxıb, həlimləşib. Ancaq bundan artığı mümkün deyil. Hələ ki, atmosfer bu qədərinə izn verir. Qalanı yenə də həmin Həsənovdu. Yenə də əski amplua davam edir.
Müsahibədə bir yazarın diqqətini çəkəcək bir neçə məqam var. Bunun biri və birincisi sırf jurnalistika ilə bağlıdı.
Əli müəllim deyir: “Biz Azərbaycanın real həqiqətlərinin daxildə və xaricdə yayılmasının əleyhinə deyilik, amma söhbət real həqiqətlərdən gedir, (qeyri-real həqiqət də olurmuş… – P.) uydurmadan yox. ”Yeni Müsavat” qəzeti bu
gün (dünən) yazıb ki, Azərbaycanda bütün fərqli cinsi oriyentasiyalı insanlar izolyasiya olunub, həbs olunub. Yalan informasiyadır axı. Bilə-bilə ki, yalan informasiyadır, belə informasiyalar yayıb dünyanı Azərbaycanın üzərinə qaldırmasınlar. Söhbət bundan gedir”.
Bu hissədə sözçü bir güllə ilə üç quş vurur. Birincisi, Avropaya mesajdır ki, Azərbaycan hökumətinin mavilərin paradı, ümumiyyətlə, cinsi azlıqlarla bağlı kompleksi yoxdu. Hər kəs bu ölkədə azaddı. Əlbəttə, Avropa Azərbaycanda kimin nə qədər azad, insan haqlarının isə nə yerdə olduğunu yaxşı bilir. Təbii, onlara sirr deyil ki, nə qədər olmaya, bu ölkədə cinsi azlıqlara müxalifətdən, etirazçı kəsimdən daha tolerant və hörmətlə yanaşılır. Çünki cinsi azlıqların hakimiyyətlə heç bir problemi və özlərinin də hakimiyyətə gəlmək, bu ölkəni korrupsiya və avtoritarizmdən qurtarmaq kimi bir qayğıları yoxdu.
Ikinci quş, daha doğrusu, ikinci hədəf yerli xalqdı, dini inanclı kəsimdi. Əli müəllim ağıllı adamdı, “həbslə bağlı xəbəri yalan yayıblar” deyəndə çox ciddi kombinasiya qura bilib. Bu da ondan ibarətdi: sözçü bilir ki, bu ölkədə heç kim onların heç bir sözünün həqiqiliyinə inanmır, əvəzində qəzetlərə inanırlar. Deməli, hesablanıb ki, onun bu sözünə də inanılmayacaq və qəzetin xəbəri çox gerçək xəbər kimi qəbul ediləcək. Aha, deməyəsən, bu hakimiyyət milli-dini hisslərə çox hörmətlə yanaşırmış, cinsi azlıqları, el diliylə desək, üzdəniraqları cəmiyyətdən təcrid eləyib, özünü əsl milli hakimiyyət kimi göstərib. Iranla bağlı suallara kifayət qədər təpkili cavablar versə də, bu mesajın həm də Irana yönəlik olmasını düşünmək olar. Qoy, Iran da çox azğınlıq eləməsin və bilsin ki, biz elə deyildiyi kimi deyilik.
Əlqərəz, əslində “Yeni Müsavat”ın bu “yalan” xəbəri Əli müəllimin əlindən onəlli yapışıb. Durub qəzetə qarşı insafsızlıq eləmək PA sözçüsünə yaraşmaz.
Ücüncü quşa gələndə isə… Yox, bu haqda danışmayacam. Üzrlü bilin.
Hə, müsahibədə başqa bir məqam. Bu haqda dünənki yazımda yazmışdım. Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fülenin rəsmi Bakıya ünvanlanan çağırışında səslənən “Mesajımız aydındır: Avropa Birliyi ilə strateji tərəfdaşlığa nail olmağın yolu budur” fikrinə qarşılıq: “Iş ondadır ki, Əliyev rejiminin Avropaya, mədəni dünyaya verdiyi mesajlar da, qayət aydındı: ”Bizim öz yolumuz var!” – deyə yazmışdım. Əli müəllim də bu müsahibəsində mənim dediyimi təsdiqləyib: “Biz ”Eurovision” xatirinə prinsiplərimizdən imtina etməyəcəyik”.
Bu rejimin hansı prinsiplər üstündə var olduğunu yadımızda saxlayıb, keçək müsahibədəki son sualın cavabına:
“Biz onların ”Eurovision”dan istifadə edib reallaşdırmaq istədiyi tələbləri həyata keçirmədiyimiz kimi, “Eurovision”dan sonra da heç kimlə haqq-hesab çəkməyə qalxmayacağıq”. Bax, bu yerdə yadıma Quba üsyanı düşür. Əvvəlcə üsyana hətta “dövlətçiliyin müdafiəsi” adını verib hamının başının altına yastıq qoydular, üstündən az keçmiş isə!!!
Eh, Əli müəllim, sizin haqq-hesabınız qiyamətə qalmaz…

Davam edir… Əli…
•
•