Yeni məsəldir. Yaradıcısı bəndənizdir. Ərəbistan dənizindən gələn bir xəbərdən sonra yaranıb. Xatırlatmağa ehtiyac var: Azərbaycandan Indoneziyaya neft aparan gəmini dəniz quldurları ələ keçiriblər. Yazılanlara inansaq, onlar 130 milyon dollarlıq sərvətimizə sahib olublar.
Sərvətimiz sözünü qəribçiliyə salmayın, nə də Hacıbalanın “Bakımız”, “Heydər Əliyevimiz” sözləriylə qarışdırmayın, neft doğrudan bizim, yəni xalqın sərvətidir. Neyləyək ki, onu burda oğurlayırlar. Xalqdan gizlədirlər. Oğurlayıb satırlar. Özlərinə, nəsillərinə, hələ nə vaxtsa dünyaya gələcək nəvə-nəticələrinə sərvət toplayırlar. Bütün bunlar keçəridir. Tarixdə belə oğurluqlar çox olub. Hüsnü Mübarək, Bin Əli, Qəzzafi, onlardan da qabaq xalqı it günündə yaşadıb özüyçün yeraltı-yerüstü saraylar quran Səddam Hüseyn vardı. Vardı ona görə yazırıq ki, indi yoxdur. Qəzzafinin oğlu Seyfülislam xalqa barmaq silkələmişdi, axırınıza çıxacam demişdi, əlini qaldıranda fikir verin: barmaqların sırası pozulub, çünki barmaq silkələdiyi o adamlar həmin barmağı sübut kimi kəsdilər. Özü də türmədə mühakimə olunacağı günü gözləyir. Indi nə qoşun, nə sərvətlər, nə arvadlar var. Ölən ölüb, sağ qalanlar da hərəsi bir diyardadır. Xalqla qaba, vəhşicəsinə rəftarın sonu həmişə belə olur…
Bizdə də uzun illərdir hakimiyyət oğurluğa qurşanıb. Xalqdan oğurlayır. Büdcədən oğurlayır. Əslində, bunların oğurluğunu “əsrlərin oğurluğu” da adlandırmaq olar. Ola bilsin elə tarixə də beləcə düşsün: “XX əsrin sonu XXI əsrin başlanğıcında hakimiyyətdə oğurluq geniş miqyas almışdı… və s.”. Vicdansızcasına talayırlar. Buna kimsənin şübhəsimi var? Bununla bağlı saysız araşdırmalar aparılıb. Ortaya faktlar qoyulub. Ən yaxşı halda reaksiyaları jurnalisti hədələmək, şantaj etmək, türməyə salmaq olub. Öz ayıblarına kor olmaq əvəzinə, bu yolla kimlərisə susdurmağa cəhd göstəriblər. Aaraşdırmaların qarşısını almağa, başqalarını qorxutmağa çalışıblar. Əslində xüsusi araşdırmaya ehtiyac da yoxdur. 20 illik hakimiyyət bunları o qədər arxayınlaşdırıb ki, elə gözgörəti çalıb-çapırlar. Sanki bu sərvət ata-baba mülküdür, miras qalıb. Ərəbistan dənizindəki quldurların ələ keçirdikləri ilə bağlı araşdırma aparılsa, bəlkə də məlum olacaq ki, o neft heç bir dəftər-kitabda yoxdur. Dənizdə, quruda daşınan, gömrükdə rəsmiləşdirilməyən başqa mallar kimi bu da oğurluqdur.
Dəniz quldurlarına “Pirat” deyirlər, görəsən quruda oğurluqla məşğul olanların adı nədir? Belə ad yoxdursa, nəsə tapmaq olar, amma nə fərqi, oğurluq oğurluqdu; istər quruda, istər dənizdə. Oğrudan-oğruya halal olduğunu da hələ lap qədimlərdə atalarımız deyib…
Elnur Məcidli azadlıqda
Geri çəkilmədiklərini, təzyiqləri veclərinə almadıqlarını sərgiləmək istəyirlər, amma alınmır. Təzyiqlər çoxdur, hər yandan gəlir, həm də ardıcıl. Bunun qarşısında duruş gətirmək zor. Üstəlik, paytaxta bir ucdan qonaqlar gəlir. Hansı səviyyədə qarşılanıb yola salınmalarından asılı olmayaraq onlar qayıdıb həqiqəti yazacaqlar. Amma bu, hakimiyyətin istədiyi “həqiqət” olmayacaq…
Nə qədər dirəniş göstərsələr də geri çəkilmək, bir il qabaq damladıqlarının günahsız olduğunu etiraf etmək, məhbusları bir-bir azadlığa buraxmaq zorundadırlar. Bunun onlara hansı əzablar hesabına başa gəldiyini duymaq çətin deyil…
Elnur Məcidlini azad etdilər. Çox güman ki, “Eurovision”a qədər vicdan məhbuslarının hamısını olmasa da bir neçəsini yenə azad edəcəklər. Başqa yol olmur özün özünü dalana dirəyəndə…

Oğrudan quldura halaldır
•