“Nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, bizi bolluca biabır edəcək”
Ilham Əliyev avqustda Irana gedir. Soruşa bilərsiniz ki, bu barədə indi niyə yazıram? Çünki bu səfər xəbəri göstərdi ki, dünya dəlixana olub. Dəliyə də hər gün bayramdır.
Beləliklə, Ilham əliyev Irana gedir ki, Qoşulmayan Ölkələr Blokunun zirvə toplantısında iştirak etsin. Bu adın absurdluğu bir tərəfə, daha böyük absurd odur ki, tədbir Iranda keçirilir. Hələ Iran məsələsini tam açıqlamadan onu deyim ki, Qoşulmayan Ölkələr Blokunun baş katibi hazırda xərəkdə məhkəmə qarşısına çıxarılan Misirin keçmiş diktatoru Hüsnü Mübarəkdir. Məncə, bu məlumat sözügedən təşkilatın hansı durumda olduğunu deməyə kifayət edir. Xərəkdə də mühakimə olunmaqdan canını qurtara bilməyən liderin təşkilatı necə ola bilər ki?..
İran bir tərəfə…
Bu məlumatı oxuyandan bəri bilmirəm ki, ağlayım, yoxsa gülüm. Ağlayım, ona görə ki, XX əsrin ən modern xalqlarından olan Azərbaycan xalqımı görün hansı debillər dəstəsinin arxasınca aparırlar… Görün, bizi kimlərlə bir sıraya qoşurlar… Bizi necə təhqir edirlər… Kiminlə yanaşı qoyurlar… Adam bu durumu dəyişə bilmədiyinə görə az qalır ki, yaşamaqdan da imtina etsin. Bu biabırçılığa bir son vermək gücümüz olmalıdır. Digər tərəfdən isə, ona görə gülmək istəyirsən ki, bu tədbirin mahiyyətilə adı arasında elə bir kontrast var, gəl görəsən. Iran tərəfsiz (qoşulmayan) ölkələr sammitinə ev sahibliyi edir. Hazırda dünya bir tərəfədir, Iran bir tərəfə. Belə də hoqqa, həngamə olarmı? Dünən bütün dünya mediası yazıb ki, Iran tarixinin ən böyük quru qoşunları təlimini keçirir, özü də hava hücumu qüvvələrinin müşayiətilə. Məqsəd isə müharibəyə hazırlıqdır. Bu da sənə qoşulmayan ölkə…
Elmar Məmmədyarovun bələdçiliyilə ancaq belə absurda girmək olardı. Hələ onu demirəm ki, dünyanın başqa gücləri və dövlətləri cəhənnəmə, heç Iran özü bizimlə yola getmir. Yola getməyi cəhənnəmə, heç yola gəlmək də istəmir. Bu da cəhənnəmə, Iran nəinki dini dövlətdir, hətta məzhəb dövlətidir. Yəni, Islam dövlətlərinə qarşı belə, tərəfsiz deyil. Cəfəri məzhəbindən olmayan şiələri də cəhənnəmlik sayacaq qədər radikal mövqeyi olan bir dövlətin ev sahibliyində bitərəflərin toplantısı dünyanın taleyini dəyişməsə də, bu taledəki qara cizgilərdən biridir. Bu sarkazmda rol alanlardan biri də Azərbaycan Respublikasıdır.
Bu yerdə yadıma Nizaminin “Nuşirəvan və bayquşların söhbəti” hekayəti düşür. Oğlan atası bayquş qız atası bayquşdan cehizlik xaraba istəyəndə ikinci deyir: “Narahat olma, nə qədər ki, Nuşirəvan taxtdadır, sənə istədiyin qədər xaraba verərəm…”
Sözün qısası, nə qədər ki, Ilham Əliyev taxt-tacda əyləşib, Azərbaycanı hər cür biabır edəcəyinə şübhəniz olmasın.
Seymur Həzi