Avropa, Türkiyə və Rusiya mətbuatı «Eurovision»a sayılı günlər qalmış ölkəmizdəki etirazlara böyük diqqət göstərdi
Ictimai Palatanın ötən ilin mart-aprel aylarında Bakının mərkəzində keçirdiyi icazəsiz etiraz aksiyasında iştirak etdiklərinə görə həbs olunan müxalif fəallarının qeyd-şərtsiz azadlığa buraxılmaları, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və siyasi islahatların keçirilməsi tələbi ilə aclıq aksiyasına başlaması xarici media quruluşlarının da diqqətindən yayınmayıb. Aksiyayla bağlı xəbərlərdə Ictimai Palatanın 14 may piketi də xatırlanır.
Vicdan məhbusları və onlara dəstək verən müxalif fəalların keçirdiyi aclıq aksiyasından operativ xəbər Türkiyənin ən populyar xəbər portallarından biri “dünyabülteni.com” saytında yayımlanıb. Xəbər “Azərbaycanda keçirilməsi planlaşdırılan ”Eurovision 2012″ musiqi yarışmasına təxminən 2 həftə qalmış paytaxt Bakıda etirazlar başladı” deyə başlayır. Daha sonra deyilir ki, hakimiyyət əleyhdarları yarışma vasitəsiylə ölkədəki insan haqlarının pozulması hallarına diqqət ayrılmasını istəyir.
“Azərbaycan polisi bazar ertəsi paytaxt Bakıda müxaliflərin təşkil etdiyi etiraz aksiyasını dağıdaraq, ən azı 18 adamı həbs edib. 26 mayda keçiriləcək ”Eurovision” mahnı yarışması ərəfəsində müxaliflər siyasi məhbusların azad olunması və sərbəst toplaşmaq azadlığına qoyulan qeyri-rəsmi qadağanın qaldırılmasını tələb edir. “Azadlıq” şüarı yazılmış plakatlar qaldıran müxaliflər qısa müddət ərzində polisin müdaxiləsiylə dağıdıldı. Müxaliflər eyni zamanda həbsxanalarda saxlanılan 12 məhbusun da aclıq aksiyasına başladığını bildirib. Məhbuslar aclıq aksiyası keçirərək azad olunmalarını tələb edirlər”, – deyə “dünyabülteni.com” bildirir.
Türkiyə saytı xəbərin sonunda beynəlxalq təşkilatların Azərbaycanda insan haqları və söz azadlığının pozulmasına görə sərt tənqid etməsini xatırladır: “Human Rights Watch” Ilham Əliyev rəhbərlik etdiyi Azərbaycanda “Eurovision” musiqi yarışması öncəsi vəziyyətin daha da dəhşətli hala gəldiyini bildirir. Təşkilat Azərbaycan həbsxanalarında ən azı 70 siyasi məhbusun olduğunu deyir və onların dərhal azad olunmasını tələb edir”.
Vicdan məhbuslarının aclıq aksiyası barədə məlumatlar dünyanın nüfuzlu “BBC”, “RiaNovosti”, “Voice of America” kimi xəbər sayt və agentliklərində tirajlanıb.
İnformasiya şöbəsi