İngiltərənin nüfuzlu nəşri Azərbaycandakı «Eurovison» dəhşətlərindən yazdı
Ingiltərənin nüfuzlu “The Independent” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib. Məqaləni oxucuların diqqətinə çatdırırıq:
Azərbaycanda oxumaq, ancaq demokratiya üçün yox
Azərbaycanın “Eurovision”nun təşkilatçısı olduğunu qeyd etməyə ehtiyac yoxdur. Bakı aerportu, bəzi binalarla yanaşı demək olar ki, bütün taksi və avtobuslar yarışmanın reklam simvolları ilə bəzənib. Yarışma üçün nəzərdə tutulmuş 25000 nəfərlik konsert zalının keçən həftə prezidenti özü tərəfindən açılışı oldu. Elə gün olmaz ki, axşam televiziyalarda yarışma haqqında xəbər getməsin.
“Eurovision” ölkənin idarəçiləri üçün ciddi məşğuliyyət və neftlə zəngin kiçik ölkənin inkişafını nümayiş etdirmək üçün şansdır.
“Eurovision” bir çox insanın həyatını məhv edib
Hüquq müdafiəçiləri isə deyir ki, avtoritar rejimin başında dayanan Ilham Əliyev yarışmadan ölkədə baş verən hüquq pozuntularına olan tənqiddən yayındırmaq üçün istifadə edir. Onlar Bakıya gələcək icraçılar və heyətləri bu barədə açıq danışmağa çağırırlar.
Prezident Ilham Əliyevə qarşı çıxanlarla nə baş verdiyini Xədicə Ismayılova yaxşı bilir. “Azadlıq” radiosunun əməkdaşı Əliyevlər ailəsi ilə bağlı bir neçə qalmaqallı korrupsiya faktı aşkarlayıb. Həmçinin bu həftə çap edilən araşdırma göstərir ki, “Eurovision” arenasının tikintisində maliyyə maxinasiyaları ofşor şirkətlərlə və qeyri-şəffaf sxemlə həyata keçirilib. Keçən ay isə o ünvanına intim görüntüləri olan təhdid məktubu almışdı. Kimlərsə icazəsiz evinə girmiş və onun yataq otağında gizli kamera quraşdırmışdı.
“O, məni xəbərdar etdi ki, əgər mən araşdırmalarımı dayandırmasam, onlar videonu yayacaqlar. Onlar hesablamışdılar ki, mən utanacam və susacam. Amma səhv etdilər” deyib Xədicə Ismayılova. Şantaja getməkdənsə, o bunu ictimaiyyətə bəyan elədi və korrupsiya araşdırmalarını davam etdircəyinə söz verdi. Video internetdə yayıldı və Azərbaycan kimi mühafizəkar ölkədə onun haqda hökumət qəzetlərində “yüngül əxlaqlı” adam kimi yazdılar.
Xədicə Ismayılova “Eurovision”dan zərər çəkən tək adam deyil. “Eurovision” “Crystal Hall”un yaxınlığında yaşayan bir çox insanın həyatını məhv edib. Evindən məcburi çıxarılanların hesabatını hazırlayan Zöhrab Ismayıla görə, yarışmanın keçiriləcəyi yeri təmziləmək üçün 281 ailə evindən qovulub. Hökumət onlara bazar qiymətindən dəfələrlə az pul ödəyib: “Onlar bu yarışma üçün tikilən binaya 700 milyon dollar sərf ediblər. Ancaq evlərindən çıxarılıb küçəyə atılan insanlara layiqli kompensasiyanı ödəmək üçün pul tapmırlar”.
“Press” yazılmış, qana bulanmış yaşıl gödəkcə…
Sakinlərin zorla evindən çıxarılması təkcə “Eurovision”la bağlı deyil, son 3 ildə Bakıda 4000 ev dağıdılıb. Neftdən gələn böyük gəlirlər hesabına yen tikintilər üçün yerlər boşaldılıb. Mükafat almış jurnalist Idrak Abbasov Bakı yaxınlığında yerləşən Sulutəpə qəsəbəsindəki söküntüləri qeydə almağa çalışmışdı. Keçən ay o, sökülən evləri qeydə alarkən, neft şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən vəhşicəsinə döyülmüşdü. O, indi xəstəxanadan çıxıb, amma sındırılmış qabırğasından aydındır ki, o rahat gəzə bilmir, günlərini valideynlərinin evində divanda uzanaraq keçirir. Bundan başqa döyüldükdən sonra onun bir gözü görmə qabiliyyətini itirib. Stulun başına keçirilmiş, üzərində “Press” yazılmış, qana bulanmış yaşıl gödəkcə hücuma məruz qaldığı gün onun əynində idi: “Onlar evlərin neft şirkətinin ərazisində qanunsuz tikildiyini iddia edərək, insanlara kompensasiya verməkdən imtina edirlər.
