Avropanın nüfuzlu qəzetləri Azərbaycan hakimiyyətini biabır etdi
«Azərbaycan yeganə keçmiş sovet ölkəsidir ki, burada hakimiyyət irsən keçib»
Avropanın ən nüfuzlu musiqi yarışması “Eurovision”un Bakı finalı yaxınlaşdıqca Qərb mediasında Azərbaycan hakimiyyətini hədəf alan məqalələrin dərci silsilə xarakter alıb. Azərbaycan hakimiyyəti yarışmadan bərbad imicinin yaxşı formada təqdim olunması məqsədilə istifadə etməyə çalışsa da, hələ ki, bütün cəhdlər uğursuz alınır. Avropanın aparıcı media qurumları ölkəmizdə insan haqları, söz azadlığı və demokratiyanın sərt formada məhdudlaşdırılmasını daha çox ön plana çəkir. Əliyev hakimiyyəti vətəndaşların fundamental hüquq və azadlıqlarını pozduğuna görə kəskin şəkildə tənqid olunur.
Hakimiyyətin yarışmanın təşkili üçün xərclədiyi milyonlarla dollar da Qərb mediasınının “susmasına” yardım etmir. Demək olar ki, hər gün Avropanın nüfuzlu qəzet və jurnallarında Azərbaycanla bağlı məqalələr dərc olunur. Həmin məqalələrdə Azərbaycanın “Eurovision” musiqi yarışmasına hazırlığından daha çox ölkəmizdəki ictimai-siyasi durum diqqət mərkəzində olur. Ilham Əliyev “avtoritar”, “diktator”, “sultan”, onun rəhbərlik etdiyi hakimiyyət isə “klan”, “mafioz qruplaşma” kimi anti-demokratik adlarla təqdim olunur.
Əliyev yenə alman mediasının hədəfi oldu
Azərbaycan hakimiyyətini hədəf alan məqalələrdən daha biri Almaniyanın nüfuzlu “Der Tagesspiegel” qəzetində yayımlanıb. Yuxarıda qeyd etdiyimiz kimi, məqalədə Azərbaycanın “Eurovision” yarışmasına hazırlığı fonunda ölkəmizdəki ictimai-siyasi durumdan bəhs olunur:
“Azərbaycan Avropanın ən nüfuzlu musiqi yarışması ”Eurovision”a ev sahibliyi etməyə hazırlaşır. Burada “Eurovision” finalçıları tezliklə səhnəyə çıxacaqlar. Azərbaycanın avtoritar rejimi şəhəri müasir paytaxt kimi təqdim etmək istəyir. Lakin pul hər şeyi həll etmir.
Musiqi yarışmasının keçiriləcəyi zalın yaxınlığındakı köhnə evlər söküldü. Rəsmi qurumlar evləri sökülənlərə kifayət qədər kompensasiya ödənildiyini desə də, sakinlərin çoxu ödənilən məbləğin azlığından şikayət edir. Evləri sökülənlər onlara verilən yeni mənzillərin yaşayış üçün əlverişsiz olduğunu deyir”.
“Der Tagesspiegel”dəki məqalədə evlərinin sökülməsinə etiraz edən sakinlər, hökumətin onlarla qeyri-insani davranışı xatırlanır: “Evlərindən çıxmaq istəməyən sakinlər təhlükəsizlik qüvvələrinin zorakılığıyla üzləşir. Söküntüyə etiraz məqsədilə keçirilən aksiyalar da hökumət qüvvələri tərəfindn zorakılıqla dağıdılır. Sakinlər və hadisələri izləyən jurnalistlər də təhlükəsizlik əməkdaşları tərəfindən döyülüb. Xarici mətbuatda evlərin söküntüsü və sakinlərə qarşı zorakılıq halları barədə xəbərlərin yayılması Ilham Əliyev rejiminin proqramını dəyişmir. Rejim yarışmanın keçirilməsi üçün yüz milyonlarla pul xərcləyir. Dəqiq rəqəm barədə məlumat verilmir. Lakin iddia olunur ki, Azərbaycan yarışmaya bundan öncə ev sahibliyi etmiş ölkələrin xərclədiyi puldan 2-3 dəfə çox maliyyə sərf edib. Yarışmanın təşkilatçıları bildirir ki, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanıtmaq üçün bir şansdır”.
