Cəlilabadda vəkil-hakim qarşıdurması

Əyyar Tahirov onu təhqir edən hakimin cəzalandırılmasını tələb edir

Cəlilabad rayon Məhkəməsinin hakimi Mirələm Quliyev bu il mayın 3-də Həsənov Ehtiram Razzaq oğlunun ölüm işi üzrə aparılan məhkəmə iclasından sonra zərərçəkmişin nümayəndəsi qismində çıxış edən Asif Həsənlini küçə söyüşləri ilə təhqir edib, hədə-qorxu gəlib, məhkəməyə gəlsə, şər atıb onu tutduracağı ilə hədələyib.
12 il Qarabağda döyüşmüş hərbçi Əyyar Təyyar oğlu Tahirov “Azadlıq”a yazır ki, Asif Həsənli məhkəmənin sədri Əliəjdər Ələkbərova şikayət etdikdə məhkəmə sədri tədbir görmək əvəzinə “söyüb, əcəb eləyib” deyərək ondan da pis söyüşlər söyüb. “Cəlilabadda mənim qabağımda heç kim at oynada bilməz”, “at oynadanın var-yoxunu…”, “get, hara yazırsan yaz”, “yazmayanın var-yoxunu…” və sairə küçə söyüşləri işlədib.
Məsələnin mahiyyəti və konfliktin səbəbi olduqca maraqlıdır. Belə ki, hakim M.Quliyev məhkəmə iclaslarında nümayəndə kimi əsasən mülki işlərə çıxan Asif Həsənliyə açıq-açığına həmişə deyib ki, “sən get başqa işlə məşğul ol, nümayəndə kimi işlərə çıxma, məhkəməyə gəlmə, sən mənim ”işimə” mane olursan, “işlərimi” pozursan, sənə son dəfə xəbərdarlıq edirəm, bir də proseslərə çıxsan, şər atıb səni tutduracağam, sonra gec olacaq”.
Asif Həsənli isə onun sözünə məhəl qoymayaraq vətəndaşlara hüquqi yardım göstərməkdə davam edib. Hətta dəfələrlə Mirələm Quliyevin çıxardığı qətnamədən apelyasiya şikayəti verən Asif Həsənli prosesdən qalib çıxıb. Nəticədə, hakim baş verənlərdən qəzəblənərək, ona qarşı bu cür hərəkətlərə başlayıb.
Qeyd edək ki, bütün bu baş verənlərdən sonra Asif Həsənli öz şərəf-ləyaqəti, işgüzar nüfuzunun müdafiəsi üçün hakim Mirələm Quliyevdən 5 min manat məbləğində mənəvi təzminat tələbi barədə Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bundan əlavə o, rəsmi qurumlara da hakim barəsində ölçü götürülməsi ilə əlaqədar müraciət ünvanlayıb.
Şikayətçinin yazdıqlarını araşdırmaq üçün öncə Asif Həsənliylə əlaqə saxladıq, o, yazılanların həqiqət olduğunu dedi.

Ramin DEKO