Içində insanların olduğu evlərə buldozerlərlə hücum edirdilər. Insanlar qışqırırdılar, mən isə bunu çəkirdim” – Idrak Abbasov belə deyir. Şahidlərin sözünə görə, mühafizəçilər ona hücum çəkdilər və hafizəsini itirənədək döydülər: “Aydındır ki, onların məqsədi məni öldürmək idi”. Daha əvvəllər Idrak Abbasovun atasına hücum çəkiblər, onun evini və maşınını daşlayıblar, 6 yaşlı oğlu naməlum şəraitdə döyülüb. Bugünəcən heç kəs bu hücumlara görə ittiham olunmayıb.
Birinci ledinin daim televiziyada təbliğ olunması gülünc görünür
Rəsul Cəfərov “Demokratiya üçün oxu” kampaniyasının təşkilatçısıdır. O deyir: “Hökumət Azərbaycandakı insanların xöşbəxt olduğunu göstərmək üçün Avropada böyük pullar xərcləyir. Yarışmaya hansı ölkədən gəlmələrinə baxmayaraq, hər kəsə mesajımız açıqdır. Xahiş edirik mənfiliklərə göz yummayasınız. Çalışın siyasi məhbusların ailələri, müxalifət üzvləri və evlərindən zorla çıxarılan insanlarla görüşəsiniz”.
Cənab Cəfərov bəzi iştirakçıların dəstək olmağa söz verdiklərini bildirir. O, düşünür ki, bu hakimiyyət üçün “səhnə sürprizi” olacaq.
“Eurovison” təşkilatçısı isə yarışmanın siyasətlə əlaqəli olduğunu saymır. Siyasi fəallar isə iddia edir ki, hakimiyyət özü Əliyevin xanımı Mehriban Əliyevanı “Eurovision”a hazırlıq komitəsinin sədri etməklə yarışmanı siyasiləşdirib. O, hakim partiyadan Milli Məclisin üzvü və ölkənin ən qüdrətli adamlarından biridir. “Bizi yarışmanı siyasiləşdirməkdə ittiham edirlər, ancaq birinci ledinin daim televiziyada təbliğ olunması gülünc görünür” – Cəfərov belə deyir. Hakimiyyət və “Eurovision”u bağlayan tək halqa Mehriban Əliyeva deyil. Gənc pop ulduz, prezidentin kürəkəni yarışmanın açılış mərasimində çıxış edəcək.
Çoxsaylı araşdırmalar Azərbaycanın yüksək səlahiyyətli məmurlarını korrupsiya faktlarında ittiham edir. Onlardan biri də Əliyevin 11 yaşlı oğluna Dubayda 30 milyon funta alınan villadır. Prezident Administrasiyasının məmurları bu ittihamları şərh etməkdən çəkindilər. Bakının idarəçi sinfi üçün evlərinin dağıdılması ilə bağlı heç bir təhlükə yoxdur. Idrak Abbasov deyir ki, hakimiyyətin xaricdəki mülkiyyətini itirmək qorxusu insanlarla normal davranışın katalizatoru ola bilər: “Əgər Qərb tərəfindən hakim klana real təzyiqlər olarsa, onlar qorxarlar. Əgər Avropa banklarında saxladıqları milyonlara və villalar itirmək təhlükəsi olarsa, onlar bir daha düşünərlər”.
“Yarışmanın keçirildiyi səhnədə çıxış edən iştirakçıların hər hansı birindən bunun sadə bir konkurs deyil, Avropa üçün dəyərlər toplusu olduğunu eşitmək əla olardı” – deyə Xədicə Ismayılova bildirir.