Avropa İttifaqı avtoritar rejimlərə mesaj verdi

Ştefan Füle: «Avropa Ittifaqı islahatçıları dəstəkləyəcək və dəyişiklik prosesini əngəlləmək istəyənlərə qarşı olacaq»

Avropa Ittifaqı Avropa Komissiyasının qonşuluq siyasətinə illik qiymətini, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hər biri üzrə yeni Yol xəritəsini açıqlayıb.
 Bu sənədlər çərşənbə axşamı Brüsseldə AI-nin xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, genişlənmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə Avropa komissarı Ştefan Füle tərəfindən açıqlanıb. “Əminəm ki, islahatların dəstəklənməsində monitorinq vasitəsi kimi Yol xəritəsi tərəfdaş ölkələrin demokratiyaya və bazar iqtisadiyyatına keçidini sürətləndirəcək. Tərəfdaş ölkələr islahatlarda nə qədər çox nəzərəçarpacaq irəliləyiş əldə etsələr, AI bir o qədər onları dəstəkləməyə hazır olacaq”, – o bildirib.
“AI islahatçıları dəstəkləməkdə davam edir və dəyişiklik prosesini əngəlləmək istəyənlərə qarşıdır. Təəssüf ki, bəzi ölkələrdə proses ləngiyir. Bizim tərəfdaşlarımız fundamental dəyərləri- söz azadlığı, məhkəmə hakimiyyətinin müstəqilliyi, gender bərabərliyi və korrupsiyaya qarşı mübarizəni təmin etməlidir”,- o, vurğulayıb.