Daha 2 vicdan məhbusu azad edilə bilər

Vicdan məhbusları Ülvü Quliyev (Müsavat) və Zülfüqar Eyvazlı (AXCP) azadlığa buraxıla bilər. Bu barədə vicdan məhbusu Ü.Quliyev Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli ilə görüşü zamanı məlumat verib. M.Hacıbəyli bu gün Ü.Quliyevin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində olub.
M.Hacıbəylinin İctimai Palatanın İnformasiya Mərkəzinə verdiyi məlumatda bildirilir ki, həm Ü.Quliyev, həm də Z.Eyvazlı azadlığa buraxıla bilərlər: “Bu gün cəzaçəkmə müəssisəsinin rəhbərliyi onlardan cəzalarının alternativ cəza ilə əvəzlənməsi ilə əlaqədar məhkəməyə ərizə yazmalarını xahiş edib. Cəzaçəkmə müəssisəsinin rəisi onlara bildirib ki, daxili məhkəmə olacaq. Maraqlıdır ki, hər iki vicdan məhbusu eyni ərizə ilə hələ aprel ayından məhkəməyə müraciət etmişdilər. Lakin cəzaçəkmə müəssisəsinin rəhbərliyi müraciəti məhkəməyə təqdim etmirdi. İndi isə özləri belə ərizənin yazılmasını istəyiblər və sənədləri daxili məhkəməyə hazırlayıblar”.
İctimai Palatanın 2011-ci il  aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunan Ü.Quliyev 3, Z.Eyvazlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.