Azərbaycan iqtidarı alman mediasında yenə tənqid olundu

“Die Welt” hakimiyyətin Almaniya əleyhinə kampaniyasından da yazdı

Almaniya mediasında Azərbaycan hakimiyyətini tənqid edən növbəti məqalə yayımlanıb. “Die Welt” qəzeti də digər Qərb media quruluşları kimi Azərbaycanın “Eurovision” musiqi yarışmasına hazırlığı fonunda ölkəmizdə insan hüquq və azadlıqlarının durumuna toxunub. Məqalədə deyilir ki, yarışmanın finalı yaxınlaşsa da, Bakıda tikinti və söküntü işləri hələ davam edir. Yarışmanın təşkili işlərinə külli miqdarda pul xərclənib. “Tənqidçi jurnalistlər diqqət xarici görünüşün inkişafı ilə yanaşı, İlham Əliyevin rəhbərlik etdiyi ölkədə korrupsiya və insan haqlarının pozulması hallarına yönəltməyə çalışırlar. Rəsmi dairələr bunu “bir mərkəzdən idarə olunan kampaniya” adlandırırlar”, – deyə qəzet yazıb.

Etiraz edənlər zorakılıqla üzləşib

“Die Welt” Bakının mərkəzində aparılan tikinti-söküntü işlərinə və sakinlərin evlərindən zorla köçürülməsinə toxunub. Yazıda qeyd olunur ki, musiqi yarışmasının keçiriləcəyi zalın tikintisi zamanı əraziyə yaxın evlər sökülüb. Ev sahiblərinə hüququ sənəd təqdim olunmadan onları evlərindən çıxarıblar. Etiraz edənlər isə polislərin və məmurların zorakılığı ilə üzləşib. Beynəlxalq insan haqları təşkilatlarının son hesabatlarında Azərbaycan hakimiyyəti vətəndaş və mülki hüquqları pozduğuna görə sərt tənqid olunub. Hökumət isə iddiaları rədd edərək sakinlərə sökülən evlər qarşılığında kifayət qədər kompensasiya ödənildiyini bildirir.

Tənqidçi mətbuata ciddi dövlət təzyiqi var

Almaniya qəzeti ölkəmizdə mətbuat azadlığının pozulduğu və hökumətin media üzərində nəzarəti haqda da yazıb: “Azərbaycanda tənqidçi mətbuata ciddi dövlət təzyiqi var. Araşdırmaçı jurnalist Xədicə İsmayıl peşə fəaliyyətinə görə şatnaj olundu və şəxsi həyatıyla bağlı video-kadrlar yayıldı. Xanım jurnalist prezident ailəsinin biznesi barədə araşdırma apardığı üçün çirkin kampaniya ilə üzləşdiyini deyir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə mətbuata qarşı hücumları “nadir hallardan biri” adlandırır”.

Almaniyaya qarşı kampaniya aparılır

 “Die Welt” Azərbaycan hökumətinin və iqtidara yaxın qəzetlərin Almaniya mediası və hökumətinə qarşı kampaniyasına da toxunub. Qəzet yazır ki, Almaniya mətbuatı ölkədə insan hüquq və azadlıqlarının pozulması faktlarını gündəmə gətirdiyi üçün Azərbaycan hakimiyyətinin sərt etirazı ilə üzləşib: “Aprel ayında ölkə başçısı İlham Əliyev Almaniya qəzetlərində tənqidi məqalələrin yayımını əsas gətirərək “Biz yaxşı bilirik, bu kampaniyanın arxasında kimlər dayanır” dedi. Azərbaycanın Berlindəki səfirliyi də bəyanat yayaraq Almaniyanın insan haqları üzrə müvəkkili Markus Löninqi Azərbaycana qarşı kampaniya aparmaqda günahlandırdı”.

Siyasət şöbəsi