Bu adam öz adını niyə qorumur, axı?

Hansı daşı qaldırırsan, altından “hakim ailə” çıxır: gör, işin harasıdır ki, “sayğac” quraşdırılmasında, “London taksiləri”ndə, hansısa binanın tikintisində də prezidentin və ailəsinin adı hallanır. Niyə belə olmalıdır?
Anlamağa cəhd göstərirəm ki, böyük, Azərbaycan üçün hətta lap böyük sayılan layihələrdəki bu və ya digər formada korrupsiya faktlarından prezidentin “əməlli-başlı” xəbəri ola bilər. Məsələn, heç yerdə qeydə alınmayan və hesabatlarda əksini tapmayan gözdəniraq neft borusunun, ən aşağısı, Bakı-Ceyhan xəttinin böyründə hansısa “deşiyin” mümkünlüyünü və bu “deşikdən” axan neftin birbaşa şəxsi cibə getməsini, yaxud Qusardakı “sürüşmə” kompleksinin 6 milyarda qədər şişirdilməsini, yainki Azərbaycanın qızıl yatağında hakim ailənin payının olmasını, qəbul etməsəm də, təsəvvür edirəm. Bəs, cəmi-cümlətani 33 milyon manat ayrılan “taksi biznesində” Ziya Məmmədov tənələrdən yaxa qurtarmaq üçün niyə prezidentin adını çəkməlidir? Hansısa rayonun “sosial-iqtisadi inkişafına” ayrılan 3-5 milyonda, bir “xruşşovka”nın daş üzlüyünün dəyişdirilməsində, yol kənarlarındakı səkilərin yenilənməsində, işıq dirəklərinin əvəzlənməsində, hansısa iş adamının əmlakının əlindən alınmasında, ölkəyə idxal olunan maşın alverində niyə Ilham Əliyevin adı çəkilməlidir?
Adamın bu qədər sərvəti, varı olduğu halda, niyə adının xırdalanmasından narahat olmamalıdır? Niyə bütün dünyada “korrupsionerlər” siyahısında mövqe tutmasına rəvac verməlidir?
Insan – heç nəyə ehtiyacı olmadığı, hətta xaricdə qoşa-qoşa villalarının mövcudluğu barədə dünya mətbuatının car çəkdiyi bir məqamda da hamının diqqətində olan “Bakı Kristal Zalı”nın tikintisində “ailə şirkətindən” istifadə edərmi?
Özünü bircə dəfə Avropa liderləri ilə yox, elə gözümüzün qabağındakı Saakaşvili ilə müqayisə edibmi? Guya, Saakaşvili imam övladıdır, aydan arı, sudan durudur? Elə Azərbaycan mətbuatı Saakaşvili ailəsinin ARDNŞ ilə işbirliyində olmasını yazmayıbmı?
Amma o Saakaşvilinin imici, siyasi çəkisi, mövqeyi, bu da Azərbaycan liderinin! Niyə bu qədər fərq olmalıdır?
Yəni, Ilham Əliyev öz adının qayğısına qalmağı heçmi düşünmür? Yəni, Ilham Əliyev bu günün mütləq sabahı olacağını heçmi gözaltına almır?..
Fədailər, bilin ki, biz bilirik
Bakı meriyasının qarşısında sərbəst toplaşma azadlığının təmini üçün piket keçirən insanların video-foto görüntülərinə baxıram. Ötən dəfəki piketdən fərqli olaraq, bu dəfə rejim əsl mahiyyətini ortaya qoyub: bir daha heç kimdən çəkinmədiyini, mahnı müsabiqəsi öncəsi bütün dünyanın Bakıya axışmasını vecinə almadığını nümayiş etdirib və piketçilərə divan tutub.
Piketin siyasi əhəmiyyətini bir kənara qoyuram – zaman göstərəcək.
Mənimçün maraqlı olan azadlıq istəyən insanların fədakarlığıdır. Baxın o fotolara – illərlə azadlıq, demokratiya uğrunda mübarizə aparan və sizlərə tanış olan çox simalar görəcəksiniz. Onların sırasında “təzələr”, gənclər də var, amma əsas etibarilə “köhnələrdir”.
Bu fədakar insanlar bütün ömürlərini, günlərini Azərbaycanda demokratiyanın inkişafına həsr ediblər; hələ də mübarizənin önündədirlər, hələ də canları, qanlarıyla vuruşurlar…
Görəsən, “hakimiyyət bıçağı” sümüklərinə dirənsə də, hələ də “dözməyə” və möcüzə gözləməyə üstünlük verənlər bilirlərmi ki, bax, bu insanların – polisin təpiyi, rejimin repressiyaları altında əzilə-əzilə haqqı qorumaq uğrunda Kərbəla müsibəti yaşayanların sayəsində başları salamatdır?
Görəsən, insanlar bilirlərmi ki, hakimiyyət “burdan neft çıxır” bəhanəsilə daha çox adamın evini başına uçurmursa, hansısa xırda sahibkar balaca bir dükanını hələ də işlədə bilirsə, Naxçıvandan fərqli olaraq, Bakı küçələrində “cüt-cüt” gəzmək qadağan olunmayıbsa.., – bütün bunlar o piketlərdə, mitinqlərdə əzilənlərin xidmətidir?
Bilirlərmi ki, bu gün demokratiya tələblərinin artması və sıraların genişlənməsinin səbəbkarları onlardır?..
Dünən polis qardaşlarımızın dəyənəyi altında baş-gözü yarılan fədailər, bilin ki, biz bilirik: bu xalqın şərəf tarixi Sizlərin adıyla bağlıdır!