“20 ilə yaxındır ki, Azərbaycan ”ailə” tərəfindən idarə olunur”
Alman qəzeti Azərbaycanda rüşvət və korrupsiyanı ölkənin ən böyük problemlərindən biri kimi təqdim edib. “Der Tagesspiegel”ın yazdığına görə, aparılan sorğu zamanı hər 4 nəfərdən biri ötən il ərzində rüşvət verdiyini etiraf edib. Dövlət Neft Fonduna yığılan 60 milyard dollarlıq vəsait əsasən, infrastruktur layihələrə xərclənir. Həmin layihələrin maliyyələşməsi prosesi qeyri-şəffafdır. Müxalifət iddia edir ki, xərclənən pulların miqdarı rəsmi sənədələrdə 4-5 dəfə şişirdilir. Həmin pullar üzərində nəzarət zəncirvari olsa da, əsas nəzarəti prezident ailəsi həyata keçirir: “Artıq 20 ilə yaxındır ki, Azərbaycan ”ailə” tərəfindən idarə olunur. Azərbaycan yeganə keçmiş sovet ölkəsidir ki, burada hakimiyyət irsən keçib. Hazırkı prezident Ilham Əliyev ölkəni avtoritar qaydada idarə edən atası Heydər Əliyevdən sonra 2003-cü ildə prezident postuna əyləşib. Parlamentdə real müxalifət təmsil olunmur. Hakimiyyəti tənqid edənlərə rejim tərəfindən təzyiqlər göstərilir. Blogger və jurnalistlər həbs olunur. Ötən il “Ərəb baharı”ndan ilhamlanaraq küçələrə axışan hakimiyyət əleyhdarları Əliyev rejiminin zorakılıqlarıyla üzləşdi, onlarla etirazçı həbs olundu. 2005-ci ildə tənqidçi jurnalistin öldürülməsindən sonra mətbuat özünüsenzuraya keçdi. Bu ölkədə prezident klanının üzvləri və ya klana yaxın olanlar yaxşı karyera qurublar və gəlirli işlərlə məşğuldurlar”.
“Ölkədə antidemokratik hallar nəzərəçarpacaq qədər çoxdur”
Ölkəmizlə bağlı başqa bir məqalə isə Almaniyanın digər tirajlı qəzeti “Frankfurter Rundschau”da yayımlanıb. Qəzet Azərbaycanla bağlı Qərb mətbuatında gedən tənqidi məqalələrin haqlı olduğunu bildirib:
“Eurovision” yarışması öncəsi Qərb mediasında Azərbaycandakı rejimlə bağlı tənqidi materialların dərci silsilə xarakter alıb. Bunun üçün səbəblər kifayət qədərdir. Ölkədə insan haqlarının pozulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması söz və ifadə azadlığının boğulması kimi anti-demokratik hallar nəzərəçarpacaq qədər çoxdur. Hökumət musiqi yarışması öncəsi kisənin ağzını açaraq, sağa-sola pul tökür. Təkcə evləri sökülənlərə kompensasiya ödənilməsi, yolların təmiri kimi işlərə 12 milyon avro xərclənib. Bu rəqəm kifayət qədər böyük məbləğdir. Bu pullar ölkə üçün həyati əhəmiyyət kəsb edən işlərə də yönəldilə bilərdi. Yarışmaya hazırlıq prosesi başlanan vaxt paytaxtı su ilə təmin edəcək kanalın tikintisi dərhal dayandırıldı”.
“Frankfurter Rundschau” daha sonra “Almaniyanın federal hökuməti Azərbaycanda insan haqlarının durumuna görə nartahatlıq keçirir və vəziyyətin normallaşdırılması üçün Bakı ilə müzakirələr aparılmasını təklif edir” açıqlamasının müəllifi, Almaniyanın insan haqları üzrə Ombudsmanı Markus Löninqə qarşı Azərbaycan hakimiyyətinin apardığı çirkin kampaniyanı da yada salıb. Hakimiyyətə yaxın mətbuatda Ombudsmanın “əyyaş” adlandırıldığı xatırlanıb.
Məqalədə Azərbaycan hakimiyyətinin avropalı lobbi şirkətlərilə əməkdaşlığı da ifşa olunub: “Azərbaycan Almaniyada fəaliyyət göstərən PR şirkətlərilə sıx əməkdaşlıq edir. Berlindəki ”Consultum” lobbi şirkəti Qərbdə diktaturanın imicinin yaxşı təqdim olunmasında günahlandırıldı. Hələ ki, Avropa Yayım Birliyi Azərbaycanda insan haqlarının pis durumuna dair hesabatlara və jurnalistlərin döyülməsi faktlarına sükutla yanaşır”.
