Bütpərəstliyin həftəlik xərci

Oxucularımızdan Elnur Məmmədli qəzəbli bir məktub yazıb elektron poçt ünvanıma, deyir ki, ermənilər Tiflis teatrlarından birində Şuşanın işğalı günü böyük konsert təşkil ediblər. Konsert boyu Xankəndi ilə canlı bağlantılar təşkil olunub və s. Elə həmin gün Azərbaycanın Gürcüstandakı səfirliyinin də başı çal-çağıra qarışıbmış, onlar da Tiflisdəki restoranlardan birində öz “dahi rəhbərlərinin” ad günü münasibətilə oxuyub, oynayıb, yeyib-içiblər.
Mən başa düşmürəm, burada qəzəblənməli nə var? Gəlin Allaha şükr edək ki, çal-çağır Heydər Əliyevin adı ilə bağlı günün şərəfinə təşkil olunub, Gürcüstandakı səfirliyimiz də Şuşanın işğalını bayram etsə, nə edərdik? Hərçənd “dahi rəhbər”in adı ilə Şuşanın işğalı faktı bir-birinə o qədər yad, dəxilsiz də sayılmamalıdır.
Bu arada, iqtisadçı dostumuz, vicdanlı vətəndaş Natiq Cəfərli maraqlı bir hesablama aparıb. Bu hesablama hamımızın çox yaxşı bildiyi həqiqəti bir daha gözlər önünə sərir. Natiq bəy “facebook”dakı səhifəsində yazır: “Bu il Gül Bayramına, ”Böyük Bütə” sitayiş mərasiminə, təqribən, 50 milyon manatdan artıq, H.Əliyevin xatirəsinə həsr olunmuş velosiped yürüşünə və at yarışlarına, təqribən 2-3 milyon manat xərclənib. Yəni, son 1 həftədə “bütpərəstliyin” təbliğinə 55 milyon manat pul göyə sovrulub. Bakı şəhərində 10 min həkim işləyir, onların orta maaşı 213 manatdır, yəni, ildə 25 milyon manat onlara maaş verilir, son bir həftədə olan mərasimlərə xərclənən vəsaitlə, onların maaşını 3 dəfə artırmaq olardı, yəni, həkimlər, ortalama, 650 manat maaş ala bilərdilər və xəstələrdən də rüşvət tələb etmək məcburiyyətində qalmazdılar. Deməli, illərdir dediyimiz fikir düzdür, bu hakimiyyət inflyasiyanı bəhanə edərək, maaşları qaldırmır, amma əsl səbəb budur ki, onlar bilərəkdən həkimi, müəllimi rüşvətxor, gözükölgəli edirlər ki, istənilən vaxt onlara təzyiq edə bilsinlər, seçkiləri onların əli ilə saxtalaşdırsınlar. Korrupsiya, rüşvət bu hakimiyyətin bilərəkdən seçdiyi idarəetmə üsulu və həyat tərzidir…”
Mən Natiq bəyin yazdıqlarının altından eynən imzamı atıram. Amma bir neçə cümləlik əlavəm də var. Məsələ yalnız korrupsiyada deyil. Utancverici olan ölkədə bütpərəstliyə bu qədər maya qoyulmasıdır. Həftəyə nə az, nə çox – 55 milyon manat!
Əliyevçi rejim ölkənin təqvimini elə bir vəziyyətə salıb ki, burada hər ay Heydər Əliyevin adı ilə bağlı mütləq hansısa uydurma bayram, əlamətdar gün var və hamısı da təntənə ilə, atəşfəşanlıqla qeyd olunur. Mayın bəxtinə “Gül bayramı” düşüb, iyunda isə “Qurtuluş günü” var. Iyulda “dahi rəhbər”in ilk dəfə hakimiyyətə gəldiyi gündür və s. Bunların hər biri ilə bağlı bütpərəstlik şouları düzəldilir, həmin şoulara xərclənən pullar da on milyonlarla manat deməkdir.  
XXI əsrdə bu, rəzalətdir. Biabırçılıqdır. Özünü dünyaya güldürməkdir, ölkəni dünyaya gülünc etməkdir. Eyni zamanda, Azərbaycanın çağın nə qədər gerisində qalmış, nə qədər arxaik bir zehniyyət tərəfindən idarə olunduğunun göstəricisidir.
Ilham Əliyev isə deyir ki, guya müasir dövlət qurur. Sevsinlər sizin bütpərəstliyə, “şəxsiyyətə pərəstiş”ə həftədə 55 milyon manat xərcləyən “müasir dövlət”inizi, başqa nə deyim?
Elə bir yaptokrat varsa, buyursun!
Yaptokratlar bütpərəstliyin yeni təzahürlərindən biri kimi, təzəlikcə Heydər Əliyevin xatirəsinə beynəlxalq velosiped turu təşkil etdilər. Bir gün ərzində şəhərin bütün əsas yolları qapandı, camaat avara, dərbədər düşdü.
Müxalifətin mitinqləri üçün isə guya, nəqliyyatın hərəkətinə mane olduğu gərəkçəsi ilə şəhərin mərkəzindən uzaqları, ucqarları göstərirlər.
Indi mən azdan-çoxdan məntiqi olan…
Az-çox vicdan hissini qoruyub-saxlayan…
Ədalət duyğusunu tamamən itirməmiş bir yaptokratın (belə birini, hətta təsəvvür etmək belə, mənə çətin olsa da!) çıxıb buna izah verməsini istəyirəm. O izahı elə bu köşədəncə yaymağa hazıram.
Demirsiniz ki, etdiyiniz hər pisliyə, qol qoyduğunuz hər iyrəncliyə, imza atdığınız hər absurda veriləcək bir cavabınız var, onda buyurun!
Gözləyirəm.