Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində daşqın baş verib. Leysan yağışları nəticəsində Tiflisdə bir neçə yol, binaların zirzəmiləri və onlarla yaşayış evi su altında qalıb. Mərkəzi avtomobil magistrallarından birində avtomobillərin hərəkəti dayandırılıb.
Xilasedicilər təbii fəlakət bölgəsindən əhalini evakuasiya edirlər.
Daşqın nəticəsində, ən son məlumatlara görə, 4 nəfər ölüb. Onlardan ikisinin qadın, ikisinin isə uşaq olduğu bildirilir. Bir neçə nəfər də xəsarət alıb. Tiflis merinin məlumatına görə, vəziyyətin xüsusilə gərgin olduğu Ortaçala rayonunda itkin düşən 3 nəfər artıq tapılıb, su basmış və zərər çəkmiş evlərdən sakinlərin evakuasiyası isə başa çatdırılıb. Suyun səviyyəsi yüksək olsa da, vəziyyəti nəzarət altına almaq mümkün olub. Tiflisin bir sıra rayonları elektrik enerjisiz və içməli susuz qalıb.
Daşqın Tiflis yaxınlığındakı yaşayış məntəqələrinə də ziyansız ötüşməyib. Duşet rayonunda sel sularının körpüləri apardığı, 8 kəndin ətraf aləmlə əlaqəsinin kəsildiyi bildirilir.
1970-ci illərin əvvəllərindən bu yana Tiflisdə Kürün daşması qeydə alınmamışdı (ans press).