Sarkozi mühakimə oluna bilər

Eks prezidentin toxunulmazlıq haqqı qalmadığına görə hakim qarşısında dayanacağı gündəmə gəlib

Fransada prezident postunu Fransua Olanda təhvil verən Nikola Sarkozinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Bəziləri onun siyasətdən gedəcəyini, bəziləri isə eks prezidentin yenidən siyasətə qayıdacağını və Parisin meri olmaq uğrunda mübarizəyə qoşulacağını deyir. Lakin dolaşan iddialar arasında ən diqqətçəkəni isə Sarkozinin adi vətəndaş kimi məhkəmə qarşısına çıxarılacağıyla bağlıdır.

Sarkozinin xüsusilə 2007-ci ildə keçirilən prezident seçkiləri kampaniyasında korrupsiya və rüşvət hallarının baş verdiyinə dair iddialar ortalığa atılmışdı. Lakin onun prezident kimi toxunulmazıq hüququ olduğuna görə Sarkoziyə qarşı məhkəmə iddiasının qaldırılması əngəllənmişdi. Ancaq artıq Sarkozinin prezident seçilməməsi və toxunulmazlıq haqqını itirdiyi üçün onun barəsində ittiham aktının hazırlanacağı istisna olunmur.

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin və parfümeriya şirkəti “L’Oreal”ın sahibinin Sarkozinin seçki kampaniyasına qanunlara zidd şəkildə maddi dəstək verdiyinə dair iddialar daha çox yayılıb. Sarkozi isə bu iddiaları sərt şəkildə qınayaraq onları əsassız adlandırırdı.
Sarkozi haqqında başqa bir iddia isə özünə qarşı müxalif jurnalistlərin və media rəhbərlərinin telefonlarını dinlətdirməsidir. Bunlarla bağlı ittiham və şikayətlər də Sarkozinin toxunulmazlıq haqqı üzündən nəticəsiz qalmışdı.

Xatırladaq ki, Fransanın digər keçmiş prezidenti Jak Şirak hakimiyyətdəm getdikdən sonra Paris meri postunu tutduğu illərdə rəhbəri olduğu sağçı partiyanın bəzi üzvlərinə işləmədikləri halda əməkhaqqı verməsi səbəbiylə mühakimə olunmuşdu. Məhkəmə onun barəsində şərti cəza haqda qərar çıxarmışdı. Keçmiş prezidentin məhkəmə qarşısına çıxarılması ənənəsi olan Fransada Sarkozinin də eyni aqibətlə üzləcəyiylə bağlı iddialar daha çox yayılıb. Son zamanlar onun barəsində rüşvət və korrupsiya ittihamlarının səsləndirilməsi bu iddiaların doğru olacağına şübhə yaratmır.

azadliq.info