AMİP rəhbərliyi Brüsseldə bir sıra görüşlər keçirib

AMİP sədri Yusif Bağırzadə, partiyanın baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə katib Elşən Mustafayevlə birlikdə Brüsseldə səfərdə olub. Səfər barədə AMİP-dən yayılan mətbuat açıqlamasında deyilir ki, partiya təmsilçiləri Avropa Komissiyasının Mərkəzi ofisində, Avropa Parlamentində (AP) və Avropa Xalq Partiyasının Mərkəzi ofisində (AXP) bir sıra görüşlər keçiriblər.
Səfər çərçivəsində Avropa İttifaqının genişlənmə siyasəti və Avropa Qonşuluq siyasəti üzrə Komissarı cənab Stefan Fülenin aparatının rəsmisi xanım Alyona Obrusnikova ilə, Avropa Parlamentinin üzvü, AXP-nin vitse prezidenti xanım Korien Vortman-Kool (Niderland), Avropa Parlamentinin üzvü, AVRONEST siyasi komitəsinin sədri, AXP-nin vitse prezidenti cənab Gunnar Hokmark (İsveç), AXP-nin Avropa Parlamentindəki Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri xanım Joanna Jareska Gomez, AXP Baş Katibinin müavini cənab Kristian Kremer, Avropa Parlamentinin üzvü xanım Anna İbrisaqiç (İsveç), Avropa Parlamentinin üzvü Maykl Ganler (Almaniya), Avropa Parlamentinin üzvü, Litvanın sabiq Prezidenti Vitautas Lansbergis, Avropa Parlamentinin üzvü xanım Radvilè Morkunaite-Mikuleniene (Litva), Avropa Parlamentinin üzvü Kristianis Karnis (Latviya), Avropa Parlamentinin üzvü, AVRONEST PA-nın vitse-prezidenti cənab Yaçek Saryusz-Volski (Polşa) və bir sıra digər rəsmi şəxslərlə görüşlər olub, fikir mübadiləsi aparılıb.  Görüşlər zamanı Cənubi Qafqaz regionundakı mövcud durum, Azərbaycanın Avropa məkanına inteqrasiyası, Dağlıq Qarabağ problemi, insan haqqları, söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları, siyasi partiyalara münasibət, həmçinin AMİP-in Avropa Parlamentindəki əlaqələrinin daha da genişləndirilməsi və  Avropa Xalq Partiyasına müşahidəçi-üzv olaraq qəbulunun sürətləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.
AMİP rəhbərliyi AXP-nin Avropa Parlamentindəki qrup toplantısında da iştirak edib. Toplantıda Avropa İttifaqının Prezidenti Nerman Van Rompuy, Avropa Komissayısının prezidenti Joze Manuel Barroso iştirak və çıxış ediblər. Səfərin sonunda ATƏT-in Parlament Assambleyasının sabiq sədri, ATƏT-in Dağlıq Qarabağ üzrə sabiq məruzəçisi Qoran Lennmarker tərəfindən AMİP nümayəndə heyətinin şərəfinə ziyafət verilib.