“Azenko”nun ələ keçirilməsi ilə bağlı yeni təfərrüatlar

7 min adama 2 faiz, hakim ailəyə 98 faiz

Hafiz Babalı: «Azenko» investisiya müsabiqəsi ilə yox, hərrac vasitəsilə özəlləşdirilməli idi»

Bir çox iri layihələrin həyata keçirilməsində iştirak edən “Azenko” şirkətinin prezidentə məxsus olması ilə bağlı araşdırma onun özəlləşdirilməsi zamanı neqativ halların olduğunu da ortalığa çıxarıb. Rəsmi məlumatlara görə, “Azenko” MMC-nin payının 97,5 faizinin sahibi “Interenerji” şirkətidir. “Interenerji”nin əsas – 70 faizlik payının sahibi isə “Ador” MMC-dir. “Ador” MMC-nın qeydiyyatdan keçdiyi ünvan isə prezidentin ailə üzvlərinə məxsusdur. Prezidentin ailəsinin “Azenko”nu ələ keçirməsi prosesində isə qaranlıq məqamlar var. Hələ bir müddət əvvəl “Turan” informasiya agentliyinin yaydığı məlumatdan bəlli olurdu ki, müqaviləyə əsasən “Interenerji” MMC “Azenko”nun səhmləri üçün dövlət büdcəsinə 6,4 milyon manat köçürəcək. Halbuki onun xüsusi kapitalı 500 milyon dollar təşkil edib.

“Azenko” MMC-nin özəlləşdirilməsi prosesinə toxunan iqisadçı-ekspert Hafiz Babalı əslində bu müəssisənin hansı vəsaitlər hesabına formalaşdığının bəlli olmadığını bildirdi. Müəssisə özəlləşdirilməyə çıxarılarkən onun 300 mln dollardan çox yuxarı kreditor borcları olub. Bunun bir hissəsi kredit borcları ilə bağlıdır. Müəssisənin “əzələlərinin şişirdildiyini” deyən ekspert özəlləşdirilməyə çıxarılarkən onun aktivlərinin 500 mln dollar dəyərində hesablandığını qeyd etdi. Əgər bazar qiyməti müəyyən olunsaydı, bu, daha yüksək məbləğ olardı. Qiymətləndirmə sırf aktivlərin alınma qiyməti ilə müəyyən olunub.
Ekspert müəssisənin 15 faizlik səhm zərfinin əmək kollektivi üzvlərinə təklif olunduğunu və bir ay müddətdə təxminən min nəfərin bu prosesdən yararlandığını bildirdi. Min nəfər isə təxmnən 2 faizə sahib olub. Bu da o anlama gəlir ki, özəlləşdirmənin bu mərhələsində şəffaflıq və bərabərlik prinsipləri pozulub. Prosesin kölgəli məqamlarından biri məhz budur.
Ekspert özəlləşdirmənin bu qaydada aparılmasını da zəruri hesab etmir. Bu müəssisə artıq bazarda xüsusi çəkisi, inhisarçı mövqeyi olan bir subyekt idi. Belə müəssisənin investisiya müsabiqəsi ilə özəlləşdirilməsi doğru deyildi. Çünki onun əlavə investisiyaların cəlb olunmasına ehtiyac yox idi. Investisiya müsabiqəsinə yenidən qurulmağa ehtiyacı olan müəssisələr çıxarılır. “Azenko” MMC isə hərrac vasitəsilə özəlləşdirilməli idi.
Ekspertin fikrincə, aktivləri, bazardakı mövqeyi və gələcək pesrpektivləri nəzərə alınmaqla bu müəssisəni yüksək qiymətə dəyərləndirib özəlləşdirmək olardı. Bununla da dövlət büdcəsinə önəmli məbləğ cəlb olunardı. Lakin zəif bir müəssisə kimi təqdim edilərək onun investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməsinə önəm verilib və nəticədə dövlət büdcəsinə cəmi 6,4 mln manat ödənilib. Ekspert bütün dünyada səhmlərin bir əldə cəmləşməsindən imtina edildiyi halda Azərbaycanda buna üstünlük verildiyini də vurğuladı. Səhmlərin bütövlüklə bir investora təklif olunması müəssisənin gələcəkdə böyük problemlərlə rastlaşması riskini yaradır.
Ekspert müəssisənin özəlləşdirilməsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilmədiyini də qeyd etdi. Baxmayaraq ki, özəlləşdirmənin informasiya təminatı ilə bağlı hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmçinin qanunvericiliyin tələblərinə əsasən, investisiya müsabiqəsində ən azı iki iddiaçı iştirak etməlidir. Lakin digər iddiaçılar barədə heç bir məlumat verilməyib.  
Ekspert Sumqayıt Texnologiya Parkının yaradılması və “Azenko”nun özəlləşdirilməsinin müəyyən niyyətlərə çatmaq üçün bir vasitə olduğunu da bildirdi. Sonradan bu müəssisələrin bir-birindən ayrılması bunun düşünülmüş strategiyanın nəticəsi olduğunu deməyə əsas verir.

Fizzə