Vaşinqton hər an Tehran rejiminə qarşı hərəkətə keçə bilər
Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Tehran rejiminin diplomatik təzyiqlərlə geri çəkilməsi üçün əlindən gələni edən ABŞ bu ölkəyə qarşı hərbi müdaxilə variantını da istisna etmir. ABŞ-ın Israildəki səfiri Dan Şapiro Təl-Əvivdə keçirilən qeyri-rəsmi görüşdə ölkəsinin Irana qarşı hərbi əməliyyat planı hazırladığını bildirib. Diplomat planın istənilən vaxt reallaşdırılmasının mümkün olduğunu da vurğulayıb.
Amerikalı səfirin sözlərini qapalı foruma daxil olan Israil qəzetlərindən birinin müxbiri qeydə alıb.
Şapiro, həmçinin qeyd edib ki, Iranın nüvə problemini beynəlxalq təzyiqdən istifadə edərək, hərbi güc olmadan diplomatik yola həll etmək daha məqsədəuyğun olardı: “Lakin bu, heç də hərbi variantın olmayacağı anlamına gəlmir. ABŞ Irana zərbə endirməyə tam olaraq hazırdır. Israili məhv etməklə təhdid edən, beynəlxalq terrorizmi dəstəkləyən Iran kimi bir dövlətin nüvə enerjisinə sahib olmasına imkan vermək çox risqlidir”.
Bu arada BMT Təhlükəsizlik Şurası silah qaçaqmalçılığında təqsirli bilinən iki Iran vətəndaşına və şirkətinə qarşı sanksiya tətbiq edib. Qərarla Əzim Ağacani və Əli Əkbər Təbatabainin xaricdəki bütün bank hesabları və əmlakı dondurulacaq, onlara xarici ölkələrə səfər etmək üçün viza verilməyəcək. Qərarda deyilir ki, həmin şəxslər Iran Islam Inqilabı Keşikçilər Korpusuna (“Sepah”) daxil olan “əl-Qüds” xüsusi xidmət orqanının əməkdaşlarıdır və silah qaçaqmalçılığı ilə məşğul olurlar.