«Azərbaycandakı ABŞ vətəndaşları kütləvi tədbirlərdə iştirak edərkən xüsusi sayıqlıq nümayiş etdirməlidir»
ABŞ-ın Azərbaycandakı səfirliyi öz vətəndaşlarını “Eurovision-2012″ mahnı müsabiqəsindəki kütləvi tədbirlərdə iştirak edərkən sayıq olmağa çağırıb. Müvafiq xəbərdarlıq dünən səfirliyin saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, səfirliyin ABŞ vətəndaşlarına ilin əvvəlində etdiyi xəbərdarlıq qüvvədə qalır. Xəbərdarlıqda qeyd olunub: “Bakıda keçiriləcək ”Eurovision-2012″ fonunda Azərbaycandakı ABŞ vətəndaşları kütləvi tədbirlərdə iştirak edərkən xüsusi sayıqlıq nümayiş etdirməlidir. Vətəndaşlarımız daim ətrafda baş verən hadisələri izləməli və öz şəxsi təhlükəsizliklərini düşünməlidirlər”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı xəbərdarlığa münasibət bildirən Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA-ya deyib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir:”Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının , həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir. Bakıya və ölkənin regionlarına gələn turistlərin təhlükəsizliyi həmişə ən yüksək səviyyədə təmin olunur”.
ABŞ-ın xəbərdarlığına Milli Təhlükəsizlik Nazirliyi də münasibət bildirib. Nazirliyin Ictimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət edilir.