Britaniya mediası Dubay mülklərini xatırlatdı
Almaniya mediası ilə yanaşı, Britaniyanın nüfuzlu qəzetləri də Azərbaycan hakimiyyətini hədəf almaqda davam edir. Britaniyanın ən tirajlı qəzetlərindən olan “The Daily Mail”də ölkəmizlə bağlı geniş məqalə yayımlanıb. Həmin məqalədə də Azərbaycanda “Eurovision” yarışması ərəfəsində ictimai-siyasi durum, insan haqları və demokratiyanın vəziyyətindən bəhs olunur. Qəzetin Bakıya ezam olunmuş əməkdaşı gənclərin 17 mart aksiyasında oxuduğu mahnıya görə həbs edilən rokçu Camal Əli, bloggerlər Emin Milli və Adnan Hacızadə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova ilə söhbətlər əsasında Azərbaycanda insan haqlarının necə pozulduğu, fərqli siyasi mövqedə olanların başlarına nələr gəldiyi barədə yazıb.
Məqalədə göstərilib ki, hakimiyyət Bakıda mitinqləri qadağan edib, ötən ilin yazında hakimiyyətə etiraz etmək üçün küçələrə çıxanlara isə divan tutulub, onlardan bir qrupu hələ də həbsdədir. “Amnesty International” həbs edilənləri vicdan məhbusu kimi tanıyıb. Bildirilir ki, “Eurovision”a hazırlıq ərəfəsində hakimiyyət Bakının kənarında müxalifətə mitinq keçirmək üçün iki dəfə icazə verib. Ancaq çoxları hesab edir ki, yarışma bitəndən sonra kütləvi aksiyalar yenidən qadağan olunacaq. Daha sonra bloggerlər Emin Milli və Adnan Hacızadənin satirik videoya görə həbs olunmalarından bəhs edilir.
“Azərbaycan Avropada insan haqlarının ən bərbad durumda olduğu ölkədir”
“The Daily Mail” Bakıda evlərin sökülməsindən və sakinlərin mülklərinin əllərindən zorla alınmasından, jurnalist Idrak Abbasovun döyülməsindən, X.Ismayılovanın apardığı araşdırmalara görə şantaj olunmasından və digər problemlərdən də bəhs edib: “Amnesty International” bildirir ki, Azərbaycan Avropada insan haqlarının ən bərbad olduğu ölkədir. Burada sərbəst toplaşmaq və ifadə azadlığı sərt şəkildə məhdudlaşdırılır. Azərbaycan son 20 il ərzində çox dəyişib. Hündürmərtəbəli, dəbdəbəli binalar paytaxt Bakını bəzəyir. Azərbaycana gələnlər Heydər Əliyev adına beynəlxalq aeroportda qarşılanır. Aeroport sovet hakimiyyəti illərində Azərbaycanda “KQB”yə rəhbərlik etmiş Heydər Əliyevin adının verildiyi onlarla yerlərdən biridir. Onun ölümündən sonra oğlu Ilham Əliyev hakimiyyətə gəldi. 2010-cu ildə keçirilən parlament seçkilərində ölkənin iki əsas müxalifət təşkilatı – Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat partiyasından deputat mandatı alan olmadı. Nisbətən fəal dissidentlər təzyiq və hədələrlə üzləşir. Onların ailə üzvləri işlərini itirməli olurlar.
“Əliyev oğluna Dubayda mülk alıb”
“The Daily Mail” onu da qeyd edir ki, Azərbaycanda irsən keçən prezidentlik mövcuddur: “1994-cü ildə Ilham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub. Sonradan müxtəlif vəzifələr tutub. 2003-cü ildən isə ölkənin prezidentidir. Onun 12 yaşlı oğluna Dubayda 30 milyon dollarlıq mülk aldığı deyilir. Hakimiyyəti sərt tənqid edən jurnalist Elmar Hüseynov 2005-ci ildə evinin yaxınlığında öldürüldü. Onun qatilləri hələ də tapılmayıb. Ötən ilin noyabrında başqa bir tanınmış jurnalist Rafiq Tağı Bakıda bıçaqlandı, aldığı yaralardan xəstəxanada dünyasını dəyişdi. Bu hadisəyə görə də məsuliyyət daşıyanlar cəzalandırılmadı”.
Siyasət şöbəsi