500 milyon dollarlıq dəyəri olan şirkət qəpik-quruşa özəlləşdirilib
Azadlıq Radiosunun əməkdaşı Xədicə Ismayılova “Baku Crystal Hall”ın sirləri” adlı son araşdırması ilə “Eurovison” musiqi yarışması üçün nəzərdə tutulan arenanın tikintisində iştirak edən şirkətlərdən “AZENCO”nun prezidentin ailəsinə məxsus olduğunu üzə çıxardı. Araşdırmada qeyd edilirdi ki, rəsmi məlumatlara görə, “AZENCO” MMC-nin payının 97,5 faizinin sahibi “Interenerji” şirkətidir.”Interenerci”nin əsas – 70 faizlik payının sahibi isə “Ador” MMC-dir. “Ador” MMC Bakıda Səməd Vurğun küçəsi 7 ünvanında qeydiyyatdan keçib. Həmin ünvanda isə prezidentin ailə üzvləri – Mehriban Arif qızı Əliyeva, Leyla Ilham qızı Əliyeva, Arzu Ilham qızı Əliyeva qeydiyyatdadır.
Bu isə “AZENCO”nun prezident ailəsinə məxsus olduğu deməkdir. Iri dövlət layihələri də məhz bu baxımdan adıçəkilən şirkətə verilir. Bu sırada Dövlət Bayrağı Meydanını adını qeyd etmək olar. Bundan başqa bəlli olub ki, “AZENCO” 17 zavodu özündə birləşdirən Sumqayıt Texnologiyalar Parkın da sahibidir. Bu fakt Vergilər Nazirliyinin 6 aprel 2012-ci il məlumatında qeyd edilib.
Bəs prezidentin ailəsi “Azenko”nu necə ələ keçirib?
Hələ bir neçə ilə əvvəl “Turan” informasiya agentliyi belə bir məlumat yaymışdı ki, “Interenerji” “AZENCO” ASC-ni qəpik quruşa alıb. Müqaviləyə əsasən “Interenerji” MMC “AZENCO”nun səhmləri üçün dövlət büdcəsinə 6,4 milyon manat köçürəcək. Halbuki “AZENCO”nun xüsusi kapitalı 500 milyon dollar təşkil edib.
“AZENCO” 2008-ci ilə qədər “Azərenerji”nin tərkibində “Azerenerjitikinti” MMC adıyla fəaliyyət göstərib. “Azərenerji”nin tərkibindəki bu strukturu birbaşa özələşdirmək bir qədər problemli olub. Ona görə də 2008-ci ildə şirkətin hüquqi statusu dəyişdirilib. Dövlət Əmlakının Idarəetməsinə dair Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə müvafiq olaraq şirkət “AZENCO” Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra investisiya müsabiqəsinə çıxarılıb. 23 dekabr 2009-cu ildə “Interenerji” “AZENCO” şirkətinin 97.5 faiz həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunub. Yuxarıda qeyd etdiyimiz kimi “Interenerji” 500 milyon dəyərində olan “AZENCO” üçün dövlət büdcəsinə 6,4 milyon manat pul köçürüb.
“Interenerci” MMC-nin qələbəsi hələ 23 dekabr 2009-cu ildə məlum olsa da, Əəməklak Məsələləri Üzrə Dövlət Komitəsi barədə 12 fevral 2010-cu ildə məlumat verib.
Bu yerdə qeyd edək ki, “Interenerji” MMC investisiya müsabiqəsində daha bir müəssisəni – Balakən kiçik su elektrik stansiyasını da özəlləşdirib. Deməli, artıq bu su elektrik stansiyası da hakim ailəyə məxsusdur. Şirkət həmçinin “Azerenerji”nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir. Qeyd edək ki, sayğac quraşdırılmasında milyonlar vəsaitin qaranlıq məqsədlərə xərclənməsi barədə iqtisadçı ekspertlər dəfələrlə danışıblar. Ona görə də təkrarçılağa ehtiyac duymuruq. Sadəcə onu qeyd edək ki, bu fakt “sayğac korrupsiya”sının arxasında da hakim ailənin dayandığını göstərir.
Informasiya şöbəsi