Fuad Qəhrəmanlı: «Eurovision»a qədər vicdan məhbuslarını, siyasi məhbusları azadlığa buraxsaydılar, aksiyalara qərar verməyəcəkdik»
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Ictimai Palatanın “Eurovision” ərəfəsində keçirəcəyi icazəsiz aksiyalarla bağlı açıqlama verib. Z.Əsgərov bildirib ki, Azərbaycan müxalifəti ölkənin milli maraqlarını nəzərə alsaydı, heç olmasa aksiyalara bir ay fasilə verərdi: “Mən müxalif qüvvə olsaydım, aksiyalara bir müddət ara verərdim və bununla da Azərbaycan cəmiyyətinin vahid mövqe nümayiş etdirdiyini dünyaya göstərərdim”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin heç bir tələbinin Azərbaycan xalqının milli maraqlarına zidd olmadığını bildirir: “Əsas tələbimiz siyasi məhbusların azadlığı, demokratiyanın bərqərar olması və insan haqlarının bərpasıdır. Məgər bu tələblərin yerinə yetirilməsi Azərbaycan xalqının milli mənafeyinə uyğun deyil? Niyə Ziyafət Əsəgərov müxalif düşərgəyə ünvaladığı sualı, təmsil etdiyi hakimiyyətə ünvanlamır?”.
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin ona etiraz edənləri milli maraqların əleyhinə çıxmaqda ittiham etməsi absurddur: “Dünya mediası və nüfuzlu beynəlxalq təşkilatlar hakimiyyəti söz və mətbuat azadlığını boğmaqda, siyasi məhbusları azad etməməkdə tənqid etsə də, bunlar həmin problemləri həll etmək üçün bir addım da atmırlar. Belə olduqda Azərbaycanın bu gün dünyada imicinin korlanmasına, beynəlxalq səviyyədə təcrid olunmasına səbəb müxlifətin aksiyaları deyil, məhz hakimiyyətin antidemokratik əməlləri rəvac verir”.ÿ
F.Qəhrəmanlı onu da əlavə edib ki, müxalifətin “Eurovision” ərəfəsində etiraz aksiyalarına qərar verməsinin səbəbi hakimiyyətin həyata keçirdiyi yanlış siyasətdir: “Hakimiyyət ”Eurovision”a qədər vicdan məhbuslarını, siyasi məhbusları azadlığa buraxsaydı, biz aksiyalarla bağlı qərar verməyəcəkdik. Görünür, özləri bilərəkdən belə bir vəziyyət yaradırlar. Ona görə də Ziyafət Əsgərov tənqidi bizə yox, təmsil etdiyi hakimiyyətə yönəltməlidir”.