Hakimiyyətin daha bir yalanı faş oldu

İctimai Palata 19 may mitinqini bu ünvanda keçirmək niyyətindədir

Müxalifətin istədiyi meydandan reportaj

Ictimai Palata mayın 19-da mitinq, mayın 20-də isə piket keçirmək barədə qərar qəbul edib. Mitinq Komitəsi mayın 19-da saat 16:00-dan 18:00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda keçmiş “Inqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş-mitinq, mayın 20-də isə Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) binası önündə piket keçirməklə bağlı qərar qəbul edib.

Ictimai Palata buna qədər bir neçə dəfə BŞIH-ə müraciət etsə də hər dəfə insanların istirahət hüquqları bəhanə gətirilərək yox deyilib.
Ötən gün Müsavat başqanının müavini Gülağa Aslanlı jurnalistlərlə birgə sözügedən ünvana baş çəkdi. Öncə ərazidə müşahidə aparıldı. Təxminən yarım saat ərzində üç maşın metronun qarşısındakı yoldan ötdü. “Dərnəgül”də bir zavod fəaliyyət göstərir. Onun da giriş-çıxışı tam uzaq məkandadır. Bu ünvana yalnız 55 nömrəli marşrut işləyir ki, o da son bir ayda bircə dəfə də olsun əraziyə gəlməyib. Çünki burada sərnişin nə düşür, nə də minir.

Biz ərazidə olanda xarici markalı avtomobil üçün reklam çarxı çəkilirdi. Düz yolun üstündə aparılan çəkilişə heç kim mane olmurdu. Kənarda nə insan vardı, nə də yoldan şütüyən maşın.
Gülağa Aslanlı jurnalistlərlə söhbətində ərazinin mitinq üçün əlverişli olduğunu dedi:

“Mitinq üçün bura ən əlverişli ərazidir. Bu ərazidə dövlət əhəmiyyətli obyekt yoxdur. Insanların istirahət hüququna heç bir maneçilik yoxdur. Ikincisi, insanların sərbəst toplaşmaq azadlığı istirahət hüququndan irəlidi. Deməli, bütün hallarda bizə mitinq üçün bu yer verilməlidir. Bu gün (dünən – R.D.) biz bura gəlməklə Bakı meriyasının əlindən bəhanəni aldıq. Burada heç bir istirahət hüququnun pozulmasından söhbət gedə bilməz. Metroya düşən və çıxan sərnişinlərin də sayı 5 nəfərdən artıq deyil. Bütün bu gördüklərimiz sübut edir ki, hökumət Ictimai Palatanın mitinq keçirməsində maraqlı deyil. Ona görə də həmişə eyni, öncədən hazırlanmış cavab məktubu ilə bizə ”yox” deyir”.

“Dərnəgül”də metroda çalışanlardan öyrəndik ki, gün ərzində bu stansiyadan istifadə edənlərin ümumi sayı 500-ü ötmür. Elə bunun nəticəsidir ki, metronun çıxışı və girişində bircə dənə də olsun ticarət obyekti fəaliyyət göstərmir.

Ramin DEKO