Azərbaycanın hakimiyyətinin yaşadığı böyük təlaşın izi ilə…
Dünən qəzetlərdən oxuyuram ki, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov və onun qardaşlarını “fəlakət gözləyir”“”. Yazıda qeyd edilir ki, hakimiyyət onların “qələmini”“ qırıb”. Nazim Ibrahimov özü də hakimiyyətdəkilərdən sayıldığı və nazir statusu daşıdığı üçün onun “qələmini” yalnız Ilham Əliyev qıra bilər. Ilham Əliyevin qərarına Polad Ələmdar və mafiya yanaşması isə o deməkdir ki, bu fəlakətdən hər kəsin qapısında peyda ola bilər.
Ümumiyyətlə, Nazim Ibrahimovun da daxil olduğu indiki hakimiyyət özü bütövlükdə ölkə üçün bir fəlakətdir. Bunu bizim şanlı vətəndə açıq dilə gətirməsələr də, hamı yaxşı başa düşür. Hətta varın-dövlətin lap yaxşı, “YAP yaxşı” yerinə düşənlər də bu fəlakətin ortasındadır.
Mən bilmirəm, Nazim Ibrahimovu doğrudan da vururlarmı. Amma Ibrahimov qardaşlarına məxsus sayılan ATV kanalının onların əlindən alınması haqda xəbərlər var. Ciddi gümana oxşayır.
Bəs mən bu güman üzərində niyə dayandım. Nazim Ibrahimova nə xüsusi qəzəbim var, nə də korrupsioner sistemdən onu heç nə ilə ayırmıram. Amma özümə sual etdim. Hakimiyyət onu niyə vura bilər? Maraqlı bir güman üzərində dayandım ki, elə bu da Azərbaycan hakimiyyətinin yaşadığı təlaşı təhlil etməyə imkan verir.
Məncə Diasporla Iş üzrə Dövlət Komitəsinin sədrini (komitə sədrlərini şərti olaraq nazir adlandırıram) ona görə vura bilərlər ki, son vaxtlar xarici ölkələrdə Azərbaycan hakimiyyətinə qarşı tənqidlər artıb, nüfuzlu KIV-lər Ilham Əliyevin açıq tənqidinə ardıcıl diqqət ayırır. Əliyevlər hakimiyyətinin xarici ölkələrdə toxunulmazlığı, onun əməlləri barədə susqunluq dövrü tamamilə geridə qalıb. Əgər Nazim Ibrahimovu vururlarsa, deməli bunlardan dolayı ondan narazıdırlar.
Azərbaycan hakimiyyəti Diasporla Iş üzrə Dövlət Komitəsini özünü təbliğ etdirmək, xariciləri və xaricdəki soydaşlarımızı da öz xeyrinə səfərbər etməyə görə yaradıb. Tarix göstərdi ki, qəriblikdəki soydaşlarımızın taleyi bu hakimiyyəti və onun komitəsini qətiyyən maraqlandırmır. Diaspor qurultayları da YAP-ın əlavə qurultayı kimi keçirilib. Tərif və mədhiyyə ilə başlayıb, inkişaf və uğur iddiaları ilə bitib. Vəssalam.
Amma bu hakimiyyət artıq xarici təbliğat və dəstək məsələsində iflasa uğrayıb. Xarici mətbuatı heç bir qüvvə susdura bilmir. Xarici ölkələr bu hakimiyyətə qətiyyən qahmar çıxmır. Tələblər və tənqidlər durmadan artır. Yəqin bunun da günahını Diasporla Iş üzrə Dövlət Komitəsində və Nazim Ibrahimovda görürlər.
Halbuki beş belə komitə də qursalar, faydası olmayacaq. Bu hakimiyyət heç cür müdafiə ediləsi, təriflənəsi halda deyil, gün-gündən də daha pis obraz qazanır. Dünya da dəyişib. Heç kim belə korrupsioner və avtokratik hakimiyyətə bulaşmaq istəmir və ona göz yummaq niyyətində deyil.
Hətta xərclənən pullar da fayda vermir. Alınmır. Taleh Heydərovun lobbiçiliyə xərclədiyi pulları Avropa mətbuatı tapır və ikrah mənbəyinə çevirir. Bəzi satqın və dönük Avropa siyasətçiləri də artıq bu hakimiyyətin lobbisi olmağa cəsarət etmir.
Bu halda, başqa komitə sədri də gəlsə, Ibrahimovu Israfilov da əvəz etsə, xeyri olmayacaq. Səbəbi əməlləriniz də axtarın! Səbəbi Azərbaycan xalqına vurduğunuz ziyanlarda, feodal idarəçiliyinizdə, tamahınızda, özbaşınalığınızda axtarın.
Azərbaycan xalqını məğlub etməyə, əzməyə görə heç kim sizə qalib deməyəcək. Heç kim sizi müdafiə etməyəcək. Heç kim sizə yaxşı deməyəcək. Bakını Parisə çevirsəniz belə. Insanların həyatını parislinin azad və rifahlı həyatına çevirməyincə, ölkə də, dünya da nifrət edəcək sizə.
Təlaşınız tam yerindədir.

O naziri niyə vururlar?
•