İctimai Palatanın Mətbuat Mərkəzində ilk toplantını 14 may aksiyasında zorakılıqla üzləşən qadınlar keçirdi
Zorakılığa məruz qalan hər qadına görə 10 min avro təzminat istəniləcək
İctimai Palatanın Müsavat Partiyasında yerləşən və dünən fəaliyyətə başlayan Mətbuat Mərkəzində ilk mətbuat konfransını 14 may aksiyasında polis zorakılığına məruz qalan qadınlar keçirdilər. Tədbirdə müxalifət partiyalarının xanım təmsilçiləri, həmçinin ATƏT nümayəndələri iştirak edirdi.
AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, İctimai Palatanın həmin aksiyasında AXCP-dən 12 qadın zorakılığa məruz qalıb və bu faktlar toplanaraq məhkəməyə müraciət olunacaq: “Qadınların hüquqlarını vəkil Hamizəd Səfərov qoruyacaq. Vəkil Xalid Bağırov da dəstək üçün müraciət edib. Bu işi Avropa Məhkəməsinə qədər aparacağıq. Zorakılığa məruz qalan qadınlarımızın hər biri üçün 10 min avro təzminat tələb edəcəyik. Azərbaycan hakimiyyəti bu əməlinə görə cavab verməlidir”.
“Qol gücünə, zor gücünə xalqın ancaq nifrətini qazanmaq olar”

Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü bildirib ki, Azərbaycan qadınına əl qaldıran, onu təhqir edən Azərbaycan polisi layiqli cəzasını almalıdır: “Azərbaycan qadını həmişə istər ailəsində, istər cəmiyyətdə öz sözünü deyib, millətin, dövlətin başını uca edib. Bu gün bizim qadınlarımız Azərbaycan kişiləri ilə bərabər mübarizənin ön sıralarındadılar. Bizim tələblərimiz nədir? İnsanların haqqı tapdanmasın, bir ildən çoxdur həbsxanada girov kimi saxlanılan vicdan məhbuslarımız azad edilsin. Bu tələblərlə də aksiyalara çıxırıq. Hakimiyyət isə haqqını tələb edən insanlara qarşı zorakılıq edir. Mənbəyi və mənşəyi məlum olmayan qeyri-qanuni dəstələri öz ətrafında birləşdirməklə haqqını tələb edən qadınlara qarşı alçaldıcı davranışlara yol verir. Bununla hakimiyyət hara gedir? Qol gücünə, zor gücünə xalqın ancaq nifrətini qazanmaq olar.
Əli Həsənov deyir ki, İctimai Palata Azərbaycan dövlətçiliyinə zərbə vurur. Soruşmaq lazımdır – bu şəraiti yaradan sizlər deyilsinizmi? Əməllərinə görə utanmalı olan bizlər yox, sizlərsiniz. Bəli biz bu hakimiyyəti ifşa edirik. Amma səbəbsiz yerə yox. Çünki siz öz hakimiyyətinizi rüşvət və korrupsiya ilə, qanunları, insan haqlarını tapdamaqla saxlayırsınız”.
Bu haqqı sizə kim verib?

AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova bildirdi ki, hakimiyyət Azərbaycanın bütün milli-mənəvi dəyərlərini ayaqlar altına alır: “Əsrlər boyu Azərbaycanda qadınlara xüsusi münasibət, xüsusi hörmət olub. Bu gün isə biz çox acı mənzərinin şahidi oluruq. Azərbaycan polisi hakimiyyətin sifarişi ilə qadınlara əl qaldırır, onları nalayiq sözlərlə təhqir edir. 14 may aksiyasında 10-dan çox cəbhəçi xanım döyülüb, təhqir olunub. Polislər Azərbaycan kişisinə yaraşmayan hərəkət ediblər. Bizim istəyimiz odur ki, insanlar günahsız yerə, siyasi fəaliyyətlərinə görə tutulmasınlar, ölkədə hüquqlar və azadlıqlar boğulmasın. Məgər bizim tələblərimizdə qanunazidd nəsə var? Sizə kim haqq verib ki, haqqını tələb edən Azərbaycan qadınına bu cür zorakılıq edəsiniz? Bunun qarşılığında biz də susmayacaq, haqqımızı müdafiə etmək üçün sona qədər gedəcəyik”.
Aksiyada polisin qəddar davranışına məruz qalan AXCP üzvü Hatavan xanım isə bildirdi ki, bu məsələni elə-belə qoymayacaqlar: “Mənə qarşı sözün əsl mənasında vəhşilik, qəddarlıq etdilər. Mən daha ağır travma ala, əlil qala bilərdim. Bunun cavabını necə verəcəkdilər?”.
G.Bayramlı xatırlatdı ki, aksiyada ağır xəsarət alanlardan biri də AXCP Rəyasət Heyətinin üzvü İradə Əliyevadır: “Ona qarşı yol verilən qəddar davranış yaydığımız şəkillərdən də aydın görünür. Ağır zədələrdən sonra İradə xanım ayaqları şişib, gəzə bilmir. Tədbirə də ona görə gələ bilmədi”.
“Mən birbaşa İlham Əliyevə müraciət edirəm”

