Rza İbadov hakimiyyəti şantaj edir?

Eks-deputat müsahibəsində nələrin mesajını verdi?

Bakı şəhər Baş Polis Idarəsinin Rza Ibadovun axtarışını davam etdirməsi barədə yayılan xəbər Londonda yaşayan eks-deputatı dilə gətirdi. Rza Ibadəovun bu məsələ ilə bağlı müsahibəsi dünənki mətbuatın səhifələrini bəzədi.
Eks-deputat müsahibəsindən açıq-aydan hiss olunurdu ki, o, Azərbaycandakı rəqiblərini şantaj etməklə susdurmağa çalışır. Məsələn o deyir: “Oturmuşam, oturduğum yerimdə. Yoxsa elə şeylər danışaram ki, onlar bir gün də otura bilməzlər yerlərində. Mənim bildiklərimi Azərbaycanda çox az adam bilir. Məni burda Londonda dindirməsinlər. Bax orda özlərini böyük adam kimi hiss edənlər haqqında elə şeylər deyərəm ki, bomba kimi partalayar. Bir də millətin içinə çıxa bilməzələr”. Əlbəttə ki, Rza Ibadov kifayət qədər məlumatlı şəxsdir və hakimiyyət barədə bir çox ifşaedici faktlar açıqlaya bilər. Lakin görünür, bu hələ Rza Ibadova lazım deyil. O, bildiklərindən yalnız təhdid vasitəsi kimi istifadə etməklə hakimiyyətin ona qarşı münasibətini dəyişməyə çalışır. Bu baş verməyəcəyi təqdirdə mümkündür ki, eks-deputat “WikiLeaks” effekti yaradan açıqlamalarla çıxış etsin.  
Rza Ibadov hətta Ilham Əliyevi də şantaj edir: “Sizə bir fakt deyim. Bir-iki il əvvəl dünyanın ən böyük nəşriyyatlarından biri mənə müraciət elədi. Dedilər ki, Heydər Əliyev və Ilham Əliyevlə bağlı bir kitab yaz. Yüksək qonarar da təkliif etdilər. Çox yüksək qonarar. Dedilər ki, bütün bildiklərimi, gördüklərimi, eşitdiklərimi yazmalıyam.  Mən imtina etdim. Ömrü böyu belə şeylərə getmərəm. Milyon da versələr. Mən o insanlara olan münasibətimi heç nəyə satmaram. Mənim burda qəzetlərdə çıxış eləmək, danışmaq imkanlarım var. Amma ömrü boyu bunu etmərəm. Qoy o adamlar otursunlar yerlərində…”. Rza Ibadovu Ilham Əliyevə açıq mesaj verir: Əgər “o adamlar” yerinə oturmasalar o, hətta Əliyevlər ailəsi barədə kitab da yaza bilər. Təbii ki, bu kitab Əliyevlərin mənfiliklərindən bəhs edəcək. Hər halda Rza Ibadov ona edilən təklifdən imtina edibsə deməli, eks-deputatdan Heydər və Ilham Əliyevlər haqqında ifşaedici kitab yazmaq istənilib. Burada bir incə məqamı da xüsusi qeyd etmək lazımdır. Ingəltərədə Rza Ibadova Heydər və Ilham Əliyevlər barədə tənqidi kitab yazmaq təklif olunubsa, bu Qərbdə Əliyevlərə münasibətin tamamilə dəyişdiyinin göstəricisidir.
Rza Ibadovun müsahibəsində bir maraqlı məqam da var. Eks-deputat deyir ki, bu gün Heydər və Ilham Əliyevləri mədh edənlər sabah bir şey baş verərsə, siçovul qaçan kimi qaçacaqlar. Yuxarıda qeyd etdik ki, Rza Ibadov kifayət qədər məlumatlı şəxsdir. Görünür, o, hakimiyyətdəki duruma bələddir. Və bu gün məğlubedilməz kimi görünən məmurların əslində ağciyər olduğuna işarə vurur. Biz illərlə yazırıq ki, üzdə güclü görünən, daha doğrusu özünü güclü, məğlubedilməz kimi göstərən hakimiyyət əslində çox zəifdir. Və bircə təkan bu hakimiyyətin tarixi arxivinə göndərilməsinə bəs edər.

Azad