Hakim ailə iqtidardakı rəqiblərini 2013-cü ilə qədər tərkisilah etməyə çalışır
“Azad Azərbaycan” Teleradio Şirkəti (ATV) ətrafında baş verənlər günün əsas mövzusu olaraq qalır. Xatırladaq ki, bir neçə gün əvvəl ATV-nin prezidenti Tağı Ibrahimov və onun qardaşı vitse-prezidenti Natiq Ibrahimov telekanalı tutduqları vəzifədən azad edilib. Tağı Ibrahimov postunu Vüqar Qaradağlıya təhvil verib. Məlumat üçün deyək ki, Vüqar Qaradağlı “Lider” televiziyası və “Radio Lider”in daxil olduğu “Media Holdinq”ə rəhbərlik edib.
Bundan bir gün sonra məlumat yayılıb ki, ATV-nin təsisçisliyi də Ibrahimovlardan alınıb. Doğrudur, Natiq Ibrahimov bu məlumatı təkzib edib. Lakin baş verənlər göstərir ki, xəbər heç də əsassız deyil. Sadəcə Ibrahimovla hansısa səbəbdən yeni təsisçi barədə danışmaq istəmirlər. Elə Vüqar Qaradağlı da bu məsələ ilə bağlı suallardan yayınır. Məsələn, o, publika.az-ın yeni təsisçinin kimliyi barədə sualına cavabında deyib: “Mənə elə gəlir ki, bu suala ehtiyac yoxdur”.
Qeyri-rəsmi məlumatlarda isə iddia olunur ki, ATV hakim ailənin nəzarətinə keçib. Hakimiyyət daxili mənbələr də bu məlumatı təsdiqləyir. Onların sözlərinə görə, hakim ailə 2013-cü ilə qədər iqtidaryönlü iri media quruluşlarını bir əldə cəmləyəcək. Bu iqtidardaxili ziddiyyətlərlə bağlıdır. Ailə hakimiyyət daxilində mərkəzdən qaçma meyylərinin gücləndiyi bir vaxtda oliqarxların əlində media quruluşlarının olmasını istəmir. Yeri gəlmişkən, “Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, ilk olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindəki KIV-lərə əl qoyulub. “Space” və “Lider”də də rəhbər dəyişikliklərinin olacağı barədə məlumatların yayılması bu xəbərin həqiqət payını artırır. Bir məqamı da qeyd edək ki, ATV-nin təsisçiləri sırasında Ibrahimovlarla yanaşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə qurumun şöbə müdiri Əli Həsənovun ailə üzvləri də var idi. Ramiz Mehdiyevin Paşayevlərlə qarşıdurmada olduğu sirr deyil. Bu halda Ramiz Mehdiyevin əlində belə bir silahın olması əlbəttə ki, hakim ailə üçün arzuolunmazdır. Qısası, ATV ilə bağlı gələn xəbərlərdə bu olayın birmənalı olaraq hakimiyyətdaxili proseslərlə bağlı olduğu vurğulanır.
Hikmət