“Mənə qarşı kampaniya ilə gündəmdə qalmaq istəyirlər”

Rəhim Qazıyev Pənah Hüseynlə Sülhəddin Əkbəri ittiham etdi

“Sülhəddin Əkbər və Pənah Hüseyn mənim dövlətə, millətə xəyanət etməm barədə faktlara malikdirlərsə niyə açıqlamırlar? Açıqlamırlarsa bəs uzun illərdir, bu iyrənc kampaniyanın səbəbi nədir?”. Bu sözləri “Azadlıq”a sabiq müdafiə naziri Rəhim Qazıyev deyib.
Xatırladaq ki, sabiq baş prokuror Ixtiyar Şirinov “Azadlıq”a müsahibəsində bildirmişdi ki, Gəncə hadisələrindən bir qədər əvvəl onlarda Rəhim Qazıyevlə rus generalı Şerbakın telefon danışıqları olub. Sabiq baş prokurorun sözlərinə görə, onlar hakimiyyət çevrilişi barədə söhbət ediblər. Şerbak Rəhim Qazıyevə bildirib ki, mənə dəstək verən AXC hakimiyyətini devirim. Ixtiyar Şirinov bunu Gəncə hadisələrinin tərkib hissəsi kimi qiymətləndirib.
O dövrdə milli təhlükəsizlik nazirinin müavini olan Sülhəddin Əkbər Ixtiyar Şirinovun dediklərini təsdiqləyib. Lakin Rəhim Qazıyevin Şerbakla nə danışması barədə açıqlama verə bilməyəcəyini deyib.
Həmin dövrdə baş nazir olmuş Pənah Hüseyn də Rəhim Qazıyevin Şerbakla telefon danışıqlarının olmasını təsdiqləsə də, əlavə şərh vermək istəməyib.
Rəhim Qazıyev isə hesab edir ki, Sülhəddin Əkbərlə Pənah Hüseynin məsələyə bu cür münasibət bildirməsi qeyri-səmimilikdən başqa bir şey deyil: “Əvvəla Ixtiyar Şirinov cavab versin görək əgər mənim dövlət çevrilişi etməyimdən xəbərdar olubsa, xəyanətimi bilibsə, niyə mənim barəmdə tədbir görməyib. Axı o fəaliyyətdə olan prezidentin həbsinə sanksiya vermək qüdrətində olan bir baş prokuror idi. Bu fikirləri Sülhəddin Əkbərlə Pənah Hüseynə də aid etmək olar. Axı necə ola bilər dövlət səlahiyyətli şəxsləri xəyanətdən xəbərdar olublar, amma heç bir tədbir görməyiblər. Axı niyə Sülhəddin Əkbər və Pənah Hüseyn bu barədə danışmaq istəmir? Xəyanət etmək rəzil hərəkətdir, amma xəyanəti bilib xalqdan gizləmək daha rəzil hərəkətdir. Nə bilirlər danışsınlar. Danışmırlar, çünki belə bir şey yoxdur. Sadəcə mənə qarşı kampaniya aparıb gündəmdə qalmaq istəyirlər”.
Rəhim Qazıyev “Azadlıq” qəzeti vasitəsilə Sülhəddin Əkbərə, Pənah Hüseynə və bütövlükdə Azərbaycan ictimaiyyətinə müraciət edib: “Kim mənim xəyanətim haqda nə bilirsə açıqlasın. Heç nəyi gizləməsinlər. Desinlər görək mən nə etmişəm. Mən bütün ittihamlara cavab verməyə hazıram”.

Azad