«Demokratik diktatura ilə qəbizliklə müşayiət olunan ishalın arasında heç bir fərq yoxdur»
(Günün sitatı)
YAP hakimiyyətinin Avropaya qarşı amansız ideoloji müharibəsi davam edir. Hətta adi bir avtomobil qəzası belə qoca Avropanın siyasi sisteminin böhranı kimi təqdim olunur. AzTV-yə inansaq, çox yaxın müddətdə Avropadan Azərbaycana insan axını gözlənilir, yəni Bakının əmək birjalarında (qul bazarlarında – X.Ə.) Almaniyadan, Britaniyadan, Ispaniyadan bir parça çörək dalınca ölkəmizə pənah gətirmiş biçarələri görəcəyik(!).
Istər-istəməz yada Sovet imperiyasının ilk illəri yada düşür, bolşeviklər hakimiyyətə gələr-gəlməz Lenin Qərbə savaş açdı. Məhşur “Amerikaya çatmaq və onu ötüb keçmək” proqramını elan etdi. Fikir verirsinizsə, çatmaq və ötüb keçmək… Yəni Qərbi ötüb keçmək üçün əvvəl ona çatmağın lazım olduğu vurğulanırdı. Stalin hakimiyyətə gələndə bu şüara qısaca dəyişiklik etdi: “qısa müddətə bunu edəcəyik”- dedi.
Marksizmin ən böyük nəzəriyyəçilərindən biri – Trotski “Inqilaba xəyanət” əsərində ibtidai kommunizmə inkişaf etmiş kapitalizmin daha yaxın olduğunu, sovet sisteminin bu səviyyəyə çatması üçün təxminən əlli il gərək olduğunu yazmışdı. Stalin bu əsərə görə onu uzaq Meksikada tapıb öldürtdürdü. Tarix Trotskinin haqlı olduğunu sübut etdi, 50 ildən sonra sistem məğlubiyyətini etiraf etdi, daha sonra isə Qərbin önündə diz çökdü.
Hazırda bizə təbliğ edirlər ki, biz, yəni Azərbaycan nəinki Avropaya çatmışıq, hətta onu çoxdan ötüb keçmişik, sadəcə bu elə bir sürətlə baş verib ki, hiss etməmişik. Dolayısı ilə Leninin, Stalinin və Xruşşovun edə bilmədiklərini son 19 ildə Əliyevlər “bacara bilib”. Mübariz Qurbanlını, Əli Əhmədovu, Aydın Mirzəzadəni gecə saat 4-də yuxudan oyat, eşitdiyiniz ilk cümlə təxminən bu cür olacaq: “Azərbaycan inkişaf səviyyəsinə görə insanların rifahı baxımından Norveç, Danimarka, Isveçi çoxdan ötüb keçib, bizim analoqumuz yoxdur, vəssalam, e!”.
Əslində, Avropaya “çatmaq” üçün (!), iqtidar ilk növbədə hansı ictimai-siyasi quruluşda yaşadığımızı etiraf etməlidir, 500 ilin feodal qanunlarından vaz keçməli, milyardlarla pulları ölkə büdcəsinə qaytarmalı, azad seçki keçirməlidir. Başqa variant varmı?..
Bu gün əlinə fürsət düşən Azərbaycandan qaçır, Avropa ən çox bundan narahatdır, Almaniyanın sivil kamplarında minlərlə soydaşımıza bu ölkədə necə yaşamaq təlimi öyrədilir. Ölkədən son 15 ildə 500 min vətəndaş Avropaya sığınıb, bu, rəsmi statistikadır. Təkcə ötən il yüzdən çox ailə ABŞ-ın Virciniya ştatında tütün plantasiyalarında daimi işləmək üçün buraya yerləşib. Rusiyaya pənah aparan milyonları nəzərə alsaq, görürük ki, rejim Azərbaycanı boşaltmaqda israrlıdır. 9 milyonluq xalqın sərvəti 3-5 ailənin ixtiyarındadır. Dünya bunun fərqindədir.
Hakimiyyətin başladığı ideoloji müharibə(!) heç də “Eurovision” öncəsi kəskin tənqidə cavab deyil. Iqtidar 2013-cü ildə keçiriləcək prezident seçkilərində Qərbin dəstəyindən əlini üzüb. Yeganə ümid yeri olan Rusiyanın hazırkı rəhbərliyi isə Avropa və Amerikanın verəcəyi kart-blanşa görə imperiya xəyalları ilə vidalaşmaqdadır.
Oxşar rejimlərin də tarixin arxivinə göndərilməsi, Azərbaycan hakimiyyətini çıxılmaz vəziyyətə salıb.
…Qərbin demokratiya, azad seçki, insanların sərbəst toplaşma hüquqlarının bərpası tələbi hakimiyyəti küncə sıxışdırıb. Artıq Avropadan ciddi sanksiyalar qaçılmaz kimi görünür.
Hakimiyətin seçdiyi “ən gözəl müdafiə hücumdur” taktikası, yalnız futbolda və hərbi əməliyyatlarda uğur gətirir, bir şərtlə ki, qüvvələr nisbətində heç olmasa nəzərə çarpacaq dərəcədə fərq olmasın, çünki əks-hücum zamanı zibilə düşmək riski çox böyükdür. Futboldan söz düşmüşkən…
Ötən gün AzTV-nin xanım diktoru Almaniya futbolunu “hədəf” götürdü, məlum oldu ki, Berlinin “Herta” klubu Bundesliqanı tərk etmək təhlükəsi ilə qarşılaşıb(!).
…Bir neçə gündən sonra Münhendə, möhtəşəm “Allianze arena” stadionunda Çempionlar Liqasının Bavariya-Çelsi finalı olacaq.
AzTV-nin şefi, əməkdar jurnalist (!) Arif Alışanovun nəzərinə çatdırıram ki, artıq 69 min 500 biletin hamısı satılıb.
Oyundan sonra stadionda “500-600 tamaşaçı vardı” deyib, bizi zibilə salmayın, çünki almanlar futbolda çox həssasdırlar, bunu bağışlamazlar.