AXCP Qadınlar Şurasının Hizami şöbəsinin sədri Kəmalə Xəlilova isə çıxışında ölkə başçısına müraciət etdi: “Biz də bu cəmiyyətin üzvləyirik və bizim də etiraz etmək hüququmuz var. Üç gündür burada aclıq aksiyası keçirilir bir qadın deputat maraqlanmayıb ki, bu Azərbaycan xanımlarının dərdi nədir? Obmbudsman bir dəfə olsun baş çəkməyib. Əlbəttə ki, biz onun kimin Ombudsmanı olduğunu bilirik. Biz bilirik ki, onlar bizim hüquqlarımızı müdafiə etməyəcəklər. Mən birbaşa İlham Əliyevə müraciət edirəm ki, Azərbaycan qadınına qarşı mənəvi terroru durdurun. Evimizin işıqlarını söndürürlər, deyirlər ki, sizin kimi adamlar elə qaranlıqda qalmalıdır. Hiyə? Biz bu ölkənin vətəndaşları deyilik? Ramil Usubov Hovella Cəfəroğluna deyib ki, biz qadınların vurulmasını yox, tutulmasını əmr etmişik. Halbuki onların heç buna da hüququ yoxdur. Mənə ən çox təsir edən odur ki, bizi küçə söyüşləri ilə təhqir edirdilər. Amma bütün bunlar bizi ruhdan salmayacaq. Ölkəmizin demokratikləşməsi üçün sona qədər əlimizdən gələni edəcəyik”.
74 yaşlı qadına qarşı polis qəddarlığı…

Daha sonra Müsavat Partiyasından Südabə Kərimova aksiyada aldığı xəsarətlərin izlərini tədbir iştirakçılarına nümayiş etdirdi: “Mənim 74 yaşım var. Mən aksiyaya nəyə görə çıxmışam? Çünki acam, çünki dövlətin verdiyi pensiya qəpik-quruşdur. Həvələrimi bağçaya, məktəbə göndərə bilmirəm. İmkanım çatmır. İnsan nə qədər zülm çəkər? Aksiyada başıma, qoluma, ayaqlarıma təpik vurublar. İnsanı belə döymək olar? Biz bu yoldan dönən deyilik, ölənə qədər gedəcəyik”.
İctimai Palatanın üzvü Yeganə Əmiraslanova isə çıxışına əcnəbi jurnalistlərdən giley etməklə başladı: “Sadəcə bir şeyə təəccüb edirəm ki, “Eurovision” ərəfəsi Azərbaycanda bu qədər xarici jurnalistin olduğu bir vaxtda niyə onlardan onu, beş, heç olmasa üçü bu tədbirə qatılmayıb? İnsanlığa təcavüzə dünya niyə bu qədər biganədir? Axı dünəndən bəri zorakılığa məruz qalan qadınların şəkilləri yayılır. Mən ATƏT nümayəndəsinə təşəkkür edirəm ki, heç olmasa onlar burada bizimlədilər. Azərbaycan hakimiyyəti Azərbaycan qadınının evini yıxdı gördü “sınmır”, övladını həbs elədi gördü “sındıra” bilmədi, ocağını söndürdü “sındıra” bilmədi. Həhayət Azərbaycan qadınının ləyaqətinə əl atdı. Bilir ki, Azərbaycan qadını üçün ləyaqət hər şeydən ucadır. Düşündü ki, ən azı bu şəkildə onu “sındıra” bilər. Amma onların bu cılız, ləyaqətsiz cəhdləri keçmədi. Azərbaycan qadını öz ləyaqətinin, öz namusunun arxasındadır. Mən bütün qeyrətli, mübariz xanımlarımızın qarşısında baş əyirəm. Sağ olun ki varsınız və bütün Azərbaycan qadınlarına örnəksiniz!”.
“Dünyaya özlərini insanpərvər göstərirlər, burada qadını təpik altına salırlar”

AXCP fəalı Zərifə Məhyəddinova isə ölkənin birinci xanımı Mehriban Əliyevanın baş verənlərdən xəbərsiz olmasından təəccübləndiyini bildirdi: “Görəsən, ölkənin birinci xanımı – onlarla titulu olan Mehriban xanım onun ölkəsində dünyaya vətəndaş gətirən, əsgər yola salan anaların döyülməsindən, təpiklənməsindən xəbərdardırmı? Yoxsa titullarına başı o qədər qarışıb ki, ölkəsinin qadınlarını tamamən unudub. Bu hakimiyyət gender balansı deyəndə onu başa düşür ki, biz qadınları da, kişilər kimi döyməyə hazırıq. Bütün dünyanın gözünün Azərbaycanda olduğu vaxtda bu zorakılığı etməklə demək istəyirlər ki, siz nə deyirsiniz-deyin biz belə gəlmişik, belə gedəcəyik. Hərçənd mən belə düşünmürəm ki, belə gəlib belə gedəcək.
Ölkədə hüququn keşiyində durmalı olanlar əslində hüquqa və qanuna tüpürmüş insanlardır. İnsan şərəfinin nə olduğunu bilməyənlərdir. Adam bunlara dövlət məmuru deməyə utanır. Çox ayıb olsun. Amma mən inanmıram ki, onlar ayıbın nə olduğunu bilirlər. Başqa ölkələrdə kilsələr tikir, heykəllər qoyur, parklar salır, özünü insanpərvər, mədəniyyətə dəstək verən kimi göstərirlər, amma öz ölkələrində qadınları təpik altına salırlar. Biz zorakılığa məruz qalan qadınların şəkillərini yaymağa utanırıq. Amma bütün dünya görməlidir ki, bunlar öz millətinə necə zülm edirlər”.
Gültəkin


