Bağlı qalmayan iki şey

Atalar iki şey haqda deyir ki, qırx gündən artıq gizli saxlamaq olmaz. Yəni qırx gün ötər, fahişəliyin də, oğurluğun da üstü açılar. Əlbəttə, qırx gün müddəti burda Şərq mistisizminə əsaslanan rəmzi sürədi. “40″ böyük bir etapı ehtiva eləyir. Yəni, sanki hər şeyin sirr pərdəsinə bürünüb açılmayacağına tam arxayın olduğun vaxt, hər şeyin üstü açılır. Kəsəsi, cidanı çuvalda gizləmək olmur. Hərənin bir ağzı var, bütün ağızları yummaq mümkün deyil. Gərək onda həndəsi silsilə ilə bütün ölkə vətəndaşlarının, sonunda da öz ağzına bir güllə sıxasan ki, tarixdə həmin gizli hadisədən, əməldən kimsənin xəbəri olmaya. Onda da elə bu kütləvi qırğının özü bir ipucu olacaq və bütün çör-çöp su üzünə çıxmağa başlayacaq.
Keçmiş briqada komandiri polkovnik Isa Sadıqovun “Azadlıq”a yazdığı silsilə yazılar həm fahişəlik, həm də oğurluq faktı olan Gəncə hadisələrinin üstündən böyük sirr pərdəsini götürdü və ya ən azı, o pərdəni o hadisələrin üstündə bərk-bərk tutmaqda davam eləyən, yaxud da əli pərdədə olmayan, sadəcə, hansısa səbəbdən susmaqda davam eləyən tərəfləri rezonansa gətirdi, hər tərəf də istədi-istəmədi, bu pərdəni qaldırmağa məcbur oldu. Bu pərdəni qaldırma porsesinin mahiyyətində bir məqam yenə də xüsusi olaraq nəzərə çarpmağa başladı: hər kəs yalnız öz quyruğu tapdananda danışmağa başlayır. Isa Sadıqov sadəcə, bu sükuta, sirr pərdəsinə bir fitil qoydu. Partlayışlar isə ötürülə-ötürülə davam eləməkdədi və mən əminəm ki, bir gün bu partlayış dövlətin gizli arxivlərinə qədər gedib çıxacaq. Hər şey daha aydın, daha dəqiq şəkildə açılacaq; günahkarlar, Azərbaycan tarixində izi silinməyəcək dərəcədə olan bu cinayətin bütün iştirakçıları, təşkilatçıları, oyunun ssenarisini cızanlar tam çılpaqlığı ilə bəlli olacaq və ictimaiyyət də bundan xəbər tutacaq, həmin o məşum Gəncə hadisələrinin, Surət lələnin nə boyda bir alçaqlığa qol qoyduğu, öz sarsaq hikkəsi və korafəhmliyi ucbatından bir gənc dövləti nə qədər geri atdığı, ona necə sağalmaz yaralar vurduğu üzə çıxacaq.
Inanıram ki, zaman gələcək bu hadisənin ölü, ya da diri olan bütün aktiv iştirakçıları yenidən sorğulanacaq və həqiqət tam olaraq gözümüz önündə sərgilənəcək. Qoy hələ ki, o hadisədə hansısa tərəf olmuş şəxslər yaxasını yırtsın, hərə özünü təmizə çıxarmaq üçün qan-tər töksün və başqalarını suçlasın – yekunda sirr deyilən bir şey qalmayacaq və avam, fitnələrə dərhal uyan, beynini, ağlını, məntiqini, düşüncəsini işə salmağa zərrəcə meyli olmayıb o günlərin murdar yalanlarına inanan tənbəl cəmiyyətimiz gerçəyi biləcək.
Hamıya aydındı ki, üstündən 15-16 il keçəndən sonra həqiqəti bilmənin elə bir dəyəri olmayacaq. Nə milli hökumət geri qayıdacaq, nə Əbülfəz Elçibəy, nə də o zaman götürülən milli-demokratik kurs. Lakin görəsən, bu cəmiyyət anlayacaqmı ki, bir də heç vaxt aldığı informasiyanı analiz eləmədən ona inanmaq olmaz? Əminəm ki, o pərdə qalxan vaxt xalq həmin dövrdə alim və ziyalılarımızın Gəncədən hazırladığı hesabatı xatırlayacaq, sağ qalanların üzünə, ölənlərin isə goruna… nə deyim – bunu hər kəs zənn eləyə bilər.
Təsəvvür eləmək belə olmur ki, o çağın ziyalılarının içindən barı bircə nəfər çıxmadı ki, həqiqəti desin və qurban getsin. Onsuz da çoxlarını sonradan qurbanlıq kimi məhv elədilər – kimini mənən, kimini cismən. Inanmaq olmur ki, o dövrün həqiqəti dilinə gətirə biləcək bircə ziyalısı belə olmayıb. Təsəvvür eləyə bilirsinizmi? Həmin çağ ziyalılığı nə boyda axtalıq, nə boyda qısırlıq içindəymiş.
Kim nə deyir-desin, kim hara yozur-yozsun, mən bir fərd olaraq, bu gün Ziyalılar Forumunun mövcudluğunu, Rüstəm Ibrahimbəyovun, Rafiq Əliyevin, Cəmil Həsənlinin çıxışlarını qəhrəmanlıq hesab eləyirəm. Bu, həmin axta ziyalılıq dövrüylə müqayisədən doğur. “Juliklər” kəlməsilə bağlı dost sorğusuna Rüstəm bəy belə cavab verib: “Hər kəslə gərək öz dilində danışasan…”
Allah bəd nəzərdən qorusun və şükr ki, xalqımızın danışmağa cürəti çatan ziyalıları yox deyil artıq.