Rejimin xilaskar mələyi – Ramil Usubov

Ağzını yum ki, dişlərin salamat qalsın
(Rejimin atalar sözü)

Ölkədə hansı ictimai-siyasi quruluşun olması haqda müxtəlif versiyalar irəli sürülsə də, bir şey hər kəsə gün kimi aydındır – biz amansız polis rejimi ilə müşayiət olunan repressiv və qapalı bir siyasi sistemdə yaşayırıq. Müqayisə üçün deyək ki, Ingiltərə uzaq 1657-ci ildə özündə güc taparaq belə bir rejimi tarixin arxivinə göndərmişdi…
Artıq XXI əsrdə yaşayırıq…
Ictimai Palatanın 14 mayda keçirdiyi dinc aksiya zamanı isə Azərbaycan polisi lap uzaqlara, XIII əsr Ingiltərəsinə apardı. O dövrdə Ingiltərə kralı, Eduard (uzunayaq) Şotlandiyanı işğal edərək yerli əhali üçün iyrənc qanunlara rəvac verdi. Bu qanunlardan ən alçaldıcısı, əyalətlərə təyin etdiyi şeriflərə tanıdığı “birinci gecə hüququ” idi, yəni ərə getmək istəyən şotland gəlin ilk gecəni ingilis şeriflə keçirmək zorunda idi…
800 il sonra Azərbaycan polisi yüzlərlə insanın gözü qarşısında gənc xanıma mentalitetimizdə biqeyrətlik kimi səciyyələndirilən tacizi ilə diqqəti çəkdi. 4 polisin əhatəsində, qurtulma şansı sıfıra bərabər olan gənc xanıma bu alçaqlıq uzun müddət hafizələrdən silinməyəcək. Bu şərəfsiz nəinki cəzalandırılmayacaq, əksinə bəlkə də nümunə(!) göstəriləcək, çünki onun cəzalandırılması başqa polislərin bu cür aksiyalarda nəzakətli davranmasına səbəb ola bilər. Bu isə rejim üçün çox təhlükəlidir. Buna getməyəcəklər və “burda nə var ki” də deməyəcəklər, çünki bu, cinsəl tacizdir və cinayət məcəlləsində bu haqda maddələr var, çıxış yolu susmaqdır…
Avtoritar rejimlərdə, məsələn, keçmiş SSRI-də asayiş keşikçiləri, az qala mələk kimi təqdim edilirdi. Xeyirxah, vətəndaşın xeyrinə bəzən qanuna belə “göz yuman” sahə müvvəkkilləri insanların əmin-amanlığı üçün lazım gələrsə, həyatlarını belə riskə atmağa hazır olan hüquq-mühafizə işçiləri, sovet təbliğatının əsas prinsiplərindən idi. Bu gün biz onları nostalji hisslərlə xatırlayırıq.
Hətta dünyaya meydan oxuyan kommunistlər belə, insan amilini qiymətləndirməyi bacarırdılar, gözəl bilirdilər ki, onların sakit, dinc əməyindən bəhrələnmək sayəsində dünyaya meydan oxuyurlar.
70-ci illərdən başlayaraq, Azərbaycan hüquq-mühafizə orqanlarında rüşvətə rəvac verildi. Arıq, qətiyyətli sovet milisinin simvolik “Podberyoznikov” obrazı, Azərbaycanda sifətindən yağ daman, kök, xidməti motosikletinə hıqqına-hıqqına minən, “uçastkovı Mamed”lə əvəz olundu…
SSRI-nin dağılmasından sonra Azərbaycan polisi də dəyişdi, 1993-ci ilə qədər erməni təcavüzünə qarşı mərdliklə vuruşdu, yüzlərlə şəhid verdi, bunu danmaq ədalətsizlik olardı…
Nəhayət, Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra hüquq-mühafizə orqanları qaldıqları yerdən(!) başladılar və bu günə qədər siyasi hakimiyyətin cangüdəni vəzifəsini icra etməkdədirlər.
Motosikletlər, “Mersedes”lə, səngərlər isə rahat kabinetlə əvəzləndi. Durğunluq dövrünün milisləri amansız polislərə çevrildilər.
…Mən hazırda polis sistemində çalışan keçmiş tələbə yoldaşlarımla xeyirdə-şərdə görüşmək məcburiyyətindəyəm. Onlarda müşahidə etdiyim bir məqam diqqətimdən yayınmır – onlar paqon daşımayan digər vətəndaşı “şübhəli şəxs” qismində, yəni potensial cinayətkar kimi görürlər, söhbət zamanı qəribə suallar verirlər ki, bu, dost ünsiyyətindən daha çox dindirilməyə(!) oxşayır. Təxminən beş il əvvəl isə, ədliyyə mayoru olan tələbə dostumuz kiçik bir restoranda xoş məramla yığışdığımız xatirə gününü “zəhərə” çevirdi, tələbə vaxtı çox məsum uşaq idi, məhz ona görə də üstündə silahı olmadığına əmin olandan sonra(!) zərərsizləşdirdik. Çünki artıq bizimlə dustaq kimi… davranmağa başlamışdı…
Bəli, rejim özünə “layiq” hüquq-mühafizə sistemi formalaşdıra bilib, ona görə də çox arxayındı. Heydər Əliyev dövrünün “uçastkovı”ları bu “doğma” sistemin yaşaması üçün bütün xalqla “cinayətkar” kimi davranmağa hazırdır. Haqsızlığa etiraz edənin cibində narkotik “tapılır”, dinc etiraz edən ya döyülür, ya da təhqir edilir.
YAP iqtidarının, adi dünyagörüşü olmayan ideoloqları özlərini nə qədər ağıllı göstərməyə çalışsalar da, acı həqiqət budur – siyasi hakimiyyətin taleyi, onun “angel-xraniteli” Ramil Usubovun dubinkasının nə vaxtadək havada qalacağına bağlıdır.
Onu fəzilət sahibi kimi(!), xalqına bağlı yeganə iqtidar naziri kimi təqdim edən dostlara “dubinka sindrom”undan qurtulmağı arzu edirəm…