YAP-çı deputatın iddiasına Müsavatdan sərt cavab

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Müsavat Partiyası qurultay keçirmək niyyətində tam səmimi deyil. Çünki qurultay keçirmək istəyən partiya istənilən yerdə bunu reallaşdıra bilər: “Müsavat Partiyasının mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı bu suala yaxşı cavab verib.
O bildirib ki, bu gün partiya daxilində qurultayın keçirilməsini istəməyən qüvvələr var… Müsavat nümayəndələri bildirirlər ki, onlara daha böyük yer lazımdır. Mənə elə gəlir ki, qurultay keçirmək istəyən partiya istənilən yerdə bunu reallaşdıra bilər… Mənə elə gəlir ki, problem qurultay üçün yerin olmaması ilə bağlı deyil, Müsavatda hakimiyyət dəyişikliyini mümkün qədər uzaqtmaqla əlaqəlidir”. Məsələ ilə bağlı Müsavat funksionerlərinin mövqeyini öyrəndik.

«Aydın Mirzəzadənin cürəti çatırsa, bu məsələni parlamentdə qaldıraraq problemin çözülməsini təklif etsin»

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, A.Mirzəzadənin Müsavatın adından danışmaq səlahiyyəti yoxdur. Ona görə Müsavat Partiyasının qurultayı üçün necə formada yerin lazım olduğunu o müəyyənləşdirə bilməz: “Sirus Təbrizli YAP-ın adını deyib. Aydın Mirzəzadə yalnız YAP-ın adından danışa bilər. Ona heç kim Müsavatın adından danışmaq səlahiyyəti verməyib. Müsavat yüz illik bir tarixi olan təşkilatdır. Təşkilat Komitəsi olaraq ilkin hesablamalarımıza görə, qurultay üçün Müsavat Partiyasına min nəfərlik bir zal lazımdır. Çünki qurultay nümayəndələrindən başqa tədbirə xeyli sayda qonaq da gələcək”.

«Qurultay olacaq və bu hadisə Aydın Mirzəzadənin haqsız olduğunu göstərəcək»

Hakimiyyətin Müsavat Partiyasına yer verməməklə siyasi qərəz nümayiş etdirdiyni deyən G.Aslanlı vurğuladı ki, YAP-ın törəmə təşkilatı olan “Irəli”nin yerlə problemsiz təmin edilməsi bunu bir daha təsdiqləyir: “Müsavat Partiyasının qurultay keçirmək niyyəti var. Əgər Aydın Mirzəzadənin cürəti çatırsa, bu məsələni parlamentdə qaldıraraq, problemin çözülməsini təklif etsin”.
Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli isə bildirdi ki, təmsil etdiyi təşkilat qurultaya hazırlığı davam etdirir və tədbiri keçirəcək: “Təşkilat Komitəsi qurultaya hazırlaşır və qurultay mütləq keçiriləcək. Və bu hadisə Aydın Mirzəzadənin haqsız olduğunu göstərəcək”.

Xəyal