“Bakıda ”Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində söz və mətbuat azadlığı ilə bağlı keçirilən beynəlxalq konfransda hökumətpərəst vətəndaşların reaksiyaları məni şoka salıb. Hələlik təəssüratım budur”, – “Sərhədsiz reportyorlar” təşkilatının Almaniya təmsilçisi Inqo Petz “Obyektiv” TV-yə müsahibəsində bildirib.
Onun fikrincə, Azərbaycanda müstəqil jurnalistlərin fəaliyyətinə çox böyük təzyiqlər var, onlar təqib olunur, repressiyaya məruz qalır. “Azərbaycan hökuməti konstitusiyanın toplaşma və söz azadlığı ilə bağlı müddəalarına, eyni zamanda Avropa Insan Haqları Konvensiyasına əməl etmir”, – o qeyd edib.
Almaniya və Azərbaycanı müqayisə edəndə Ikinci Dünya Müharibəsindən sonra Almaniyanın demokratikləşməsində Amerika böyük rol oynayıb. “Eyni zamanda Almaniyanın iqtisadiyyatı güclü olduğundan keçid çox rahat baş verdi. Azərbaycanda isə vəziyyət çox mürəkkəbdir. Buna baxmayaraq gözləmək lazım deyil, hərəkət etmək lazımdır”,- I.Petz vurğulayıb. O, bir neçə il öncə Azərbaycanda təcrübə keçib. “Mən 2003-ci ildə Azərbaycanda olmuşam. O dövrlə müqaisədə hazırda mətbuat azadlığı sahəsində vəziyyət daha acınacaqlıdır. Doğrudur, o vaxtda prezident seçkiləri zamanı jurnalistlər döyülmüşdü”, – I.Petz bildirib.
Beynəlxalq təşkilatın nümayəndəsi Bakıda gördüklərindən şoka düşüb
•